15 Avqust 2023 15:24
1 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Yeganə Hacıyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bir neçə gün əvvələ qədər sülhdən və bu prosesdə irəliləyişdən, indi isə Ermənistanın sərhəddə canlı qüvvə və hərbi texnika toplamasından, yəni toqquşma ehtimalından danışılır. Sizcə, vəziyyət niyə birdən-birə bu yerə gəlib çıxdı?

- Bəli, bir neçə gün əvvələ qədər sülhə hazırlıq gedirdi. Bəs bölgədə sülh hamının marağına cavab verirmi? Bu sualın cavabının yarısı bəllidir, yarısı yox. Söhbət mövcud güclər balansından, 44 günlük müharibədən sonra formalaşdırdığımız şərtlərdən gedir. Burda da maraqlarını və nüfuzunu itirdiyini düşünən qüvvələr həmişə var. İndi həmin qüvvələr Cənubi Qafqaz uğrunda mübarizəyə başlayıblar.

Hazırda baş verənləri Ermənistan və Azərbaycan arasında növbəti gərginlik və eskalasiya kimi dəyərləndirmək lazım deyil. Bu gərginlik daha geniş məsələdir. Çünki məsələ aktiv şəkildə BMT Təhlükəsizlik Şurası müstəvisinə çıxarılmağa çalışılır. Ora təqdim olunan “sənəd”in erməni dezinformasiyası və manipulyasiyasından ibarət olması ayrı mövzudur. Amma bu halda belə məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa təşviq edən qüvvələr var. Burada təkcə Fransa deyil, başqaları da mövcuddur.

Niyə belə olduğuna gəlincə, mövcud situasiyada maraqlarının zədələndiyini düşünən qüvvələr bölgədə “yeni şərtlər” formalaşdırmağa çalışırlar. Fransanın adını ona görə xüsusi olaraq çəkdim ki, son illərdə və aylarda bir sıra bölgələrdə gedən proseslər onun əleyhinə çevrilib. Bu və digər səbəblərdən də, Cənubi Qafqazda ölüm-qalım mübarizəsinə girişib. Bu mənada təkcə Fransanın yox, Rusiyanın da adını çəkmək lazımdır.

Rusiya bu mərhələdə iki cəbhədə oynayır. Fransa isə sırf erməni cəbhəsində yer alır. Bu da o deməkdir ki, region uğrunda mübarizə ölüm-qalım mərhələsinə keçib. Hazırda Fransanın Cənubi Qafqazla bağlı addımları onun öz daxildəki proseslərdən qaynaqlanır. Bu da Fransa hakimiyyətini hər yola əl atmağa məcbur edir. Çünki içəridə dəstəyini itirmək istəmədiyi erməni lobbisi və sair məsələlər var.

- BMT Təhlükəsizlik Şurasının Laçın yolu ilə bağlı keçiriləcək “təcili iclası”ndan gözləntiniz necədir?

- Beynəlxalq Ədalət Məhkəməsinin keçmiş prokurorunun (Luis Moreno Okampo) “rəy”i ilə Ermənistanın BMT Təhlükəsizlik Şurasına ünvanladığı bu müraciət və keçiriləcək iclas onlar üçün uğurlu olmayacaq. Çünki Beynəlxalq Ədalət Məhkəməsinin bundan əvvəl Ermənistanın müraciəti ilə bağlı fikirləri vardı. Beynəlxalq məhkəmə Ermənistanın vəsatətini rədd etmişdi.

Beynəlxalq Ədalət Məhkəməsi beynəlxalq hüquq çərçivəsində Azərbaycanın tanınmış ərazilərində Azərbaycan Konstitusiyasının şərtlərinin tətbiqini doğru hesab etmişdi. Ən doğru qərar budur. İndi belə bir durumda Beynəlxalq Ədalət Məhkəməsinin erməni lobbisinə yaxın keçmiş prokuroru nəyəsə əl atır. O, erməni lobbisinə kifayət qədər yaxın şəxsdir.

