9 Aprel 09:18
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan şərti sərhəddə gərginliyi artırır, son günlər atəşkəs qarşı tərəfdən intensiv formada pozulmağa başlayıb. Artan gərginlik irəlidəki dövrdə hansı formanı ala bilər?

- Ermənilər İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətin cəmiyyətdə yaratdığı ruh düşkünlüyünü aradan qaldırmağa çalışırlar. Müxtəlif ölkələrdən silah alırlar, bu silahlarla şərti sərhəddə qarşıdurma yaratmağa can atırlar və sair. Bununla öz cəmiyyətlərinə mesaj verirlər ki, guya lazım olsa, yeni müharibəyə hazırdırlar. Amma hələlik bunların irimiqyaslı müharibəyə çevriləcəyinə inanmıram. Ermənistanın buna nə gücü, nə də cəsarəti var.

- Brüsseldə ABŞ və Avropa Birliyi ilə keçirilən görüşün pərdə arxasında Ermənistana hərbi-təhlükəsizlik vədləri verilə bilərdimi? Yəni görüşün görünməyən bir tərəfi varmı?

- Əvvəla, bu tədbirin özünün keçirilməsi başdan ayağa yanlış addım idi. Dünənə qədər Azərbaycanla Ermənistanı sülhə səsləyən, hətta onlara sülh müqaviləsi müqabilində müəyyən şirnikləndirici vədlər verən ölkələr bu gün erməniləri ağuşlarına alırlar, Azərbaycana qarşı isə müəyyən hədyanlar söyləyirlər. Ermənistana hansısa yardımın edilməsi hərbi yardım kimi bir şeydir. Adlarını “Ermənistan iqtisadiyyatı üçün”, “qaçqınlara humanitar yardım” qoysalar da, əslində, bunlar hərbi yardımlardır. Ermənistan müxtəlif kanallardan maliyyə yardımları alır. İndi Avropa Birliyi və ABŞ-nin tam şəkildə Ermənistanı ağuşlarına alması, onu müdafiə etməsi və hər il üçün maliyyə yardımı ayırması çox əcaib görünür.

Ermənistan dünənə qədər təcavüzkar idi, Azərbaycan ərazisinin 20 faizini işğal etmişdi. Bu işğal nəticəsində Azərbaycana vurulan ziyan 250 milyard dolları keçir. Təcvüzkar bir ölkənin belə canfəşanlıqla müdafiə edilməsi nə insanlığıa, nə də müasir dünyanın birgəyaşayış prinsipinə uyğun gəlir. İstər ABŞ, istərsə də Avropa Birliyi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmir. Ermənistanı gücləndirib bölgədə Azərbaycana qarşı sipər kimi istifadə etmək istəyirlər. Biabırçı vəziyyətdir. Bunun Rusiya və İrana qarşı olduğu iddiaları həqiqətə uyğun gəlmir. Ermənistanın gücləndirilməsi Azərbaycana qarşı çevrilmiş hərəkətdir.

Azərbaycan o ölkədir ki, onun Avropa Birliyinin 12 ölkəsi ilə tərəfdaşlıq haqda müqavilələri var. Azərbaycan o ölkədir ki, Avropa Birliyinin 15-ə qədər ölkəsini neft-qazla təmin edir, gələcəkdə yaşıl enerji ilə təmin edəcək. Üstəgəl, bu enerji resurslarının həcminin gələcəkdə artırılması planı qarşılıqlı şəkildə razılaşdırılıb. Azərbaycan ərazilərini 30 il işğalda saxlayan, 1 milyondan çox insanı öz yurdlarından didərgin salan, soyqırımı və hərbi cinayətlər törədən bir ölkəyə bu cür pərəstiş anlaşılan deyil. Bunun açıq formada, həyasızcasına həyata keçirilməsi islamofobiya və türkofobiya kimi dəyərləndirilə bilər. Haqlı mövqedə olan ölkə və xalqa qarşı belə bir həqarəti başqa cür yozmaq olmur.

- Ermənistanı silahlandırmaq və təxribata çəkmək baxımından İran Hindistan, ABŞ və Qərbi qabaqlamağa başlayıb. Ermənistanı silahlandıran İran Azərbaycanı hədələməyi də unutmur. Maraqlıdır ki, həm Ermənistanın silahlandırılması, həm də Azərbaycana yönəlik təhdidlərlə bağlı müxtəlif kanallar vasitəsilə yayılan məlumatlar Tehranda təkzib edilmir. Baş verənlərin izahı necədir?

- Bu ölkə molla təfəkkürü səviyyəsində idarə olunur. Molla təfəkkürü on əsr əvvələ aid anlayışdır, qabağa gedə bilmədilər. Həmişə geridə qalıblar və qalmaqda da davam edirlər. O qədər həyasızdırlar ki, özləri 17 milyon olduqları halda 40 milyonluq Azərbaycan türkünün (Güney Azərbaycan – red.) heysiyyatı ilə oynayırlar. Dünyada yaşayan 55 milyondan çox azərbaycanlıya həqarətli münasibət sərgiləyirlər. İran başdan ayağa qan çanağıdır, şər yuvasıdır. Bu ölkəni idarə edən mollaların düşüncəsi on əsr əvvələ aiddir, üstəgəl, şovinistdirlər, öz ərazilərində yaşayan başqa xalqlara belə qənim kəsiliblər.

İran daxilində bəlucların fəallığını görməyə başlamışıq. İranın Suriyadakı konsulluğunun vurulmasından sorna bəluclar da hərəkətə keçərək SEPAH-ın çoxlu sayda hərbçisini məhv ediblər. Baş verənlər göstərir ki, bu ölkə nə qədər mollaların idarəçiliyində olacaq, həmişə qan çanağına dönəcək, həmişə daxili qarşıdurmalar baş verəcək, dünya ilə münaqişə sürəcək. Elə bir qüdrəti olmayan İran bunun üçün yaranıb? Bu ölkə nə ictimai inkişafın qanunauyğunluğunu dərk, nə də ictimai inkişafın müasir tələblərinə uyğun hərəkət edir. Hərəkət və istəkləri də dünyanı qarışdırmaqdan ibarətdir. Elə buna görə də, İran çox da uzaq olmayan gələcəkdə dünyadan cavab zərbəsi alacaq.

- SEPAH-ın Teleqram kanallarında açıq şəkildə Bakının bombardman edilməsinə çağırışlar var. Mollalar belə bir avantüraya gedərlərmi?

- Bu avantüranın bədələnin ağır olacağını özləri də bilirlər. Sadəcə “diş göstərməyə” çalışırlar, bundan o tərəfə keçəcək deyillər. İranın Azərbaycana dişi batmaz. Üstəgəl, İran İsrail səfirliyinin harada fəaliyyət göstərdiyini bilmirmi? İsrail səfirliyi mehmanxanda yerləşir. Elə bir mehmanxanada ki, orada İsraillə yanaşı, daha 8 ölkənin səfirliyi var. Bu hədyanı səsləndirəndə bilməli idilər ki, Azərbaycana qarşı belə bir addımı atmaq mümkün deyil. Bura atılan istənilən raket Azərbaycanın hava hücumundan müdafiə sistemləri tərəfindən havadaca məhv ediləcək. Bilməlidirlər ki, belə bir addımı atmaq yox, bu haqda düşündükləri an İran üçün ciddi sınaq dövrü başlayacaq, bədəli də ağır olacaq. İran belə bir ağır imtahandan üzüağ çıxa bilməz. Dünyanın aparıcı dövlətləri molla rejimini dəyişdirmək üçün hərəkətə keçəcəklər.

- Rusiyadan açıq hədələrlə üz-üzə qalan Ermənistan o biri yandan Qərb qarşısında öhdəliklər götürüb. Üstəgəl, təxribatlarla şərti sərhəddə gərgin vəziyyət yaradan Ermənistanın mürəkkəb bir tənliyin içində olduğunu görürük. Sizcə, bu durum ermənilərə nə vəd edir?

- Ermənistanın Rusiyadan uzaqlaşması elə də sürətlə baş verməyəcək. Bu, tədrici proses olacaq. Ermənistan Rusiyadan hərtərəfli asılıdır, birdən-birə ondan qopmaq asan deyil. Üstəgəl, Brüssel görüşü göstərdi ki, Qərb Ermənistanı Rusiya qədər sinəsinə çəkə biləcək halda deyil. Buna görə də, Brüssel görüşündən sonra Rusiya bir qədər sakitləşdi, Ermənistanı özü də bəzi şeyləri yenidən ölçüb-biçmək qərarına gəldi. Güman edirəm ki, Rusiyadan Ermənistana yönəlik hədələr bir qədər səngiyəcək. Rusiya başa düşdü ki, Ermənistanın onun ağuşundan çıxıb Qərbə qaçması elə də asan və sürətlə baş verəcək proses deyil.

Hələlik Rusiyanın Ermənistanla bağlı bəzi planlarını təxirə salacağını düşünmək olar. Hadisələr bu ssenari üzrə inkişaf edəcək: Rusiya gözləyəcək, Ermənistana iqtisadi yardımdan tutmuş silah-sursat təchizatına qədər göstərilən kömək tədricən azaldılacaq. Ermənistanın özü də Qərbə sürətli inteqrasiya məsələsinə ehtiyatlı yanaşacaq. Yəni Qərbin Cənubi Qafqaza gəlişi və Rusiyanı vurub buradan çıxarması, elə də sürətli proses kimi qəbul edilməməlidir. Çünki Qərb nəyə qadir olduğunu Ukraynada göstərir. Artıq Qərb Ermənistan kimi cırtdan bir ölkə ilə ciddi təcrübələrin həyata keçirilməsinin mənasız olduğunu anlayır. Düzdür, buna meyllidirlər, amma Rusiyaya güclü təzyiqlə bunun mümkün olmadığını da başa düşürlər. Ona görə də, proses hələ xeyli vaxt aparacaq.

- Bölgəyə maraq göstərən bütün qüvvələr – Qərb, Rusiya və Çin əsas diqqətlərini nəqliyyat dəhlizlərinə yönəldiblər. Bəs bu məsələnin çözümü necə olacaq?

- Dəhlizlərlə bağlı yanaşmalar fərqlidir. Məsələn, Orta dəhliz layihəsi Bakı-Tiflis-Qars dəmir yolu, eləcə də İpək yolunun timsalında həyata keçirilir. Bircə Zəngəzur dəhlizi məsələsi açıq qalır. Zəngəzur probleminin də mütləq həll olunacağını düşünürəm. Ən böyük ehtimalım da budur ki, Zəngəzur dəhlizi sovet dönəmindəki formada açılacaq. Yəni Azərbaycanın əsas hissəsi ilə Ordubad rayonuna, oradan da müxtəlif istiqamətlərə... Kiminsə buna müqavimət göstərməsi və ya qarşısını almaq cəhdi əbəsdir. Bu iş çoxlarının ürəyincədir, o cümlədən də Qərb, Rusiya və Çinin.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər