6 Mart 09:14
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Fransa, Hindistan və İran Ermənistanı silahlandırır. Artıq Dehlinin İrəvana təkcə müdafiə yox, hücum silahları verəcəyi də məlum olub. Sülh müqaviləsinin imzalanmasının gündəmdə olduğu vaxtda bu dövlətlər nə etməyə çalışırlar, məqsədləri nədir?

- Bu dövlətlərin öz geosiyasi ambisiyalarının olduğunu istisna etmək olmaz. Bəllidir ki, bu addımlarını da həmin geosiyasi ambisiyalarına görə atırlar. Real siyasət də ritorikadan fərqlənir. Bu ölkələr Ermənistandan plasdarm kimi istifadə etmək istəyirlər.

Fransa bunu Azərbaycanla yanaşı, Türkiyəyə qarşı edir. Həmçinin bununla öz regional dayaqlarını möhkəmləndirməyə çalışır. “Regional dayaq” dedikdə, Yaxın Şərqi da bura aid etmək olar.

Hindistana gəlincə, onun da öz maraqları var. Hindistan bu addımları Azərbaycanla yanaşı, Pakistana qarşı atır. Hindistan formalaşan Türkiyə-Azərbaycan-Pakistan üçbucağı ilə bağlı düşünür ki, bu, Dehlinin regional ambisiyaları üçün də təhlükəlidir. Bu səbəblərdən bu cür addımlar atırlar.

Ermənistan bu prosesdə zəif bənd kimi çıxış edir. Ona görə də, bu siyasət Ermənistana lazımdır. Çünki Ermənistan öz gücü ilə hələ də qalan xəstə ambisiyalarını reallaşdıra bilmir və bunu digər güclərin vasitəsilə etmək istəyir.

- Xarici işlər naziri Sergey Lavrov Ermənistanı Rusiyanın düşmənləri ilə əməkdaşlıqda ittiham etdi. Reallıqda da İrəvanın Ermənistan ərazisinə cəlb etdiyi dövlətlərin Rusiyaya zidd maraqları var. İndi Ermənistanın üzləşdiyi bu qarışıq və mürəkkəb fon, eləcə də Rusiydan gələn xəbərdarlıqlar bu ölkəyə nə vəd edir?

- Əlbəttə, yaxşı bir şey vəd eləmir. Düzdür, Ermənistan indi “isti yer”dədir. Ermənistan Rusiya ilə sıx iqtisadi əlaqələrindən müəyyən imtiyazlar əldə edir. Bunu Lavrov da demişdi. İmtiyazlar da ondan ibarətdir ki, məsələn, Rusiya Ermənistana öz qazını kifayət qədər uzuz satır. Hələ ki, Rusiya bazarı Ermənistan malları üçün açıqdır. Ermənistanın əsas ixrac bazarı elə Rusiyadır. Ermənistan vətəndaşlarının əksəriyyəti Rusiyada yaşayır, işləyir və ölkələrinə pul göndərir. Ermənilərin Rusiyadan göndərdikləri pullar kifayət qədər böyükdür. Məsələn, ötən il bu rəqəm təxminən 4 milyard dollara bərabər olub. Təkcə Ermənistanın ÜDM-nün 17-20 faizi Rusiyadan göndərmələrin hesabına formalaşır.

Bütün bunlara baxmayaraq, Ermənistan rəhbərliyi Qərbə inteqrasiya etməyə çalışır. İndi Ermənistan Rusiya ilə münasibətlərini kəssə, bu nə demək olacaq? Bu o deməkdir ki, erməni ailələri parçalanacaq. Çünki erməni əhalisinin əksəriyyəti Rusiyada işləyir. Digər yandan, qazın qiyməti artacaq, ixrac potensialı azalacaq. Hazırda erməni əhalisi anti-Rusiya kursunu ürəklə dəstəkləyir, amma bunun əks tərəfini görmür. Əks tərəfini, bunun iqtisadi nəticələrini görsələr, bu kursu dəstəkləyəcəklərmi? Sadəcə çıxıb gedəcəklər, onsuz da gedirlər. İqtisadi problemlər bu köçü daha da sürətləndirəcək. Bu durum Rusiya üçün də sosial ağırlıq gətirəcək, çünki onların hamısını yerləşdirmək ıazım gələcək. Artıq Krasnodarda yer yoxdur, Moskva bazarlarında da yerlər məhduddur.

Ermənistan rəhbərliyinin bu kursun nəticələrini görüb-görmədiyini demək çətindir, amma erməni cəmiyyəti anlamır ki, Rusiya ilə əlaqələrin kəsilməsi nə vəd edir.

- Ermənistanın payıza qədər Avropa Birliyi üzvlüyünə namizəd statusu üçün Brüsselə müraciət edəcəyi bildirilir. Sizcə, bu baş verəcəkmi?

- Heç nəyi istisna etmək olmaz. Amma Ermənistan bunun üçün Avrasiya İqtisadi Birliyindən çıxmalıdr. Yeri gəlmişkən, hazırda bu birliyə sədrlik Ermənistandadır, amma bu, onun üçün şərt deyil. Bu addımı ata bilərlər, ancaq ağlasığmaz bir şeydir. Yenə deyirəm: bu ölkənin bazarı Rusiya ilə bağlıdır. İndi bunu necə reallaşdıracaqlarını demək çətindir, ola bilsin, Fransadan vədlər alıblar. Bu vədlərin kifayət edib-etmədiyi də məlum deyil.

Avropa Birliyinə bundan əvvəl inteqrasiya edən ölkələrə baxmaq lazımdır, Brüsselin sərt şərtləri var. Həmin şərtlərdən biri budur ki, üzv olmaq istəyən ölkələrdə istehsal olunan məhsullar, qanunvericilik, gömrük və digər sahələr Avropa standartlarına çatmalıdır. Məsələn, Gürcüstan bunu edir. Gürcüstanın Avropaya çıxışı və Qara dənizdə lazımi səviyyədə liman infrastrukturu da var. Yəni Gürcüstanda Avropa üçün vahid bazar elementləri mövcuddur. Gürcüstan illərdir həm hüquqi, həm qanunverici, həm də bazar mexanizmlərini bu standartlara uyğunlaşdırmağa çalışır. Ermənistan isə bunlardan heç birini etməyib.

Ermənistan Avropa standartlarına çatmaq üçün struktur dəyişikliklərinə getməlidir. Ermənistan ötən il Rusiyaya 7.5 milyard dollarlıq mal ixrac edib. Xarici ticarətin 45-47 faizi Rusiyanın payına düşür. Belə bir vəziyyətdə Rusiyadan qopmaq ağlasığmaz bir şey ola bilər. Amma hər şey gözləmək olar, çünki Paşinyan praqmatik siyasətçi deyil, emosional hislərlə addımlar atır.

- Türkiyə rəsmiləri Antalya Diplomatiya Forumunda Zəngəzur dəhlizinə xüsusi statusun verilməsi təklifini verdilər. Söhbət Kalininqrad modelindən gedir. Uzun müddətdir gündəmdə olan bu modelin mahiyyəti nədən ibarətdir?

- Kalininqrad modeli odur ki, sərnişin və malların daşınmalarında güzəştlər tətbiq olunur. Müəyyən kateqoriyalara aid olan mallarla bağlı ümumiyyətlə rüsum alınmır. Məsələn, Rusiyadan Kalininqrad sakinlərinə gündəlik tələbat malları göndərilirsə, bunlar rüsumsuz buraxılır. Əgər bu mallar kənar ölkələrə göndərilirsə, onda rüsum alınır. Sərnişinlərin daşınmasına gəlincə, daşınma Rusiyadan Rusiyaya olduğu üçün Kalininqrada getmək istəyən vətəndaşlardan viza tələb olunmur. Sadəcə şərti yoxlama aparılır.

Zəngəzur dəhlizinə gəlincə, Ermənistan həmin modelin burada tətbiqini istəmir. Ermənistanın bunda həm öz maraqları var, həm də kənar diktə ilə hərəkət edir. Məsələn, ABŞ və Fransa Ermənistana tövsiyyə edir ki, bunu eləməsin. Yəni dəhlizə eksterritorial status verilməsin.

- Ermənistan rəhbərliyinin Azərbaycana qaytarılmalı olan Qazaxın kəndlərinə (7) ölkə vətəndaşlarının girişini qadağan etdiyi söylənilir. Bu, həmin kəndlərin təhvil verilməsinin xəbərçisi ola bilərmi? Artıq erməni mənbələri məsələni bununla əlaqələndirirlər.

- Ermənistan tərəfi çox gözəl anlayır ki, bu kəndlər Azərbaycana qaytarılmalıdır. Hələlik bu məsələni ictimailəşdirmirlər. Əlbəttə, məsələnin həlli ilə bağlı tədbirlər görülür. Hər halda bağlı zonadır. İndi həmin qapalı zonada xüsusi rejimin tətbiqi ilə bağlı tədbirlər görülür. Nə vaxt qaytarılacağı başqa məsələdir, amma Ermənistan bu kəndləri gec-tez Azərbaycana təhvil verəcək. Artıq müəyyən tədbirlər bəri başdan görülür.


Müəllif: Mənsur Rəğbətoğlu