Sabiq prokuror öz ölkəsində - Argentinada keçmiş təhlükəsizlik naziri, milliyətcə erməni Leon Aslanyanın dostudur. Aslanyan da çirkli daşımalarda, xüsusən də Latın Amerikasında narkotik tranzitində adı keçən bir adamdır. Onun Argentina və Ermənistandakı areoportları aktiv şəkildə kokain daşımaqla məşğuldur, hesabatlara da düşüblər. Çirkli daşımalarda alternativ yollara ehtiyac yarandıqda bu areportlara üz tuturlar. Xocalı aeroportunun tikintisində də Aslanyanın şirkətinin adı keçib. Yəni bu adam belə birinin dostudur. Bu da sübut olunmuş faktdır. Bir sözlə, belə birinin “rəy”i heç nəyi dəyişməyəcək.

Azərbaycanın bir neçə gün öncə bu “rəy”lə bağlı müraciət etdiyi müstəqil hüquqşünas ilkin rəyini verib. Müstəqil Hüquq Palatasından Luis Moreno Okamponun “hesabat”ı ilə bağlı verilən rəy bizim uzun müddətdir dediklərimizi hüquqi anlamda tədiqləyir. Okamponun Ermənistan hakimiyətinin tezisləri əsasında hazırladığı “hesabat” emosional şantaj sənədidir. Bu, hüquqi sənəd sayıla bilməz. “Hesabat” başdan ayağa yalandır.

Bəs bunu BMT Təhlükəsizlik Şurasında kimlər müzakirə edəcək? Şurada beş daimi üzvlə yanaşı, on qeyri-daimi üzv də var. “Beşliyi” kənara qoyuram, bəs on qeyri-daimi üzvlər kimlərdir və onların Azərbaycanla münasibətləri necədir? Həmin ölkələrdən ikisi – Albaniya və Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın strateji tərəfdaşlarıdır. Yerdə qalan səkkiz ölkədən dördü isə bizimlə birlikdə Qoşulmama Hərəkatında təmsil olunur. Onlarla da kifayət qədər yaxşı münasibətlərimiz var. Bu ölkələr Azərbaycana qarşı yönəlmiş prosesin bir hissəsi olmayacaqlar. Yəni müzakirələr də ermənilərin xeyrinə deyil. Rusiya və Fransa da bilir ki, BMT Təhlükəsizlik Şurasında müzakirələrin onlar üçün bir uğurlu nəticəsi olmayacaq.

- Belədirsə, niyə bunu edirlər?

- Bunu ona görə edirlər ki, paralel proses aparırlar. Qarabağda azyaşlı uşaqlarla birlikdə səngərlər qazırlar, bunkerlər tikirlər, yəni faktiki olaraq müharibəyə hazırlaşırlar. Bunu “özünümüdafiə” adlandırırlar, amma belə deyil, görülən işlər müharibəyə hazırlıqdır.

İkincisi, Ermənistan Laçın istiqamətində sərhəddə canlı qüvvə və texnika toplayır, paralel olaraq, Laçın və Kəlbəcər yönündə atəşkəs tez-tez pozulur. Bir də Laçın istiqamətində - sərhəddə “Troya atları” var. Söhbət “humanitar yük” gətirən “Spayka” şirkətinin yük maşınlarından gedir. Həmin yük maşınlarının içində nələrin olması barədə heç kimin məlumatı yoxdur. Həmin maşınların içində ərzaq məhsullarının olduğuna inanmıram. Hər şey peykdən izlənilir.

Deyirlər ki, maşınlarda soyuducular var, ərzaq bu yolla saxlanılır. Həqiqətə uyğun deyil, bir maşında soyuducunu bir ay işlədəcək enerji hardandır? Demək, bunlar Fransanın son zamanlarda Ermənistana göndərdiyi silahlardır. Onlara bir an lazımdır ki, bunları istifadə etsinlər. Amma unudurlar ki, bunların hər birinin bir “Harop”luq canı var. Bunu da gözlərinə almalıdırlar.

Ermənistan və digərləri də bilirlər ki, bu səyləri uğursuz olacaq. Amma bunlar onlara lazımdır. İlk növbədə Nikol Paşinyana. Bununla göstərmək istəyir ki, müharibədə uduzub, amma təslim olmur, davam edir. Prosesdə daha çox erməni lobbisinin adı hallandırılsa da, Ermənistan da bunun içindədir.

