15 Sentyabr 2016 17:04
2 839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar kitab kafesi adıyla hərə bir çayxana açır. Adı olur book-cafe, amma ora kitab ancaq suvenir və görünüş üçün qoyulur. Gəlib-gedən çayını, kofesini, meyvə şirəsini içir, sosiskasını yeyir, söhbətini eləyir. Kitablar qalır baxa-baxa...

Bu yaxınlarda isə Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın nəzdində Açıq kitabxana açıldı. Dünya ölkələrində bu ideya çoxdan tətbiqini tapıb. Biz də həsəd aparırdıq. Nəhayət, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanası bu layihəni birgə reallaşdırdılar.

Açıq kitabxana sutka boyu açıq səma altında çalışan sərbəst mütaliə mərkəzidir. “Mən oxudum, sən də oxu!” devizi altında fəaliyyət göstərir. Yəni burda istənilən şəxs evində olan, lakin istifadə etmədiyi kitabı gətirib oxumadığı başqa bir kitabla dəyişə bilər, yaxud gətirdiyi kitabın əvəzində yeni kitab götürüb mütaliə üçün apara bilər.

Açıq kitabxanaya giriş sərbəstdir, günün istənilən vaxtı hər kəs müraciət edə bilər.

Bura qədər çox gözəl… İki aydır fəaliyyət göstərən Açıq kitabxanadan söz düşəndə sual verirdik ki, görəsən burda da sevgililər gəlib, çay içə-içə biri-birilərinə eşqnamə oxuyacaq, yoxsa bura həqiqətən kitab ocağı olacaq?

Bu və başqa suallarla Açıq kitabxanaya yollandıq. Biz gələndə orda çox adam olmasa da, hamı kitab-dəftərlə məşğul idi. Oxuyan kim, yazan kim, kitabları müzakirə edən kim, hələ oxuyub-oxuyub yatan kim…

Kitabxana əməkdaşlarından savayı heç kimin stolunda çay yox idi. Heç demə, buna icazə verilmirmiş. Özünlə uzaqbaşı su və yüngül qəlyanaltı gətirə bilərsən. Yəqin yuxarıda dediyimiz kimi, buranın da “çayxanaya” çevrilməsindən ehtiyat edirlər: “Biz burda səkkiz saat iş başında oluruq. Kitabxananı sahibsiz qoyub getməyək deyə çayımızı burda içirik. Bura kafe deyil, kitabxanadır”.

Əməkdaşların dediyinə görə, gün ərzində kitabxananı 100-200 oxucu ziyarət edir: “Çox vaxt heç oturmağa yer tapılmır. Gələn hardasa bir saat oturur, çıxıb gedir. Kimsə kitab oxumaq üçün gəlmirsə, ona burda oturmağa icazə vermirik, yerindən qaldırırıq. Yoxsa başqa kitab oxumağa gələnlərə yer olmaz. Bura gələn kitab oxumalıdır, söhbət etməyə başqa yerlər var. Kitabxanada boşuna yer tutmaq olmaz. Gələn oxucuya şərait yaratmalıyıq”.

Bu məkana gələnlər özləriylə gətirdiyi kitabları da oxuya bilərlər, kitabxanın özündən götürdükləri kitabları da. Yetər ki, oxusunlar…

“Kitabxanadan kitab götürüb aparmaq istəyənlər isə mütləq onun yerinə başqa kitab qoymalıdılar. Devizimiz də belədir: Mən oxudum, sən də oxu. Hərdən kimsə bir kitabı o qədər bəyənir ki, onu yerinə kitab qoymadan götürmək istəyir. Onda müdiriyyətdən icazə alıb həmin kitabı veririk. Əks halda icazə yoxdur”.

Kitabxanada bizi təəccübləndirən isə o oldu ki, mübadilə üçün 1970-80-ci illərin kitablarını gətirmək olmaz. Bu dövrə aid kitablar artıq burda köhnə və ehtiyac duyulmayan kitab sayılır: “Kiril əlifbasıyla olan köhnə kitabları götürmürük. Çünki bizdə hamısı yeni nəşrlərdir. Həm də o kitablara tələbat yoxdur axı. İndiki oxucular o kitablara maraq göstərmir, tələbat olmayın kitabı boş-boşuna rəflərə niyə qoyaq? Bir az əvvəlki tarixlərə aid kitablara ancaq yaşlı adamlar nəzər salır. Gəncləri yeni kitablar, 2000-ci ildən sonrakı nəşrlər maraqlandırır”.

Rəflərdəki kitablara nəzər yetiririk. Çeşid elə də çox deyil, elə müəlliflər var, kitabları cild-cilddir. Maraq cəlb edən kitablar da çox azdır. Ancaq əməkdaşların sözlərinə görə, kitabxananın fondunda üç min nəşr var və yaxın zamanda yeni kitablar gətiriləcək.

Kitabxanaya kitab bağışlayan müəlliflər də var. Onlardan aktyor Bəhram Bağırzadənin adını eşidə bildik. Kitabxanın artıq daimi ziyarətçisinə çevrilən məşhurlar da var.

Kitabxana 7 gün 24 saat fəaliyyət göstərir. “Gecə burda kitab oxuyan olurmu?” deyə soruşduq, heç demə, olurmuş. Kitabxananı və kitabları isə gecə saatlarında xüsusi mühafizəçilər qoruyur: “Gecə kitabxanın çıraqları yandırılır və buralar çox gözəl görünüş alır. Gecə oxucularımız da var. Gecə saat 12-də də burda kitab oxuyan görmək olur”.

Bu kitabxananın qapısı heç vaxt bağlanmır. Bircə içəri girib kitab istəyən olsun…

Sevinc Fədai


Müəllif: