Azərbaycanla İsrail arasında əlaqələr uğurla inkişaf edir. İsrailin Prezidenti İsxak Hersoqun ölkəmizə səfəri dövlətlərimizin münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin göstəricisidr.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycanın xarici siyasətində İsrail dövləti ilə əlaqələrin inkişafı mühüm yer tutur: “Ötən illər ərzində bu münasibətlər dinamik şəkildə inkişaf edib. Son illər isə bu dinamika əhəmiyyətli dərəcədə artıb. Bunun nəticəsidir ki, ötən ilin sonlarında Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qərar qəbul olunub. Bu ilin əvvəlində isə səfirimiz həmin ölkədə rəsmən fəalyyətə başlayıb”.
Millət vəkilinə görə, İsrail prezidentinin ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələri daha da gücləndirəcək:
“Prezidentlərin mətbuata bəyanatlarında dövlətimizin başçısının dediyi kimi “ölkələrimiz arasında çox fəal siyasi dialoq var. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq... Nisbətən yeni əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmasların başlanılmasına çox şadıq. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq”. Ölkələrimiz həmçinin müdafiə sənayesi sahəsində də fəal əməkdaşlıq edir. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir texnikalarından istifadə edərək müdafiə qabiliyyətini artırır. İsrail prezidenti İsxak Hersoq isə bizim əlaqələrimizin dərin köklərinin olduğunu vurğulayıb: “Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi və yəhudi icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır”.
Sevinc Fətəliyeva hesab edir ki, İsrail prezidentinin ölkəmizə səfəri münasibətlərimizin inkişafında yeni səhifə açır. Bu, hər iki dost ölkə üçün faydalıdır”.