2 Mart 08:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bu reallıq martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bir daha səsləndirilib. İclaslarda toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkətin təmsil olunması bir daha onu deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürür. Bakıda keçirilən bu toplantıda aparılan müzakirələr gələcəkdə bu coğrafiyanın daha da genişlənəcəyinə əminlik formalaşır.

Millət vəkilinin sözlərinə görə, burada əsas məqam Şərqi Avropa ölkələrinin Azərbaycandan “mavi yanacaq” və “yaşıl enerji” idxal etmək imkanlarının geniş olmasından ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Məşvərət Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilib. Bu gün dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıq və yeni enerji layihələri dayanır. Statistik rəqəmlərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq bazara, əsasən də Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olunub. Prezident İlham Əliyev çıxışında da bildirdi ki, bizim təbii qaz ixracımız artır. Biz nəinki hasilatı, o cümlədən ixracı artıracağıq və onun coğrafiyasını genişləndiririk. Əminəm ki, bu gün layihəyə qoşulmuş ölkələr bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin biz digər interkonnektorlarla Avropada daha çox ölkəni layihəyə qoşa biləcəyik. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi layihəsini uğur hekayəsi adlandırıb.

Sevinc Fətəliyeva qeyd edib ki, proseslər Avropanın Azərbaycan qazına və “yaşıl enerjisinə” daha çox ehtiyacının olduğunu göstərir. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Dövlətimizin başçısının da vurğuladığı kimi, ölkəmiz yeni əməkdaşlıqlara hazırdır. Toplantıda Albaniyanın Baş naziri Edi Ramanın dediyi kimi, bu gün hamımız Cənub Qaz Dəhlizinin bir çoxlarının həyatını dəyişdirdiyinin şahidiyik və bu layihə Avropanı daha da təhlükəsiz etdi. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson isə vurğulayıb ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir və bu səbəbdən Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində işləyir. 2027-ci ilə qədər qaz ticarətinin iki dəfə artırılması nəzərdə tutulur.

“Bütün bunlarla yanaşı Azərbaycan alternativ enerji siyasətini gücləndirir, “Yaşıl enerji”yə böyük önəm verir. COP29-un bu il ölkəmizdə keçirilməsi də bunu təsdiqləyir. Prezident İlham Əliyevin toplantıda dediyi kimi, COP29-un Azərbaycanda təşkil edilməsi qərarı beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir. Bu il ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzində olacaq”,-deyə millət vəkili vurğulayıb.


Müəllif: Tapdıq Qurbanlı