"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zaur müəllim, Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığında Ağdam-Xankəndi, Laçın-Xankəndi yolu ətrafında baş verən məsələlər müzakirə edilib. Sizcə, ABŞ-ın proseslə bağlı ən yüksək səviyyədə bilgi alması nədən xəbər verir?
- ABŞ və Avropa İtitfaqında olan müxtəlif dairələr və şəxslər bölgədə yeni müharibənin alovlanması imkanları fonunda baş verənlərlə maraqlanırlar. Azərbaycan Prezidenti növbəti dəfə məsələ ilə bağlı aydın izah verib. Fakt odur ki, Azərbaycanın bölgədə baş verənlər fonunda yeni bir müharibə aparmaq fikri yoxdur. Azərbaycan bunun əksinə reinteqrasiyanın tərəfdarıdır. Amma separatçılar, reinteqrasiya və yolun açılmasına mümkün qədər mane olur. Onlar həmçinin Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə əngəl yaradır. Fakt odur ki, Qarabağda mövcud olan separatçıların rəhbəri Araik Arutunyanın istefasından sonra onun yerinə seçkilərin keçirilməsi ilə bağlı prosesə başlayıblar. Əslində bu məsələlərin heç biri olmamalıdır. Çünki separatçıların yeni seçki oyunu özlərinin təsdiqi kimi başa düşülə bilər. Bunun fonunda isə Qarabağda keçmiş hərbi canilərin və radikalların yenidən səhnəyə çıxması müşahidə edilir.
- Azərbaycanın bu proseslərə qarşı atacağı addımlar nədən ibarət ola bilər? Separatçıların bu addımına qarşı daha hansı təsirli tədbirlər görülməlidir?
- Qarabağ Azərbaycanın tərkib hissəsidir. Ona görə də, Azərbaycan burada separatizmin qalmasına göz yummaycaq. Avropa İttifaqının mərkəzində katalonların separatizminə qarşı atılmış addımları dünya ictimaiyyəti gördü. Halbuki onlar heç də silahlı müqavimət göstərmirdi və onlar üçün ikinci dövlət anlayışı mövcud deyildi. Bu baxımdan Qarabağda olan ermənilər digər etnik qruplarla yanaşı yaşaya bilər. Görünən odur ki, Emmanuel Makron və Nikol Paşinyan bir çox istiqamətlər üzrə tezislər əsasında iş aparır. Bu əslində onların “xilas naminə, azad olmaq” tezisidir. Sadəcə onlar hələlik burada hüquq və təhlükəsizlik kimi ifadələrdən istifadə edir. Söhbət guya ermənilərin hüquq və təhlükəsizliyindən gedir. Əslində isə 1980-ci ildə olduğu kimi hüquq və təhlükəsizlik prizmasından qarşı tərəf məsələyə siyasi don geyindirməklə məşğuldur.
- Belə olan halda Azərbaycanın anti-terror əməliyyatların başlamaq ehtimalını necə dəyərləndirirsiniz? Çünki separatçılar heç bir halda mövcud olduqları ölkənin qanunlarına tabe olmayacaqlarını bildirir...
- Azərbaycan istənilən vaxt bölgədə antiterror əməliyyatlarına başlaya bilər. Əməliyyatlar başladıqdan sonra beynəlxalq dairələrin Azərbaycana qarşı əks mövqeyi onların özünə ziyan olacaq. Bütün bunlara baxmayaraq MDB məkanında separatçılığın kökü kəsilməlidir. Azərbaycan bu mənada çox yaxşı bir örnək ola bilər. Ona görə də, Qərb proseslərə yanaşmada ikili standartlara yol verməməlidir. Amma təəssüf ki, Qərbin bəzi simaları anti-Azərbaycan mövqeyindən çıxış edir.
- Paşinyanın açıqlamaları Azərbaycanın daxilində separatizmin alovlanmasına xidmət edir. Belə olan halda Azərbaycanın davranışları necə olacaq?
- Bu açıq şəkildə Azərbaycana qarşı ərazi iddiasıdır. Burada Laçın keçid məntəqəsi ilə bağlı verilən açıqlamalar onların mövqeyinin maskalanmış formasıdır. Paşinyan unutmasın ki, hazırda iki ölkə arasında konkret sərhəd xətti yoxdur. Sərhəd xəttinin haradan keçəcəyi də bəlli deyil. Çünki tərəflər 1991-ci il sərhədlərinə qayıtmalı olsa burada bir sıra nüanslar müzakirə edilə bilər.
- 1991-ci ildə Ermənistanın legitim sərhəddə malik olması ilə bağlı hansı faktlar var?
- Əslində erməni tərəfi iddia etdiyi 1991-ciu ilin sərhəd xətti ilə Azərbaycanın 1920-ci il 28 aprel sərhədd xəttinin hansı parametrlərlə fərqləndiyinə aydınlıq gətirməlidir. Əgər Azərbaycan ərazisinə iddia edirlirsə, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyindən danışırlarsa, o zaman Qərbi Azərbaycanlıların hüquq və təhlükəsiliyindən, onların qayıdışından danışılmalıdır. Belə olan halda sərhəd xəttinin haradan keçəcəyi ilə bağlı konkret mövqe ortaya qoyulmaldır.
- İranın Azərbaycan-Ermənistan sərhəd xəttinin müəyyənləşməsindəki narahatlığı nə ilə bağlıdır.
- İran sərhədlərin dəyişdirlməməsi ilə bağlı müxtəlif bəyanatlar səsləndirir Amma İran unutmamalıdır ki, onların Ermənistanla heç vaxt sərhəddi olamyıb. İran-Ermənistan sərhəddi son 30 ildə mövcud olub. Ona görə də, son 30 ildəki hadisələrə üstünlük verərək tarixi yüz illərlə olan sərhəddi unutmaq olmaz. Münki artıq respublika formasını alımış azərbaycanlıların və ermənilərin o zamankı sərhədlərini unudaraq son 30 ilə nəzər salmaq reallıqdan tamamilə uzaqdır.