12 İyul 2016 16:54
1 960
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ölkədə əmək pensiyalarının maliyyələşdirilməsinin gecikdirilməsi, pensiyaların maliyyə təminatında guya böhranın olması ilə deyilənlərin heç bir əsası yoxdur".

Teleqraf.com xəbər verir ki, bunu "APA-Economics"in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O vurğulayıb ki, Azərbaycanda pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlərdən biri kimi, pensiyaların etibarlı maliyyə təminatı sistemi formalaşdırılıb.

Cari ildə ölkəmizdə bütün aylar üzrə əmək pensiyalarının müvafiq qrafik əsasında maliyyələşdirilməsi vaxtlı-vaxtında başa çatdırılıb və pensiya vəsaitlərinin əmək pensiyaçılarının şəxsi hesablarına köçürülməsi təmin olunub: “Hətta bir sıra bayramlar ayın ortalarına, bəzən daha əvvələ təsadüf etməsinə baxmayaraq, pensiyaların qrafikdən xeyli əvvəl, yəni bayramlardan qabaq vətəndaşların şəxsi hesablarına köçürülməsi həyata keçirilib”.

Elman Babayev bildirib ki, cari ilin iyul ayında da əmək pensiyalarının müvafiq qrafik əsasında maliyyələşdirilməsi işləri normal qaydada aparılır. Sadəcə olaraq, Ramazan bayramı ilə əlaqədar iki günün, yəni iyulun 6-7-sinin qeyri-iş günləri olduğu nəzərə alınmalıdır: “Ona görə də hazırda pensiyaların maliyyələşdirilməsinin gecikdirilməsi, pensiyaların maliyyə təminatında guya böhranın olması ilə deyilənlərin heç bir əsası yoxdur. Əvvəlki aylarda olduğu kimi, iyul ayı üzrə də əmək pensiyalarının qrafikə uyğun şəkildə əmək pensiyaçılarının şəxsi hesablarına köçürülməsi təmin ediləcəkdir. Belə ki, sabahdan etibarən Bakı şəhərinin rayonları, habelə Abşeron rayonu və Sumqayıt şəhəri üzrə, növbəti həftədə isə respublikanın digər bölgələrində əmək pensiyalarının ödənişi həyata keçiriləcək. Bununla da iyul ayı üzrə əmək pensiyalarının maliyyələşməsi yekunlaşacaq”.


Müəllif:

Oxşar xəbərlər