21 Mart 17:05
4 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dörd kəndin Azərbaycana qaytarılması çərçivə sazişinin imzalanması perspektivini gücləndirəcək.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistanla Azərbaycan arasındakı son gəlişmələrə diqqət çəkib:

“Ermənistan baş naziri Nikol Paşinyan Tavuş bölgəsində yerli sakinlərlə görüşdə Azərbaycanın tələb etdiyi 4 kəndin qaytarılması zərurətini müharibə təhlükəsiylə ona görə izah edib ki, bununla bağlı Bakıdan xəbərdarlıq alıb. Mesajın mahiyyəti bu olub ki, yaxın günlərdə 4 kənd qaytarılmasa, Azərbaycan ordusu bu kəndlərə daxil olacaq. Həmin mesajı martın 7-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev erməni həmkarı Mqer Qriqoryana, o da öz növbəsində rəhbəri Nikol Paşinyana çatdırıb. Bunun qarşılığında Paşinyan bu məsələni qısa müddətdə həll edəcəyini vəd verib.

Paşinyan 4 kəndi Azərbaycana qaytarması qarşılığında rəsmi Bakıya öz təklifini göndərib: “Sərhədin delimitasiyasına Ermənistan tərəfdən Bağanıs, Azərbaycan tərəfdən Bağanıs Ayrım kəndi bölgəsindən başlayaq”.

Paşinyanın bu təklfinin arxasında nə dayanır?

Birincisi, Ermənistan baş naziri 4 kəndin Azərbaycana qaytarılmasını təmin etdikdən sonra həmin bölgədə Qazaxa aid 3 anklav mövzusunu “qapatmaq” istəyir. Çünki sərhədin həmin hissəsinin delimitasiyası razılaşdırılarsa, Azərbaycana məxsus 3 anklavın qaytarılması mümkün olmayacaq.

İkincisi, Nikol Paşinyan ümid edir ki, 4 kəndi Azərbaycana qaytardıqdan və sərhədin həmin hissəsi müəyyənləşəndən sonra sərhədin cənub hissəsindəki yüksəklikləri ala biləcək”.

Elxan Şahinoğlu hesab edir ki, Bakının Paşinyanın hər iki təklifinə razılıq verəcəyi ehtimalı azdır:

“Bakı İrəvandan birinci mərhələdə sülh və ya çərçivə sazişinin imzalanmasını tələb edir. Sülh əldə edildikdən sonra müxtəlif mövzuları bağlı danışıqları davam etdirmək olar. 4 kəndin geri qaytarılması çərçivə sazişinin imzalanması perspektivini gücləndirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu