Güclü yağış Quba rayonunun 10-dan çox kəndinə ziyan vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Report”a Quba Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov məlumat verib.
O bildirib ki, Qubanın Qonaqkənd kəndində sel evlərə və həyətyanı sahələrə dolub: “Bundan başqa, sel rayonun Utuq kəndində “Niva” markalı avtomaşınla çayı keçən kənd sakinlərini maşın qarışıq aparıb. Sürücü və sərnişinlər maşından çıxsalar da, sel nəqliyyat vasitəsini aparıb”.
Komissiya sədri qeyd edib ki, Xaltan kəndində pay torpaqlarına və evlərə ziyan dəyib: “Sel Qubanın Qırmızı qəsəbəsində elektrik dirəklərini yuyub aparıb. Bəzi kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Qudyalçayın daşması nəticəsində 37-ci km-dən 39-cu km-ə qədər yolu su yuyub. Çayın üzərində olan körpünü sel tamamilə aparıb. Hazırda Qubanın Qrız, Cek, Əlig, Haput, Bostankeş və Xınalıq kəndlərinə nəqliyyatla gediş-gəliş yoxdur. Hazırda həmin ərazidə texnika işləyir.
Quba "Azəravtoyol" 6 saylı Yol İstismar İdarəsinin texnikaları və canlı qüvvəsi alternativ yol çəkilməsinə yardımçı olur. Bundan əlavə, Bakı-Quba-Rusiya yolunun Vəlvələ kəndinin yaxınlığından keçən Vəlvələ çayının üzərindəki Vəlvələ körpüsünün beton dirəklərini də sel yuyub. Hazırda Vəlvələ körpüsü qəzalı vəziyyətə düşüb. Körpünün üzərindən nəqliyyat vasitələri keçən kimi körpü silkələnməyə başlayır”.