21 Dekabr 2023 09:05
4 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya müdafiə naziri Sergey Şoyqu iddia edir ki, rus sülhməramlıları “Qarabağda sülhün əsas təminatıçısı”dır. Üstəgəl, o, hərbçilərə Qarabağda sabitlik və sülhün qorunması tapşırığını verdiyini söylədi. Sizcə, rus nazirin bu açıqlamasının altında hansı niyyət gizlənir?

- Azərbaycanla Rusiya arasındakı anlaşmaya görə, sülhməramlılar 2025-ci ilin noyabrınadək Qarabağda qalmalıdır. Azərbaycan da öz imzasına sadiq olan dövlətlərdən biridir. Düşünürəm ki, prezident də o vaxta qədər bu məsələyə toxunmayacaq. İndi 2025-ci ildə nə baş verəcəyini görəcəyik.

Rusiya sülhməramlıları Azərbaycan ordusu antiterror tədbirləri görəndə də bizə mane olmadılar. Əgər hansısa dövlət milli maraqlarımıza maneə yaratmırsa, nədən həmin dövlətə “hücum” edək? Rusiya 44 günlük müharibə və bundan sonra keçirilən antiterror əməliyyatlarında da Azərbaycanın haqq işinə mane olmadı. Milli maraqlarımıza uyğun hərəkət edirlər.

Dünyanın harasında sülhməramlılar varsa, orada ya yerli xalqla, ya da hərbçilərlə qarşıdurma olur. Amma Rusiya sülhməramlıları üç ildir Qarabağdadır, bir dəfə də onlarla aramızda bir insident baş verməyib. Bir sözlə, rus sülhməramlılarının fəaliyyətləri Azərbaycanın milli maraqlarına zidd deyilsə, bunu müsbət qarşılamalıyıq və qarşılayırıq da.

- Rusiya Prezidenti Vladimir Putin deyir ki, Ermənistan Qarabağı tərk edib, onu Azərbaycan ərazisi kimi tanıyıb, bu zaman da Kremllə məsləhətləşməyib. Ermənistan Baş naziri Nikol Paşinyan da ona cavab verdi ki, Qarabağı ondan əvvəl Putin Azərbaycan ərazisi kimi tanıyıb. Sizcə, Putinin bu mesajı və Paşinyanın ona cavabının izahı necədir?

- Rusiya 2021-ci ilin iyulunda növbəti müddət üçün təhlükəsizlik konsepsiyasını dəyişdi. Rusiya konstitusiyasına görə hər 6 ildən bir təhlükəsizlik konsepsiyası dəyişir. Axırıncı konsepsiyada birmənalı şəkildə MDB dövlətlərinin maraqları nəzərə alınıb. Bundan əvvəl İkinci Qarabağ müharibəsi baş vermiş, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdi. Yəni Rusiya bundan sonra öz təhlükəsizlik strategiyasında dəyişiklik edib. Burada da MDB ölkələrinin ərazi bütövlüklərinin dəstəklənməsi məsələsi yer alır. Putin Qarabağı elə-belə Azərbaycan ərazi kimi tanımayıb.

Paşinyan da düz deyir. Amma Rusiya Azərbaycanın gündəmə gətirdiyi reallıqla hesablaşmalı oldu. Kimin nə deməsindən asılı olmayaraq, Qarabağ Azərbaycan ərazisidir, indi onlar da bu həqiqəti dilə gətirirlər, qeyri-adi heç nə yoxdur.

- Prezidentin köməkçisi Hikmət Hacıyev Britaniya baş nazirinin təhlükəsizlik məsələləri üzrə müşaviri Tim Barrou ilə görüşdü. Ümumiyyətlə, son zamanlarda Britaniyanın həm Azərbaycan, həm də Ermənistanla təmasları sıxlaşıb, bura Londondan hər iki ölkəyə artan səfərlər də daxildir. Britaniyanın artan fəallığı nəyə hesablanıb?

- Britaniya İkinci Qarabağ Müharibəsi zamanı da Azərbaycanın yanında olub. O dönəmdə Azərbaycanı dəstəkləyənlər sırasında Türkiyə, Pakistan və İsraillə yanaşı, Britaniya da vardı. Bunu unuda bilmərik.

Əlbəttə, onların da öz maraqları var. BP 1994-cü ildən burdadır. Adətən beynəlxalq, xüsusən də iqtisadi siyasətdə transmilli korporasiyalar çox önəmli rola malikdirlər. Ölkələrin daxili işlərinə qarışmasalar da, öz oyunlarını oynayırlar. Onlar üçün maraqlıdır ki, fəaliyyət göstərdikləri ölkələrdə və ya bölgədə sabitlik olsun.

İngiltərənin Cənubi Qafqaz siyasəti anqlo-saksların maraqlarına uyğun həyata keçirilir. Anqlo-sakslar istəməzlər ki, Cənubi Qafqazda bütövlükdə ya Rusiya, ya da yəhudi lobbisi hakim olsun. Buna görə də anqlo-sakslar öz maraqlarını ortaya qoyublar. Azərbaycan üçün fərqi yoxdur, milli maraqlarımıza zidd getməyən bütün dövlətlərlə münasibətlərimiz normaldır.

