19 Fevral 14:54
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Almaniya kansleri Olaf Şolzun təşəbbüsü ilə görüş baş tutdu. Daha sonra Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü keçirildi. Görüşün nəticəsi olaraq əldə edilən razılaşmalar müsbət qiymətləndirilir.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

“Təxminən yarım il müddətində danışıqlar prosesi dayanmışdı. Tərəflər arasında müəyyən gərginlik var idi. Bu müddətdə Azərbaycan ərazi bütövlüyü üzərində suverenliyini tam bərpa etdi. Qarabağda separatçı rejimə son qoyuldu. Bundan sonra Ermənistan və havadarları tərəfindən Azərbaycana beynəlxalq səviyyədə təzyiqlər başladıldı. Münasibətlərin bu məcrada inkişafı, son sərhəd təxribatı sülh prosesinə mənfi təsir göstərmişdi. Sülhlə bağlı artıq bədbin proqnozlar verilirdi”, - deyə o qeyd edib.

Politoloq hesab edir ki, Münxen görüşü Azərbaycanın sülh mövqeyini, Ermənistana hücum edəcəyi ilə bağlı yanaşmaları iflasa uğratdı:

“Azərbaycan bir daha sülhə olan münasibətini ortaya qoydu. Bölgədə sülhün, əməkdaşlığın yaranmasında maraqlı olduğunu nümayiş etdirdi. Bakının istəyi və tələbi ondan ibarətdir ki, proses ikitərəfli yəni, Azərbaycanla Ermənistan arasında aparılsın”.

Oqtay Qasımov Münxendə ikitərəfli formatda görüşdə iki istiqamətdə razılaşmanın əldə olunmasına diqqət çəkib:

“İlkin olaraq sülh danışıqlarının irəliyə aparılması ilə bağlı xarici İşlər nazirlərinə tapşırıqlar verildi. İkinci istiqamət kimi sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı delimitasiya komissiyalarının yaxın zamanlarda görüşməsi qərarlaşdırıldı. Ermənistana kənar təsirlər olmasa prosesi müəyyən qədər irəliyə aparmaq olar. Məlum Qranada görüşündən təxminən 4 aylıq fasilədən sonra tərəflər Münxendə və ABŞ, Brüssel və Moskvada danışıqlar aparıb. Proses müəyyən qədər irəliləmişdi. Ötən ilin iyulundan Fransanın müdaxiləsi nəticəsində Ermənistanın prosesdən kənarlaşması ilə hadisələrin istiqaməti fərqli məcraya yönəlmişdi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər