Hazırda BMT-nin Bakıda keçirilən iqlim dəyişiklikləri (COP29) ilə bağlı sammiti həm də siyasi atmosferi müəyyən edir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan mətbuatına rusiyalı politoloq Stanislav Tarasov deyib.
Ekspert Rusiya xarici işlər naziri Sergey Lavrovun rəhbərliyi ilə həftənin əvvəlində KTMT ölkələrinin diplomatları ilə keçirilən iclasda Qarabağ haqda müzakirənin olub-olmaması sualına belə cavab verib:
“Çox güman ki, Qarabağla əlaqəli ayrıca söhbət olmayıb. Vəzifələrdə heç bir dəyişiklik yoxdur. Mirzoyan səviyyəsində Ermənistan nümayəndə heyətinin Bakıya səfər edəcəyi gözlənilirdi, amma getmədilər, Mirzoyan həmin gün İsveçə getdi. Qafqazda və konkret olaraq Bakıda ilk dəfə iqlimlə bağlı konfransın keçirilməsi Azərbaycanın siyasi-diplomatik gücünə dəlalət edir. Bakının güclü mövqedən çıxış etdiyini söyləyə bilərəm”.
Sülh müqaviləsinin perspektivinə gəlincə, Tarasovun fikri belədir:
“Məncə, qeyri-müəyyəndir. Bu, yalnız Tramp prezident kimi fəaliyyətə başlayanda, yəni inauqurasiyadan (yanvarın 20-dən) sonra aydın olacaq. Amma onun gündəmində Qafqaz olmayacaq, prioritet Ukrayna, Avropa, Yaxın Şərq, sonra Qafqazdır. Yəqin indi tərəflər Trampın mövqeyini gözləyirlər.
Trampın çevrəsindən sızmalara görə, amerikalılar Qafqazı tərk edərək, Rusiyaya buraxacaqlar. Rusiya isə əslində bunu istəmir, bizə lazım deyil. Sizcə, biz Ermənistan, ya Gürcüstan, yoxsa başqa ölkələrə qoşulmaq istəyirik? Biz bunu istəmirik.
Ermənistanın vəziyyəti getdikcə pisləşir, çünki Avropa regionda uğursuzluğa düçar olacaq, ermənilər həmişə olduğu kimi mühüm qərarlarda gecikir, hadisələrdən geri qalırlar.
Paşinyan həmişə gecikir, hadisələri əvvəlcədən müəyyənləşdirməli, hadisələri qabaqlamalıdır, amma həmişə olduğu kimi, geri qalır. Prezident Əliyev ondan 2-3 addım öndədir. O, artıq Trampla razılaşıb, Paşinyan isə gözləyir.
Makron hazırda təcriddədir, Paşinyan Makronun yanındadır. Fransa liderindən heç bir fayda yoxdur. Avropa böhran içindədir. Ermənistan Avropadan hansı yardım gözləyir? İrəvan Moskvadan aralı durur. Moskva müxtəlif formatlar təklif edib, Ermənistan cavab vermir”.
Politoloq qeyd edib ki, indi Rusiyanın Ermənistana münasibəti "plintus"un altındadır: “Gürcüstanla isə münasibətlər güclənir, müttəfiqlik əlaqələri qurulur. Əlbəttə, Bakı ilə də”.
Tiflisin Bakı və İrəvana vasitəçilik təklifinə münasibət bildirən Tarasov hesab edir ki, Moskva buna qarşı deyil.
Rusiyalı analitikin sülh sazişinin imzalanması ilə bağlı proqnozu belədir: “Məncə, bu il yox. Çox güman ki, yazda”.
Tarasov Cənubi Qafqazda vəziyyətin sabitləşəcəyini də proqnozlaşdırır: “Qafqaz sakitləşəcək, Qafqaz Rusiya üçün gərginlik mənbəyi olmamalıdır”.