Uşaqlarda cinsi tərbiyə onların inkişafında önəmli yer tutur. Bu tərbiyə xüsusi olaraq cinsiyyət və törəmə barədə məlumatlar verməklə başlaya bilər.
Müasir dövrdə uşaqlar texnologiya vasitəsilə geniş, qarışıq, hətta lazımsız bilgiləri çox tez əldə edə bilirlər. Buna görə də uşaqlara ən doğru və səhih məlumatları ana-atasından eşitmək fürsəti verilməlidir. Ancaq adətən azərbaycanlı ailələrdə uşaqlarla bu barədə söhbət etməkdən qaçırlar. Psixoloqlar bunun çox yanlış davranış olduğunu bildirirlər. Bəzi valideynlər isə bu barədə danışmağa utandıqları üçün uşaqlarına yanlış məlumat verirlər. Bu isə heç bilgi verməməkdən daha təhlükəlidir.
Psixoloq Aytac Məmmədzadənin sözlərinə görə, uşaqların sağlam inkişafı üçün xüsusilə cinsiyyətlə əlaqədar verilən suallara ən doğru formada və üsulla cavab vermək cəmiyyətimizdə ən çətin sahələrin başında gəlir: “Uşaqlara cinsi tərbiyə vermək - gələcəkdə sağlam və xoşbəxt fərdlər yetişdirmək baxımından əhəmiyyətli olmaqla yanaşı, xüsusilə cinsi istismar hadisələrinin qarşısını almaq deməkdir. Ümumiyyətlə, hər hansı bir məsələdə uşağa düzgün tərbiyə verilməsə, uşaq o mövzu haqqında yalan məlumatlar öyrənə bilər. Bunun daha böyük təhlükələri vardır.
Məktəbəqədər yaş dövründəki uşağa öyrədiləcək cinsiyyətlə bağlı anlayışlarla, məktəb dövründəki ya da yetkinlik dövründəki uşağa öyrədiləcək anlayışlar fərqlidir. Məktəbəqədər uşaqlarda adətən, həqiqət duyğusu inkişaf etməyib. Bu yaşlarda bir çox cinsiyyətlə əlaqəli bir hərəkət olanda, valideynlər adətən vahiməyə düşür. Halbuki uşaq üçün bu hərəkətlər cinsi bir akt deyil, yeni və fərqli bir şeydir. Ana-atanın vahiməyə düşdüyünü görən uşaq bu hərəkəti daha maraqlı tapmağa başlayır və etməyə davam edir. Əgər valideynlərin ilk reaksiyası vahiməyə düşmək olmasa, valideyn neytral qalmağı bacara və uşağın diqqətini başqa sahələrə çevirə bilərsə, uşaq bir müddət sonra bu hərəkəti etməyi buraxır”.
Psixoloqun fikrincə, düzgün cinsi tərbiyə vermək üçün uşağa məhrəm anlayışı öyrədilməlidir: “Məktəb çağına yaxınlaşmış bir uşaq evdə çılpaq gəzirsə, bu uşağa nəyin məhrəm olduğunu öyrətmək mümkün olmaz. Kiçik yaşdan etibarən uşağın geyindiyi paltara qədər diqqət edilməli, məhrəm anlayışı başa salınmalı, sərhədləri öyrədilməlidir”.
Uşaqların ən çox maraq göstərdikləri mövzulardan biri dünyaya necə gəlməsidir. Aytac Məmmədzadə bildirir ki, uşaq bunu soruşduğu zaman ona yalan, reallıqla əlaqəsi olmayan cavab vermək düzgün deyil: “Suala cavab verərkən uşağın yaşını nəzərə alaraq, yaşına uyğun bir dillə başa salmaq lazımdır.
Ümumiyyətlə, bu məsələ haqqında məlumat verməməyin təhlükələri göz ardı edilməməlidir. Uşaq maraqlandığı bu məsələ haqqında ya yoldaşlarından, ya da internetdən yalan məlumatlar öyrənə bilər. Bundan başqa, valideyninin uşağın bu mövzudakı suallarını cavabsız buraxması uşağın sual vermə tutumunu salır.
Sual verən uşaq, hər zaman həyatı daha asan öyrənir, problemləri daha asan həll edir. Verilən sual yanlış ola bilər, amma uşaq necə addımlamağı yıxıla-yıxıla öyrənibsə, düzgün sual verməyi də səhv suallar soruşa-soruşa öyrənəcək”.
Psixoloq Validə Abbasova isə deyir ki, cəmiyyətimiz mühafizəkar olduğundan və milli dəyərlər üstün tutulduğundan uşaqlarda cinsi tərbiyə qapalı şəkildə aparılır: “Uşaqların suallarının cavabı isə adət-ənənəyə uyğun olaraq “pərdəli” şəkildə verilir. Cinsi maariflənmə isə uşaqlarda cinsi istəklərin formalaşması dövründən başlamalıdır”.
Sevinc