13 Sentyabr 2016 19:05
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazının başlığı Markesin məşhur Ursulasını nəzərdə tutmur. Söhbət yarım əsr məhbəsdə saxlanılan, bu müddətin isə 44 ilini təkadamlıq kamerada keçirən siyasi məhbusdan gedir.

O siyasi məhbusdan ki, əgər permanent təbliğata inansaq, onun kimiləri ABŞ-da və Avropada yoxdur. Axı orada özünü siyasi məhbus sayanlar rəsmən ya “terrorçu”, ya da “bandit”dir. Baxmayaraq ki, sonunda - onillər ötəndən sonra - onların məhbəsə salınma motivlərinin saxtalığı göz deşəndə artıq qocalmış, sağlamlığını itirmiş, taleyi sındırmış bu şəxsləri bəzən azadlığa da buraxırlar. “Qərb demokratiyası”, görünür, ləng maşındır.

***

Bu ilin yazında ABŞ-da 50 illik məhbəs həyatından sonra əfsanəvi Sol-radikal qruplaşma olan “Qara bəbirlər”in 70 yaşlı üzvü Albert Vudfoks azadlığa çıxdı. Vudfoks yalnız az qala yarım əsr məhbəsdə olmağı ilə diqqət çəkmir, o, həm də ABŞ tarixində (bəlkə də dünya tarixində həmçinin) təkadamlıq kamerada ən çox saxlanılan məhbus sayılır. O, 44 il ərzində uzunluğu 2,4 metr, eni isə 1,8 metr olan kamerada saxlanılıb. Sutkanın 23 saatı hamıdan təcrid olunan Albert yalnız 1 saatlığa gəzintiyə çıxarılıb.

Üstəlik, unutmayaq: Albert Vudfoks - siyasi məhbusdur. “Demokratiyanın flaqmanı”nda yüzlərlə siyasi məhbusun olduğunu isə adbaad sübut etmək heç də çətin deyil.

Vudfoksun azadlığı uğrunda uzun illərdir mübarizə aparmış Amnesty International onun azadlığa çıxması ərəfəsində növbəti dəfə bəyanat vermişdi. Orada bu cümlə də vardı: “Luizinadakı ədalətsiz məhkəmə istintaqı nəticəsində 40 ildən çox təcrid vəziyyətində saxlanılmış Vudfoksun azadlığı - olduqca gecikmiş və çox gözləmək lazım gəlmiş ədalətin zəfəridir”. Beləliklə, vurğulanır ki, ABŞ ədliyyəsi keçmiş “Qara bəbir”i sübutsuz və haqsız yerə türmədə çürüdüb. Günahı sübuta yetirilməmiş şəxsin ədaləti 50 il gözlədiyi cəmiyyəti hansı haqla ədalətli və demokratik adlandırmaq olar? Sual ritorikdir.

***


Vudfoksun da üzvü olduğu “Qara bəbirlər” təşkilatı 1966-cı ildə ABŞ-da irqi seqreqasiyaya qaşı inqilabi metodlarla mübarizə aparmaq üçün Hyui Nyuton və Bobbi Sil tərəfindən yaradılıb. Onların ən tanınmış təşəbbüsləri yoxsul ailələrdən olan zənci uşaqları üçün pulsuz səhər yeməkləri, “qara məhəllələr”in silahla qorunması, bank soyğunları (“inqilabi ekspropriasiyalar”) və polis zorakılığına qarşı cavab zorakılığı idi.

“Qara bəbirlər” Maonu, Çe Gevaranı və Frans Fanonu özlərinin ideya müəllimləri sayır, Martin Lüter Kinqin dinc mübarizə taktikasından imtina edirdilər. Məşhur “qara bəbirlər” arasında Anjela Devisin, Mumiya Əbu-Camalın (1981-ci ildən həbsdədir. Günahı sübuta yetirilməyib), habelə Lumumba Şakur və onun həyat yoldaşı Afeninin (məşhur reper Tupak Şakurun valideynləri) adları var. Total repressiyalar nəticəsində ABŞ hökuməti təşkilatın əsas kadrlarını 1970-ci ilə qədər qətlə yetirməyi bacarandan və çoxsaylı həbslər keçirəndən sonra “Qara bəbirlər”in fəaliyyət aktivliyi də azaldı, ancaq tam bitmədi.

Albert Vudfoks 1967-ci ildə silahlı qarətə görə həbsə atılır. 5 il sonra onun saxlandığı türmədə qiyam baş verir və nəticədə 23 yaşlı nəzarətçi öldürülür. 1 nəfərin ölümünü 3 nəfərin üzərinə yıxmağa çalışırlar: Vudfoksun, Robert Kinqin və German Uollesin. Hər üçün ömürlük həbs cəzasına məhkum edilərək təkadamlıq kameralara köçürülür.

Bu üçlüyün azadlığı uğrunda beynəlxalq kampaniya başladılır. Cinayəti onların törətdiyinin heç bir maddi dəlili tapılmır, buna baxmayaraq üçlüyün azadlığa buraxılmasından söhbət belə getmir. Ən qəribəsi odur ki, Luiziana ştatının məhkəməsi 2 dəfə onların təqsirsiz olmasına dair qərar çıxarır, ancaq hər dəfə də iş yenidən istintaqa göndərilir. Vudfoks və dostları haqqında bir neçə sənədli film çəkilir, onların azadlığı üçün Amnesty International çalışır - ancaq faydasız.

Bu üçlüyü həm də “Anqola üçlüyü” adlandırırlar, çünki onların saxlandıqları türmə keçmiş “Anqola” qul plantasiyasının yaxınlığında yerləşir. Tarixin ironiyası. Bəlkə də davamı.

Qeyri-insani şəraitdə saxlanılan məhbusların Sistemə qarşı sonu görünməyən mübarizəsi başlayır. Sistem lal və kar qalır. Yalnız 2001-ci ildə, 28 illik tənhalıqdan sonra Robert Kinq azadlığa buraxılır. O, hazırda ictimai aktiv fəaliyyətlə məşğuldur.

Nəzarətçinin qətlində ittiham olunan ikinci məhbusu - German Uollesi 2013-cü ildə azad edirlər. Təkadamlıq kamerada ömrünün 40 ilini keçirən German artıq xərçəng xəstəsiydi və azadlıqda cəmisi 3 gün yaşayır.


Beləliklə, ittihamların qurama olduğunun sübutu kimi məşhur üçlükdən ikisinin sərbəst buraxılmasını göstərmək olar. Albert Vudfoks isə barəsində iki dəfə bəraət hökmü çıxarılmasına baxmayaraq “Anqola”da qalmaqda davam edir. Yalnız 2015-ci il iyunun 9-da onun haqqında üçüncü dəfə bəraət hökmü çıxarılır. Üstəlik, hakim cinayət işini növbəti dəfə istintaqa göndərilməsinə qadağa qoyur. Yəni, ABŞ ədliyyəsinin xəstə və qoca, 70 illik ömrünün 50 ilini türmədə keçirmiş Alberti azad etməkdən başqa çarəsi qalmır. Üstəlik, o, şəkərli diabetdən və əsəb pozuntusundan əziyyət çəkir.

Bu da sizə “Amerika ədaləti”. O, dünyanın bir çox diktaturalarındakı ədalətdən nəinki yaxşı deyil, üstəlik daha amansız və qeyri-insaniymiş.

Sonunda yenə də Amnesty International təşkilatının statistikasına müraciət edək. Təşkilatın dəyərləndirmələrinə görə, ABŞ-da 80 min (!) insan təkadamlıq kameralarda saxlanılır, onlardan da 25 min nəfəri bu şəraitdə illər boyu əziyyət çəkir. Hüquq müdafiəçiləri bu cür şəraiti “qeyri-insani və işgəncə” sayır.

Bu kameralar miniatür ölçüdə (maksimum - uzunluğu 3 metr, eni isə 2 metr) olmaqla pəncərədən də məhrumdur. Robert Kinq azadlığa çıxandan sonra The Guardian qəzetinə verdiyi müsahibəsində demişdi: “Mən yalnız 4 addım atıram və qapıya dirənirəm”...

***

Sent-Ekzüperinin “Balaca Şahzadə”sində Tülkü deyirdi: “Dünyada kamillik yoxdur. Ovçular olmayan yerlərdə qoyunlar da olmur”.

Elə hesab edək ki, bizim dünyamızda Tülkünün arzuladığı kamillik artıq bərqərar olub. Burada yalnız tülkülər və qoyunlar var. Ovçular isə yoxdur.

Və tülkülər bu “kamilliy”i bir mərkəzdən dünyanın dörd yanına ixrac edirlər. “Balıq başdan iylənir”, deyilmi?...

Məmməd Süleymanov


Müəllif:

Oxşar xəbərlər