Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Humanitar Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin qorunmasında və zənginləşdirilməsində gənclərin rolunun artırılması” layihəsi çərçivəsində “Dinimiz milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” adlı təlim-konfrans keçirilib.
Teleqraf.com-un məlumatına görə, toplantının iştirakçıları əsasən tələbə-gənclər və tədqiqatçılar olub.
Toplantını giriş sözü ilə ictimai birliyin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlanə Mustafayeva açıb. O, xalqımızın formalaşmasında İslam dininin mühüm rollardan birini oynadığını, mənəvi dəyərlərimizin tərkib hissələrindən biri olan İslam dininin mahiyyətinə görə birgəyaşayış, sülh, əmin-amanlıq və mərhəmət dini olduğunu bildirib.
“Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Buna baxmayaraq, Azərbaycan dövləti bütün dinlər üçün ölkəmizdə bərabər, əlverişli şərait yaradıb. Ölkəmizdə məscid, kilsə və sineqoqlar birgə fəaliyyət göstərirlər. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu baxımdan model bir ölkə halına gəlib və nümunə göstərib”, – deyə ictimai birliyin sədri vurğulayıb.
Təlimçi – ilahiyatçı alim, filologiya üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov İslam dininin Azərbaycanda 1400 illik tarixə malik olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan cəmiyyəti türklük və İslam dini baxımından özünəməxsus səciyyəsi ilə dünyada seçilir. “Uzun əsrlik müddət ərzində dinimizin xalqımıza bəxş etdiyi mənəvi dəyərlərin rolu çox böyükdür. Azərbaycanın dövlətçilik və mədəniyyət tarixinin kökünə getsək, orada İslam dininin mövcudluğunu görərik. 70 illik fasilə bizi dini dəyərlərimizdən uzaq salsa da, mənəvi dəyərlərimiz bizi təkrarən kökümüzə geri qaytardı”, – deyə bildirib.
Layihənin eksperti, millət vəkili, professor Musa Qasımlı İslam dinində radikalizmin ziyanlı olduğunu bildirib, bunun yolverilməzliyini qeyd edib.
Daha sonra müzakirə edilən məsələyə dair çoxlu suallara cavablar verilib və çıxışlar olub.
Səxavət