- Fransanın Paris və digər iri şəhərlərinin merləri bəyanat yayaraq, BMT-nin iqlim məsələsi ilə bağlı konfransının (COP29) Bakıda keçirilməsinə etiraz etdilər. Maraqlıdır ki, Fransadan fərqli olaraq, Ermənistan konfransın Azərbaycanda keçirilməsini dəstəkləyir. Belə olan halda Fransanın bu davranışını necə şərh etmək olar?

- Makron ağlını itirib. Fransanın keçmiş dövlət katibi iddia edir ki, Azərbaycan COP29-da çox mühüm addım atacaq. Fransadakılar əmindirlər ki, Bakıda keçiriləcək beynəlxalq forumda qəbul ediləcək qərarlar iqlim problemlərinin həllinə kömək edəcək.

Artıq BMT baş katibi Quterreş də elan edib ki, Bakıya gələcək. İlkin məlumata görə, dünyadan bura 100 minə qədər adam səfər edəcək. Bura elm adamları, siyasətçilər, dövlət başçıları, nazirlər, jurnalistlər daxildir. Yəni bu, elə-belə tədbir deyil, Azərbaycanın dünyaya verəcəyi yeni töhfə olacaq. Çünki indiyədək bu sahədə yalnız Kioto konvensiyası var. Çox dövlət bu konvensiyanı imzalamayıb. Yəqin Bakıda imzalanacaq sənəd ondan üstün olacaq ki, Fransada bu fikirdədirlər.

Fransanın belə bir forumun Azərbaycanda keçirilməsi ilə bağlı hansı fikirdə olması bizi maraqlandırmamalıdır. Çünki Makron da gedir, ondan sonra kimlərin hakimiyyətə gələcəyini bilmirik. Amma erməni lobbisinin orada da iflasa uğradığı göz önündədir. Çünki Fransada Azərbaycanla normal münasibətlərin tərəfdarı olan bütün siyasətçilər bunu alqışlayırlar.

Ermənistanın geri çəkilməsinə gəlincə, bəli, Paşinyan burada çox önəmli bir addım atdı. Bu, həm də sülh müqaviləsinin imzalanmasına doğru atılmış bir addımdır.

- Hindistan Ermənistana silah satışını davam etdirir. Artıq verilən silahların təkcə müdafiə yox, həm də hücum xarakterli olduğu üzə çıxır. Hindistan Ermənistan üçün sadəcə silah satıcısı qismində çıxış edir, ya başqa maraqları var? Hindistanı bölgəyə itələyənlər kimlərdir?

- Hindistanla bağlı seçim edən ABŞ-dir. Amerika Hindistanla Çinin yerini dəyişdirməyə çalışır. Bu, ABŞ-nin yeni xarici siyasət strategiyasında qeyd olunub. Uzun müddət Çini dəstəklədilər, Çin də inkişaf etdi. Vaşinqton gördü ki, həm Çinin ümumi daxili məhsulu (ÜDM) Amerikanı ötür, həm də Rusiyanın yanında yer alıb. İndi ABŞ-nin Ukraynaya münasibətinin dəyişməsinin də arxasında bu məsələ durur. Çünki Çini Rusiyanın yanında görmək istəmirlər, buna görə də Ukraynanı qurban verdilər. Putin Ukrayna müharibəsini siyasi cəhətdən uddu.

Hindistanın Ermənistana silah satmasına gəlincə, korun nəyi var, şilə versin? Hindistanın özü yaman gündədir. Hindistan problem həll edəndirsə, həm ərazicə, həm də əhalicə dəfələrlə böyük olduğu Pakistanla məsələsini çözsün. 1947-ci ildən bəri Kəşmir məsələsini həll edə bilmirlər, tez-tez gərginlik yaranır, ölümlər baş verir.

Hindistanın Çinlə də problemləri var. Ermənistana Rusiyadan aldığı köhnə silahları satır. Ermənistana verilən haubitsalar uzağı 50-100 kilometr vurur, sərhədə yaxınlaşanda Azərbaycan bunları bitirəcək. İstərdim ki, ağıllarını itirib Azərbaycana hücum edələr, biz də Zəngəzur və Göyçədən keçib Naxçıvanla birləşək, qurtarsın, ermənilərlə bu şeylərə birdəfəlik son qoyaq.

Hindistan bölgəyə girmək istəyir, amma bunun üçün nə siyasi gücü, nə də iradəsi var. ABŞ hindistanlıları Britaniya, Beynəlxalq Valyuta Fondu, “Microsoft” və digər beynəlxalq qurumlarda yerləşdirib, vaxtilə çinliləri yerləşdirmişdi. Çin də gücləndikdən sonra ABŞ-ni saymır. Hindistan da həmin addımı atacaq.

Hindistanın Ermənistan kimi partnyorunun olması gülməlidir. Bütün Ermənistan Hindistanın bir kəndi boydadır. Hindistanın özü nə gündədir ki, Ermənistana nə gün ağlasın?! Bizə niyə qəribə gəlir ki? Ermənilər Hindistandan gəlmiş qaraçı kökənlilərdir. Vaxtilə İran müdafiə edib bir kənara atdı, indi də Hindistan öz qaraçılarını müdafiə edir. Biz heç nə itirməyəcəyik.


Müəllif: Mənsur Rəğbətoğlu