30 Aprel 23:58
3 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin Türkiyədəki səfiri İbrahim Əbilovla qardaş ölkənin qurucusu Mustafa Kamal Atatürk arasındakı münasibətlər tariximiz üçün olduqca maraqlıdır.

Əbilov 1921-ci ilin sentyabr ayında Türkiyəyə səfir təyin olunub. Atatürklə Sovet Rusiyasının yaxın münasibətləri Əbilovun timsalında Azərbaycana qarşı da sərgilənib. Nəticədə dövrün bir çox fotoşəkillərində Azərbaycan səfirini Mustafa Kamal paşanın yanında görürük.

Hətta bu gün hər iki dövlətdə geniş şəkildə istifadə edilən Atatürkün Azərbaycanla bağlı məşhur kəlamı da Əbilovun etimadnaməsinin qəbulu zamanı deyilib. Həmin cümlə tam şəkildə belədir: “Azəri türklərinin dərdləri öz dərdlərimiz və sevincləri öz sevinclərimiz kimi olduğu üçün diləklərinə çatmaları, azad və müstəqil olaraq yaşamaları bizi çox sevindirir”.

Digər maraqlı fakt Sovet Azərbaycanının bayrağının ucaldılması ilə bağlıdır. Belə ki, 1921-ci il noyabrın 18-də Ankaranın Cəbəci səmtində Hamamönü adlı yerdə Azərbaycan səfirliyinin binasına rəsmi törənlə Azərbaycan bayrağı qaldırılıb. Bu münasibətilə söylədiyi nitqində Atatürk belə deyib: “Bu gün bizə sevincli bir bayram yaşatdığınız üçün Böyük Millət Məclisi hökuməti və şəxsim namına təşəkkür edirəm. Bu bayram gününün mənim üçün məsud bir tərəfi daha vardır ki, o da müstəqil Azərbaycan Şura Hökumətinin bayrağını qaldırmaq şərəfini mənə bəxş etməsidir”.

Atatürkün 28 mart-4 aprel 1922-ci il tarixlərində Sivrihisar, Çay, Akşehir, Ilqın və Konyanı ehtiva edən cəbhə və cəbhəarxası ziyarət və təftişlərində Rusiya səfiri Aralov və Azərbaycan səfiri Əbilov onu müşayiət ediblər.

İbrahim Əbilovun Tamara xanımdan olan qızının adını da (Anadolu) Atatürk qoyub. Hətta Əbilovun 1923-cü ildə müəmmalı vəfatından sonra Atatürk Anadolunun onun yanında qalmasını, öz övladı kimi böyütmək istədiyini bildirib, lakin Tamara xanım buna razı olmayıb. Mustafa Kamal Əbilovun nəşini 200 il pozulmayacaq şəkildə mumyaladıb, öncə İzmirdən İstanbula, oradan isə gəmi ilə Batuma göndərib.

Türkiyənin “Vakit” qəzetinin 28 oktyabr 1946-cı il tarixli sayının “25 il öncəki Vakit” adlı rubrikasında isə olduqca maraqlı bir məlumat dərc olunub. 28 oktyabr 1921-ci il tarixinə aid bir xəbəri sütunlarına daşıyan qəzet “Azərbaycanın Mustafa Kamal paşaya hədiyyəsi” başlığı ilə bu bilgini verib: “Azərbaycan təmsilçisi İbrahim Əbilov bəy hökumətinin Mustafa Kamal paşaya göndərdiyi hədiyyəni şəxsən təqdim etmişdir. Hədiyyələr arasında çox qiymətli bir xalı, Qafqaz süvari əlbisəsinin altın naxışlı qismini təşkil edən bir qəmə, bir qırmanc, qızıl qayış fişəklik və sair vardır. Qəmənin üzərində qızılı oyma ilə bu ibarələr yazılıb: “Türkiyə inqilabının qəhrəmanı Mustafa Kamal paşa həzrətlərinə Azərbaycan kəndli və fəhlə hökuməti tərəfindən yadigardır”.

Bu maraqlı hədiyyə Anıtqəbirdə qorunmaqdadır.


Müəllif: Dilqəm Əhməd