“Hazırda işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Artıq Böyük Qayıdış proqramına uyğun olaraq keçmiş məcburi köşkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən bir qrup Cəbrayıl şəhər sakininə evlərinin açarlarının verilməsini də böyük sevinc hissi ilə izlədik”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, indiyədək Prezident İlham Əliyev azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib, obyektlərin tikintisi ilə tanış olub. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Proqrama uyğun olaraq işğaldan azad edilmiş Cəbrayılda indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Artıq Cəbrayıl şəhəri də ilk sakinlərini qoynuna alıb, insanlar öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb. Köç karvanları bir-birini əvəz edir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan adamların səsi ata-baba ocağından gəlir.
Millət vəkilinin sözlərinə görə, 4 oktyabr-Cəbrayıl Şəhər Günü böyük coşğu ilə qeyd edilib. Məhz bayram günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər və yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarları təqdim olunub. Sakinlərlə görüş zamanı çıxış edən Prezident İlham Əliyev Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Cəbrayıl şəhərinin önəmindən bəhs edib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində ilk azad olunan şəhər məhz Cəbrayıl olub. 27 illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni terrorçularından təmizlənməsi Ordumuzun şücaətinin nəticəsidir. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, minlərlə əsgər və zabit cənab Prezidentin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyev çıxışında Cənubi Qafqaz regionunda vəziyyət, bəzi beynəlxalq dairələrin Azərbaycana qarşı qərəzli mövqeyindən bəhs edib. Dövlətimizin başçısı Ermənistana təhlükəli oyunlarını dayandırmaq barədə xəbərdalıq edib. Çünki onlar bir tərəfdən sülhdən danışırlar, digər tərəfdən isə sürətlə silahlandırılar. Silahı verən isə əsasən Fransa başda olmaqla Qərb ölkələridir. Nəzərə almaq lazımdır ki, dünyada vəziyyət dəyişir. Azərbaycanın hadisələrə münasibəti adekvat olacaq.
“Cəbrayılda bərpa-quruculuq işləri çərçivəsində müxtəlif müəssisələrin tikintisi həm ümumi iqtisadi inkişafımıza töhfə verəcək, həm də əhalinin məşğulluğunu təmin edəcək. Məsələn, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb. Eləcə də, Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi bu baxımdan vacibdir. Bu rayonun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Yol-nəqliyyat infrastrukturu da ciddi şəkildə qurulur. Belə ki, Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Bu rayona gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Bütövlükdə, azad olunmuş ərazilərimizdə görülən möhtəşəm işlər hər birimizi qürurlandırır. Tezliklə bu ərazilər bütünlüklə yenidən, ən müasir səviyyədə qurulacaq və insanlar doğma yurdlarında firəvan yaşayacaqlar”,-deyə deputat vurğulayıb.