14 Mart 17:46
1 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 8 kəndini işğalda saxlayan Ermənistanın indiki yanaşması anlaşılan deyil. Nikol Paşinyan da bu kəndlərlə bağlı məntiqsiz açıqlama verib. Bu kəndlərin işğal faktı bir növ inkar edilir. Ona görə də, bu istiqamətdə olan açıqlamalar indiki mərhələ üçün qəti yanaşma kimi qəbul edilməməlidir. Çünki proseslər addım-addım irəliləməlidir. Azərbaycan tərəfi bununla bağlı təkliflərini irəli sürüb.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, anklavlar və Azərbaycanın sərhədlərinə bitişik ərazilər var:

“Anklav hesab olunmayan bu ərazilər dərhal boşaldılmalıdır. Qazaxın anklav olan kəndləri də məhz müzakirələrin nəticəsində Azərbaycana təhvil verilməlidir. Naxçıvanın Kərki kəndi isə beynəlxalq müqavilə ilə tənzimlənən məsələdir. Bu tək Azərbaycanla bağlı olan bir proses deyil”.

Partiya sədri hesab edir ki, bu, bütövlükdə Qars müqaviləsinə imza atan dövlətlərin məsələsidir:

“Bu, Naxçıvanın hüdudlarına aid olan bir ərazinin işğal olunması kimi anlaşılmalıdır. Ona görə də, həmin tərəflər də bu məsələdə öz təzyiq imkanlarını ortaya qoymalıdır. Sözsüz ki, məhz bu kontekstdə addım-addım bu məsələlərin həllinə nail olunacaq”.

Fazil Mustafa bildirib ki, indiki mərhələdə Paşinyanın açıqladığı mövqe daxili ictimai rəyə hesablanıb:

“Azərbaycan özünə aid olan ərazilərin tələb məsələsində israrlıdır. Sözsüz ki, bu istiqamətdə sərgilənən siyasi-diplomatik manevrlər öz müsbət nəticəsini formalaşdıracaq”.


Müəllif: Tapdıq Qurbanlı