“İstər Bakı, istərsə də respublika ərazisində binaların tikilməmişdən əvvəl ərazilərin seysmik aktivliyi müəyyən edilir. Binanın necə tikilməsi Fövqəladə Hallar Nazirliyinin nəzarətindədir və onlar daim bizimlə əməkdaşlıq edirlər”.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli yeni tikilən binaların zəlzələyə davamlılığı ilə bağlı sualı cavablandırarkən deyib.
Qurban Yetirmişlinin sözlərinə görə, FHN binaların zəlzələyə davamlılığına çox yaxşı nəzarət edir: “Binaların tikintisində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəyi nəzərə alınır. Məsələn, Zaqatala zəlzələdən sonra tikilən binalar hətta 9 bal zəlzələyə dözümlüdür. Baxmayaraq ki, həmin ərazi üçün maksimum 7 bal zəlzələ proqnozlaşdırılır”.
Direktor bildirib ki, təkcə yeni tikilən binalar deyil, bu vaxta qədər tikilmiş binaların da zəlzələyə dözümlüyünun monitorinqi aparılacaq:“Bu il sentyabrın 19-21-də bizim mütəxəssislərimiz Almaniyaya gedəcək. Həmin görüşdə son danışıqlar aparılacaq. Bakıda binaların seysmik aktivliyini öyrənmək üçün Almaniyanın Yer Elmləri Araşdırma Mərkəzi bizimlə birlikdə monitoriqnlərə başlayacağıq. Həmin monitorinqlərdən sonra binaların dözümlülüyü barədə daha dəqiq məlumat verə biləcəyik”.
İlhamə ƏBÜLFƏT