Neçə vaxtdır Qarabağın “fələstinləşdirilməsi” istiqamətində iş aparılır. İsrail-Fələstin münaqişəsi də birdən-birə yaranmayıb, o konflikt də bu kimi amillər üzərindən başladılıb. Zamanla İsrail-Fələstin münaqişəsi müsəlman-xristian davasına çevrildi. Bu gün xristianlar bu münaqişədə İsraili dəstəkləyirlər. Yəhudi də olsa, onların peyğəmbərlərinin (İsa peyğəmbər) doğulduğu və ya xristianlığın yayıldığı yerlər uğrunda mübarizə apardıqlarını deyirlər.

İndi də burda da fransalı deputatlar “erməni xristian mədəniyyətinin dağılması” haqda təbliğat aparırlar. Halbuki bizim əsrlərdir qoruduğumuz alban xristian mədəniyyət nümunələrini görmürlər. Bunlar primitiv cəhdlərdir.

İndi üçtərəfli bəyanatdan danışırlarsa, bu anlaşmanın bütün bəndləri yerinə yetirilməlidir. Məsələn, erməni birləşmələrinin Qarabağdan çıxarılması nəzərdə tutan dördüncü bənd. Yetirəcəklərsə, lap yaxşı, yetirməyəcəklərsə, özlərini beynəlxalq rəyə sırımağa çalışdıqları “humanitar fəlakət”in arxasında gizlədə bilməyəcəklər.

Rusiyanın rolu da önəmlidir. Rusiya bilir ki, “Laçın dəhlizi” yoxdursa, rus sülhməramlıları da yoxdur. Rusiya məsələnin beynəlmiləlləşməsini istəmir. Çünki Ermənistanın müracətində “beynəlxalq sülhməramlı missiya”nın Qarabağa gətirilməsi istəyi də yer alır. Rusiya da bunu istəmir. İndi Rusiyanın nəyi edib, nəyi etməyəcəyini proqnozlaşdırmaq olmur. Bəlkə də bir il əvvəl proqnozlaşdırmaq olardı, amma indi yox. Çünki Rusiya daxili məsələlərə görə xarici siyasətində elə güzəştlərə gedib ki, sadəcə prosesi izləmək və özünə arxayın olmaq lazımdır.

- Ermənilərin müharibə hazırlığına diqqət çəkdiniz, sizcə, olacaqmı belə bir gəlişmə?

- Ermənistan müharibədə iştirak etmək istəmir. Ermənistan müharibəni sərhəddən Qarabağın içinə çəkməyə çalışır. Biz də buna getməyəcəyik. Antiterror əməliyyatları olacaq. Axırıncı terrorçu oradan çıxanadək antiterror əməliyyatları davam edəcək.

Təxminən son üç ilə yaxın müddətdə baş verənlərin xronologiyasına baxmaq lazımdır: Ermənistanın hər oyunu onun öz əleyhinə çevrilir. Bu dəfə də belə olacaq. Dünyada onların “humanitar fəlakət” oyunlarına inananlar var deyə, biz özümüzü təhlükəyə atmayacağıq. Otuz il nələr etdikləri göz önündədir.

- Rəsmi Bakı humanitar yüklərin daşınması ilə bağlı Ağdam-Xankəndi yolunu təklif edib. Bu təklif və ya tələb qəbul edilsə, prosesin gedişatına necə təsir göstərə bilər?

- Sonda Ağdam-Xankəndi yolundan istifadə edəcəklər. Etməyib, nə edəcəklər? Bir də Zəngəzur dəhlizi məsələsi var. İndi Ermənistan deyir ki, maddi imkanları yoxdur, ona görə Zəngəzur yolunun üzərinə düşən hissəsini çəkmir. Bu durumda Laçın yolunun funksionallığı da çox getməyəcək. Çünki qarşı tərəfdən də yol açılmalıdır. Qarşı tərəfdən yol açılmasa, belə şeylər təktərəfli olmayacaq. Ermənistan qəbul edəcəkmi? Əlbəttə edəcək.

Bəs burada nə dəyişəcək? Ermənistan tərəfindən Ağdam-Xankəndi yoluna yüklərin gətirilməsi dəmir yolu ilə reallaşacaq. Ermənistan baş naziri Brüsseldə buna razılıq verib. Bu, həmin dəmir yoludur. Fransa və Emmanuel Makron Avropa Birliyinin bu planlarını pozur. Bunu təkcə özü üçün yox, həm də Rusiya üçün edir. Yəni oyun müştərək oynanılır. Hələ dronları orada olan İranın adını çəkmirəm.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər