28 İyul 2023 13:49
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin Laçın yolu ilə bağlı verdiyi bəyanat təəccüb və təəssüf doğurur. O, Azərbaycanı Laçın yolunu bağlamaqda ittiham edir. Avropa İttifaqı rəsmisinin bu fikri qurumun rəsmi mövqeyi ilə kökündən ziddiyyət təşkil edir. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan öz ərazisində yaşayan erməni sakinlərin problemlərinin həlli ilə bağlı göstərdiyi səyləri dəstəkləyir. Ağdam-Əsgəran yolu ilə humanitar məsələlərin həll edilməsi təklifinə müsbət yanaşdığını bəyan edir.

Bunu Teleqraf.com-a Milli məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun fikrincə, belə olan halda Cozef Borrelin yalançı və təxribatçı təbliğata söykənərək bəyanat verməsi reallıqdan tamamilə uzaqdır:

“Laçın yolu bağlanmayıb. Bu yol Azərbaycanın ərazi və sərhəd bütövlüyünü təmin edən bir faktordur. Laçın yolunun girişində qurulmuş sərhəd-buraxılış məntəqəsi Azərbaycanın ərazi və sərhəd bütövlüyünü təmin edir. Çünki heç bir ölkə, o cümlədən, Azərbaycan ərazisinə nəzarətsiz gediş-gəlişə, həmçinin ərazisində hansısa bir qanunsuz silahlı birləşmənin olmasına razı ola bilməz”.

Millət vəkili hesab edir ki, Azərbaycan 23 aprel tarixində sərhəd-buraxılış məntəqəsi qurmaqla özünün dövlətçiliyini daha da möhkəmləndirdi:

“Azərbaycanın bu addımına qarşı Ermənistan tərəfindən təxribatlar durmadan artdı. Buraxılış məntəqəsinin atəşə tutulması, buradan Ermənistanın sui-istifadə etmək cəhdi, Beynəlxalq Qızıl Xaç Komitəsinin emblemindən istifadə edərək ermənilərin qanunsuz daşımalarla məşğul olması ortada olan faktlardır”.

Aydın Mirzəzadə bildirib ki, Ermənistanın Azərbaycanla razılaşdırmadan ölkəmizin ərazisinə humanitar yardım karvanı göndərməsi daxili işlərimizə müdaxilə, suverenliyimizin pozulması deməkdir:

“Dünyanın heç bir yerində, o cümlədən, Avropada kimsə onun ölkəsi ilə bu cür davranışla razılaşa bilməz. Bu mənada Cozef Borrel hər iki tərəfin mövqeyini öyrənməkdənsə, vəziyyətlə real tanış olmaqdansa, yolun guya bağlanması ilə bağlı bəyanat verməsi heç də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xidmət etmir. Ümid edirik ki, Avropa İttifaqının rəsmiləri bundan sonra ilk növbədə təmsil etdikləri təşkilatın rəsmi mövqeyindən çıxış edəcəklər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər