8 İyul 16:06
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya istehsalı olan "DANA" özüyeriyən artilleriya qurğusu Azərbaycan Ordusunun arsenalında yer alması erməni tərəfinin narahatlığı ilə qarşılanıb. Bu silahlar 1977-ci ildə ilk dəfə Dubnitsada Çexslovakiya olan dövrdə istehsal olunub. Varşava müqaviləsinə daxil olan ölkələrdə bu silahın istehsalı mümkün idi. 1979-cu ildə isə bu “DANA”ları yavaş-yavaş təkmilləşdirməyə başladılar. 2020-ci ildə bu qurğudan 26 ədədi Ukraynaya satıldı.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, erməni tərəfinin bu günlərdə iddia etdiyi kimi guya çexlərin bu silahı Azərbaycan satmaması ilə bağlı iddialar tamamilə əsassızdır:

“Bu o demək deyil ki, Azərbaycan bu silahı bir başqasından ala bilməz. Belə bir qadağa mövcud deyil. Bu müasir artilleriya qurğularından biridir. Elə dövlətlər var ki, belə silahlardan sonra yenisini alır deyə bunları sıradan çıxarmaq əvəzinə onunla maraqlanan ölkələrə satır”.

Polkovnik hesab edir ki, Azərbaycan tərəfi qəti şəkildə onun arsenalında belə bir silahın olduğunu gizlətməyib:

“Bu silahın müxtəlif modifikasiyaları mövcuddur. Yenilənmiş variantları da çoxdur. “DANA” M2 və 155 mm-lik digər modifikasiyası var. Azərbaycan da öz arsenalını təmin edəcək miqdarda bu silahdan alıb. Təlim meydançalarında bu silah özünü doğruldub deyə Azərbaycan ona üstünlük verib”.

Üzeyir Cəfərov bildirib ki, Fransanın Ermənistana SEZAR (CAESAR) haubitsalarını verməsi ilə bağlı da narahatlıq yoxdur:

“Buna qarşı Azərbaycan da qardaş Türkiyədən “T155-YAVUZ” taktiki-texniki xarakterə malik qurğulardan yararlana bilər. Əslində bu silahlar SEZAR-lardan heç də geri qalmır”.

Qeyd edək ki, Çexiya istehsalı olan “SpGH DANA” özüyeriyən haubitsaları 8X8 konfiqurasiyalı “Tatra” şassisində yerləşir. Artilleriya kompleksinin maksimum sürəti 80 km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 28 km, heyəti 4-5 nəfərdir. Hərbi maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm 37 kalibr top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur. Top -4°-dən +70°-dək bucaq altında hündürlüyə atəş açmaq qabiliyyətinə sahibdir. Atış tempi dəqiqədə yarıavtomat rejimdə 4, əllə doldurulduqda 2 mərmidir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər