29 May 2023 19:58
8 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyevin Laçında yerli sakinlərlə görüşündə kifayət qədər məzmunlu və vacib mesajlar səsləndirildi. Qaçqın və məcburi köçkünlər, ümumuyyətlə Azərbaycan xalqı və dostlarımız üçün sevindirici ismarışların şahidi olduq. Eyni zamanda Prezidentin çıxışı həm də Ermənistan və Qarabağdakı ermənilər üçün ciddi xəbərdarlıqlarla yadda qaldı”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, cənab Prezident heç vaxt reallaşdıra bilməyəcəyi məsələlər ətrafında fikirlər səsləndirmir və yaxud da səsləndirdiyi hər bir plan, proqramı mütləq şəkildə həyata keçirir: “Laçında Ali Baş Komandan separatçılara və onlara havadarlarına xəbərdarlıq etdi. Bildirdi ki, bu gün Azərbaycan ərazisi olan Xankəndidə separatçı rejim yaradanlar və onlara dəstək verənlər anlamalıdırlar ki, oyuncaq bir təşkilatın, dərnəyin mövcudluğuna göz yuma bilmərik. Oyuncaq təşkilatlar, özlərini kukla kimi aparanlar Azərbaycana heç bir təsir, təzyiq göstərə bilməz”.

R.Alıyev qeyd etdi ki, 10 noyabr bəyanatından sonra cəmiyyətdə Xocalı, Əsgəran, Xankəndi ilə bağlı müəyyən narahatlıqlar qalmışdı: “Hətta opponentlər bundan piar kimi istifadə edərək “Gördünüz, Xankəndini ala bilmədilər” kimi ittihamlar səsləndirirdilər. Cənab Prezident Laçında Xankəndi ilə bağlı çox açıq danışdı. Bildirdi ki, orada yaşayan ermənilərə şans vermişik, onları bağışlaya bilərik. Bir şərtlə ki, Azərbaycanla dialoq qursunlar, vətəndaşlığımızı qəbul etsinlər. Oradakı cinayətkarlar məsuliyyətə cəlb olunsunlar. Əgər Xankəndidəki ermənilər Bakının təkliflərini qəbul edib dialoqa gəlmirlərsə, onda biz özümüz hansı addımların atılacağına qərar verəcəyik. Xankəndidəki ermənilər bir gün ayılıb görəcəklər ki, başlarının üzərində Azərbaycan bayrağı dalğalanır, şəhərdə Azərbaycan polisi xidməti vəzifəsini yerinə yetirir. Prezidentin Laçındakı çıxışından sonra bizim Xocalıya, Əsgərana, Xankəndiyə qayıdacağımıza heç bir şübhə yeri qalmadı”.

Politoloqun sözlərinə görə, bu gün Ermənistanda siyasi böhran yaşanır: “İrəvanda siyasi gərginlik günbəgün artır. Mərkəzi hakimiyyətə qarşı etirazlar çoxalır. Ordu Baş nazirin əmrlərinə tabe olmur, hərbçilər özlərini, az qala, terrorçu kimi aparırlar. Ona görə də, biz sərhədlərin delimitasiya məsələsində israrlılıq göstəririk. Cənab Prezidentin də qeyd etdiyi kimi, əgər Ermənistan sərhədlərin delimitasiyasını aparmayacaqsa, o zaman biz özümüz müəyyən edəcəyik ki, harada dayanmaq lazımdır. Paşinyan bu gün hələ də Azərbaycanla hansısa tələb, şərt formasında danışmağa cəhd edir. Vaxtilə “Qarabağ Ermənistandır, nöqtə” deyən Paşinyan bu gün “Qarabağ Azərbaycandır” deyirsə, sabah başqa güzəşt tələblərindən də imtina etməli olacaq. O, nahaq yerə elə zənn edir ki, 10 noyabr bəyanatı Azərbaycanın əl-qolunu bağlayır. Dövlətimiz zərurət yarandıqda, daha kəskin addımlar atacaq. Bu gün Ermənistan, Qarabağ erməniləri və onların havadarları cənab Prezidentin mesajlarını, xəbərdarlıqlarını təkrar-təkrar dinləməlidirlər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər