"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zaur müəllim, Brüssel görüşü ərəfəsində Azərbaycanın Ermənistana hücum edəcəyi iddiası səslənir. Sizcə, indiki halda bu cür absurd məsələləri gündəmə gətirməkdə məqsəd nədir?
- Avropa İttifaqı-ABŞ və Ermənistan arasında aprelin 5-də Brüsseldə baş tutacaq görüşlə bağlı müxtəlif xəbərlər yayılır. Təhlükəsizliklə bağlı Ermənistana zəmanətin verilməsini deyənlər var. Amerika tərəfi bu kimi yanaşmaları təkzib edib. Bildirib ki, görüş sırf iqtisadi amillərlə bağlıdır. Hər halda dünyanın necə qlobal çağırışlarla üz-üzə qaldığı müşahidə edilir. İki gün öncə Suriyada İran konsulluğunda, ümumiyyətlə isə Qəzza ətrafında, Həmas-İsrail müharibəsi, Ukraynada baş verənlər fonunda proseslər çox qəliz görünür. Bu sırada ABŞ Dövlət katibinin vaxt taparaq Brüsselə məhz Ermənistan üçün səfər etməsi, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə birlikdə NATO-nun Ermənistana dəstəyini müzakirə etməsi diqqətdən yayınmır. Görünən odur ki, Cənubi Qafqazda Rusiya-ABŞ arasında geosiyasi konfrantasiyalar açıq səviyəyə keçib.
- Qərbin və ABŞ-nin Cənubi Qafqazla bağlı dəyişən taktiki gedişi nədən ibarətdir?
- Bundan əvvəl Ermənistanla bağlı Amerikanın özü məsələləri ciddi şəkildə ört-basdır etmək istəyirdi. Müəyyən mənada Nikol Paşinyana tövsiyə belə etmirdilər ki, o, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxartsın. Amma iki ay əvvəl artıq onlar öz taktikalarını dəyişdiklərini bəyan etdilər. İndi tamamilə açıq şəkildə Ermənistan rəhbərliyi KTMT-lə bağlı öz rəyini bildirir. İrəvan artıq bu təşkilatda qalmayacağını bəyan edir. Sözsüz ki, ABŞ-ın rəyi olmadan Ermənistan bunu etməzdi. Görünən odur ki, Ermənistan ciddi şəkildə ABŞ-nin çətiri altına daxil olur.
- Bunun Azərbaycana nə kimi təsirləri ola bilər?
- ABŞ və Rusiya bir-birinə qarşı harada istəsələr mübarizə apara bilərlər. Amma onların Ermənistanda baş-başa gəlməsi bölgədəki vəziyyətin qeyri-sabit hala düşməsinə səbəb olacaq. Regionda olan çağırışlar fonunda qaynar durum daha da alovlanacaq. Ermənistan rəhbərliyi başa düşməlidir ki, geosiyasi oyunlar yekundə bölgənin Suriyaya çevrilməsinə gətirib çıxara bilər. Çünki Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələdə Azərbaycana birbaşa təhdid var. Bir müddət sonra həmin qüvvələr Azərbaycanı bu və ya digər hücumda günahlandıracaqlar. Prosesin adını da Rusiya ilə mübarizə, sərhədlərin toxunulmazlığı ilə əlaqələndirəcəklər.
- Sülh müqaviləsindən öncə bu kimi gedişlərin edilməsi nəyə hesablanıb?
- Ermənistanın sülh müqaviləsi imzalamamışdan öncə belə addımları danışıqlar prosesinə birbaşa zərbədir. Çünki sülh danışıqları prosesində Ermənistan arxasında bütövlükdə Qərbin olduğunu hiss edəcəksə, o, daha da arxayınlaşacaq. Beləliklə, sülh müqaviləsinin imzalanması istiqamətində vaxtın uzadılmasına çalışacaq. Bu isə Paşinyanın devrilməsindən sonra revanşistlərin hakimiyyətə gəlməsinə və Ermənistan siyasətinin tamamilə dəyişilməsinə gətirib çıxara bilər. Təbii ki, bunu Azərbaycan istəmir.
- Yaranmış gərginlik fonunda yeni eskalasiya riskini necə dəyərləndirirsiniz?
- Bölgədən uzaq ölkələr üçün bu regionda baş verən hadisələrin bundan sonrakı gedişinin nədən ibarət olacağı onları narahat etmir. Ona görə də, hadisələrə tamamilə ehtiyyatla yanaşmaq lazımdır. Rəsmi Bakı əvvəlcədən də qeyd etdi ki, 5 aprel görüşündən əvvəl və yaxud sonra Azərbaycan Ordusu istiqamətinə hər hansı bir təxribat olacaqsa, təhlükəsizlik zəmanəti, hansısa ölkənin ordusunun Ermənistanda yerləşməsi Bakını dayandıra bilməyəcək. Çünki bu məsələdə cüzi zəiflik təxribatların sayının artmasına səbəb olacaq. Ona görə də, Azərbaycan Ordusu vaxtında bütün çağırışlara cavab verəcək.