Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Rusiya Laçın yolunda sərhəd-buraxılış məntəqəmizin qoyulmasından sonra general-polkovnik Aleksandr Lentsovu bölgəyə göndərdi. Məlumata görə, general durumu əvvəlki formasına qaytarmağa çalışır, Rusiya rəsmisi Mariya Zaxarova bunu açıq şəkildə bildirdi. Sizcə, Rusiya bu səylərində nəyə nail olacaq?
- Rusiya təzyiqi davam etdirəcək. Amma bu avantüraları heç bir nəticə verməyəcək. Sərhəd-buraxılış məntəqəsindən güzəştə gedilməsi, maraqlarımıza uyğun deyil, bu, İkinci Qarabağ Müharibəsinin haqlı nəticələrinə kölgə sala bilər. Ona görə də, Rusiyanın arzu və istəkləri yerinə yetirilməyəcək.
Qərbin Rusiyaya təzyiqləri də artır. Son günlərdə Rusiyanı şirnikləndirən Ermənistana da Qərbin təzyiqlərinin artdığını da görürük. Üstəgəl, xarici işlər nazirlərinin Rusiyada keçirilməsi planlaşdırılan görüşü də yavaş-yavaş gündəmdən çıxmağa başlayıb. ABŞ nazirlərin görüşünün Vaşinqtonda keçirilməsi üçün ciddi şəkildə çalışır. Bununla əlaqədar Qərbdən son zamanlarda yenidən Rusiya ilə əlaqələrini genişləndirən Ermənistana ciddi təzyiqlər var. Vaşinqton çalışır ki, mayın sonlarına qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini ya paraflasın, ya da imzalanmasına nail olsun. İmza məsələsi daha çox gündəmdədir.
- Bu, ABŞ-ın nəyinə lazımdır?
- Əsas hədəf Rusiyanın Cənubi Qafqazdan çıxarılmasıdır. Rusiya həqiqətən də bölgəni qatıb-qarışdırmaqda davam edir, sülh yolunda ən ciddi əngələ çevrilib. Hətta Qərbin özü də sərhəd-buraxılış məntəqəsinə etiraz etmir. Açıq da olmasa, Rusiya Qərbin bu yöndəki etirazlarına qarşıdır.
Yeri gəlmişkən, artıq Azərbaycan Laçın yolunun başlanğıcında gömrük məntəqəsinin açılmasına da nail olub. Bir sözlə, ərazilərin və sərhədlərin toxunulmazlığının mühüm atributları olan sərhəd-keçid və gömrük yoxlama məntəqələrinin qurulması, zənnimcə, dəyişməz və qəti bir mövqedir. Burada beynəlxalq hüquqa və normalara zidd heç nə yoxdur. Heç kim bu məsələni beynəlxalq təşkilatlarda gündəmə çevirə bilməz. Bəzilərinin bununla bağlı boşboğazlıq etməsinə baxmayaraq, Azərbaycanın addımları qətidir. Sərhəddəki status-kvo dəyişdirilməyəcək. Azərbaycan bu istiqamətdəki addımlara qəti cavab verəcək.
- ABŞ-ın Ermənistana artan təzyiqlərinə diqqət çəkdiniz. Bu təzyiqi niyə edir?
- Hazırda Ermənistanın oynadığı rol, yenidən Rusiya ilə flört etmək meyli Qərbə aydındır. Məlum olub ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların pozulmasında digər dövlətlərlə müqayisədə Ermənistan birinci yerdədir.
2020-ci illə müqayisədə Ermənistandan Rusiyaya göndərilən malların həcmi 5-6 dəfə artıb. Ermənistan bu müddətdə yeni fabrik və zavod inşa etməyib. Ermənistanda istehsal sahələri az qala yox dərəcəsindədir. Demək ki, Ermənistan Rusiyaya lazım olan malları Qərb və digər dövlətlərdən sifariş edərək, federasiyaya ötürür.
2020-ci illə müqayisədə Rusiyadan Ermənistana maliyyə vəsaitlərinin göndərilməsi 7 dəfədən çox artıb. Haqlı olaraq bir sual yaranır ki, Rusiyadan Ermənistana bu qədər vəsait hansı məqsədlə göndərilir? Çox güman ki, yeni müəssisələr və istehsal sahələri yaratmaq məqsədi daşımır. Sadəcə olaraq, Rusiyanın Qərb ölkələri ilə maliyyə-kredit əməliyyatları Ermənistan bankları üzərindən həyata keçirilir. Bunun müqabilində Ermənistan bankları öz faizlərini götürürlər, qalan vəsaitlər isə Rusiyaya lazım olan malların əldə edilməsinə xərclənir.
Qərb görür ki, Ermənistan açıq şəkildə anti-Qərb və Rusiyapərəst mövqe tutur. Bu səbəbdən də Ermənistanı Rusiyanın altından çıxarmaq üçün intensiv cəhdlər edilir. Fransa xarici işlər nazirinin bölgə dövlətlərinə səfərinin əsas məzmununda dayanan məsələlərdən biri də budur. Eləcə də Ermənistanı sülhə təhrik etmək və yönəltmək. ABŞ isə öz sözünü təzyiq formasında Ermənistana çatdırır.
Bəli, Qərb açıq deməsə də, Rusiyanın bölgədə oynadığı destruktiv oyunu yaxşı görür. Rusiyanın bölgədən vurulub çıxarılması üçün maksimum səylər göstərməyə başlayıb.
- Bəs sülh prosesi kimin paytaxtında davam edəcək?
- Zənnimcə, bunun davamı Vaşinqtonda ola bilər. ABŞ-ın bu prosesi öz himayəsinə götürməsi ehtimalı yüksəkdir. Yaxın iki-üç ay ərzində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Hesab edirəm ki, Azərbaycan tərəfindən Fransa xarici işlər nazirinə bu cür təminat verilib.
- Qarabağla bağlı məsələ necə olacaq?
- İndi sülh müqaviləsinin imzalanması ön plandadır, xüsusilə Qərb bu məsələni irəli çəkir. Qarabağ məsələsini də Azərbaycanın daxili işi hesab edərək, bunun beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsini söyləməkdən o tərəfə keçmirlər.
General Lenstsovun Qarabağa göndərilməsi, Mariya Zaxarovanın mesajları imperialist dövlətin son çırpıntılarıdır, onlar öz məqsədlərinə nail ola bilməyəcəklər.
- Yəni Rusiyanı sıxışdıran Qərbin oyuna daxil olması Azərbaycanın maraqlarına uyğundur? Zaman-zaman Qərbdən də Qarabağla əlaqəli bizim üçün qəbuledilməz mesajların verildiyini görürük.
- Mən Qərbi ideallaşdırmıram. Amma Qərbin Rusiya ilə müqayisədə daha mütərəqqi rol oynaya biləcəyi qənaətindəyəm. Bu prosesdə Fransanı görə bilmirəm, o istisnadır. Amma ABŞ və Avropa Birliyinin timsalında prosesin hüquqi müstəvidə beynəlxalq normalara uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həyata keçiriləcəyinə inanıram.