“Bu gün torpaqlardan səmərəli istifadə etmək bir nömrəli məsələ kimi həm hökumətin, həm də kəndlilərin qarşısında qoyulub. Torpaqlar uzun müddətə fermerlərə icarəyə verilib. Amma təəssüflə qeyd etməliyik ki, elə fermerlər var ki, bu torpaqlardan istifadə etmirlər”. Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, dünyanın heç bir yerində torpağa belə biganə münasibət yoxdur. Ona görə aqrar sahədə əsas diqqət həm də ona yönəlməlidir ki, torpaqdan maksimum istifadə edilsin. Deputat qeyd edib ki, konstitusiyaya ediləcək yeni dəyişikliklərlə torpaq mülkiyyəti və aqrar sahədə olan fundamental problemlər öz həllini tapmış olacaq.
“Referendum Aktının layihəsinə əmək müqaviləsi əsasında işləyənlərin hüquqlarının müdafiəsini təmin etmək məqsədilə lokautun qadağan edilməsi barədə yeni müddəa daxil edilib. Lokaut qısa olaraq işəgötürən tərəfindən qanunsuz və əsassız hesab etdiyi tətillərin qarşısını almaq üçün müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılmasıdır. Konstitusiya islahatından sonra mülkiyyət konsepsiyasına mütərəqqi sosial məsuliyyət anlayışı daxil ediləcək. Bu bir çox ölkələrdə tətbiq edilən prinsipdir və mahiyyəti xüsusi mülkiyyət və sosial rifahı əlaqələndirmək və sosial ədalət və məsuliyyəti inkişaf etdirməkdi”, – deyə T.Rzayev qeyd edib.
Səxavət