18 Sentyabr 2016 18:25
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 iyun 2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları yanında VCS nümayəndələrindən seçkilər qaydasında ictimai şuralar yaradılmalıdır. Bu məsələ “2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı” və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda da nəzərdə tutulmuşdur. Bu sahədə vəziyyət necədir? Təqdim olunan bu material ictimai şuraların yaradılması və fəaliyyəti ilə bağlı mövcud vəziyyəti təsvir edir.

1.Gözləntilər

Hökumətlərin açıq və hesabatlı olması, xalqın iştirakına və ictimai nəzarətə əsaslanan idarəetmə sisteminin təşkilimüasir dövrün ən aktual məsələsi kimi mütərəqqi dünyanın, bütün demokratik dövlətlərin və xalqlarıngündəmini təşkil edir. Həqiqi hesabatlılıq və şəffaflıq mexanizmlərinin sosial rifahın və ədalətin təmin edilməsində həlledici amil olmasının praktik təsdiqi bu istiqamətdə təşəbbüs və səylərin daha geniş vüsət almasını şərtləndirmişdir. Beynəlxalq “Açıq hökumət tərəfdaşlığı”, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü və digər təşəbbüslər mövcud amillərin və nailiyyətlərin nəticəsi olaraq meydana çıxmışdır. Dövlətlərin könüllü üzvlüyünə əsaslanan bu kimi qlobal təşəbbüslər açıq hökumətin və şəffaflığın əsas prinsip və standartlarının müəyyən edilməsində və həyata keçirilməsində yol xəritəsi rolunu oynamaqla dövlətlər üçün eyni zamanda müəyyən öhdəliklər və vəzifələr də müəyyən edir.

Demokratik dünyanın tərkib hissəsi kimi Azərbaycan Respublikası da şəffaflığa və icitmai nəzarətə əsaslanan idarəetmənin təşkilini öz strateji məqsədləri sırasına daxil etmişdir. Davamlı olaraq qəbul edilən və həyata keçirilən dövlət proqramları, konsepsiyalar, strategiyalar və digər tədbirlərlə korrupsiyanın qarşısının alınması və şəffaflığın təmin edilməsinə səy göstərilir.2004-2015-ci illərdə korrupsiyaya qarşı mübarizə üzrə həyata keçirilən 3 müxtəlif dövlət proqramı (2004-2006-cı illər üçün Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı, Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı, Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı) çərçivəsində həyata keçirilən tədbirlər ölkədə korrupsiyaya qarşı mübarizənin və şəffaflığın təmin edilməsinin hüquqi və institusional əsaslarını yaratmışdır.

Əsas missiyasıhökumətləri daha şəffaf, hesabatlı və məsuliyyətli etmək olan “Açıq Hökumət Tərəfdaşlığı” təşəbbüsünə qoşulmaqla Azərbaycan Respublikası açıq hökumətin təşviqi və şəffaflığın artırılması ilə əlaqədar fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırmaq, müsbət təcrübələri öyrənmək və paylaşmaq niyyətini ifadə edib. 2011-ci ildə təsis edilən“Açıq Hökumət Tərəfdaşlığı” Platformasında iştirakçıdövlətlərüzərlərinə 4 istiqamət üzrə öhdəlik götürdüklərini bəyan ediblər: 1) hökumətlərin fəaliyyəti ilə bağlı məlumatlara əlçatanlğın artırılması; 2) idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi; 3) dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi; 4) hökumətin daha hesabatlı və açıq olması üçün yeni nəsil texnologiyaların tətbiq olunması.

Azərbaycan üzərinə götürdüyü öhdəliyə sadiqliyini “2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı” və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” (MFP) kimi sənədlərlə nümayiş etdirib. Hər iki MFP“Açıq Hökumət Tərəfdaşlığı” təşəbbüsü prinsiplərinin, xüsusiləidarəetmədə ictimai iştirakçılığın təmin edilməsi üçün geniş imkanlar nəzərdə tutmuşdur.MFP-yə ictimai iştirakçılığın praktikaya son illərdə daxil olan ictimai şuraların yaradılmasını və gücləndirilməsini nəzərdə tutan tədbirlərin daxil edilməsi ictimai iştirakçılığın formallıqdan real məzmuna keçəcəyinə böyük ümidlər yaratmışdır.

Birinci MFPmərkəzi və yerli icra hakimiyyəti orqanlarının üzərinə 2012-2013-cü illərdə “əhaliyə xidmət göstərən dövlət orqanları tərəfindən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün müvafiq şuraların və ya əməkdaşlıq şəbəkələrinin yaradılması” vəzifəsini qoymuş olsada,həmin vaxt onların yaradılması və fəaliyyətini tənzim edən qanunvericilik aktı olmamışdır. Əlbəttə ki, təcrübədə birinci MFP-nin təsdiq edilməsinə qədər də bəzi mərkəzi icra hakimiyyəti orqanları yanında QHT-lərdən təşkil edilən ictimai qurumlar fəaliyyət göstərirdi. Onların təşkili və fəaliyyəti ümumi normativ hüquqi aktlara, özfəaliyyətə və könüllülüyə əsaslanmaqla həyata keçirilirdi. Lakin şuraların yaradılmasının MFP-yə vəzifə olaraq daxil edilməsi bu sfera üzrə münasibətlərin daha aydın və dəqiq tənzimlənməsini zəruri etmişdir.

22 noyabr 2013-cü ildə qəbul edilmiş və 1 iyun 2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ictimai şuralar üzrə münasibətləri tənzim edən əsas normativ hüquqi akt kimi çıxış edir. Qanunun tənzimləmə predmetinə ictimai şuraların statusu, yaradılması və fəaliyyət qaydalarını, hüquq və vəzifələri, strukturu və digər vacib məqamlar daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə" isə ictimai şuralara seçkilərin təşkili və keçirilməsiqaydalarını müəyyən edir.

Qanun ictimai şuraların statusunu mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurum kimi müəyyən edir. 5-15 üzvdən ibarət tərkibdə və səlahiyyət müddəti iki il olan ictimai şuralar vətəndaş cəmiyyəti institutları - qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri - tərəfindən seçilir. İctimai şuralar üçün aşağıdakı hüquqlar təsbit edilib:

1) mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından öz fəaliyyəti üçün zəruri olan məlumatları, ictimaiyyətlə məsləhətləşmələr tələb edən məsələlər üzrə hüquqi aktların layihələrini almaq; 2) ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi barədə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təkliflər vermək;

3) müvafiq ərazidə və sahədə dövlət siyasətinin formalaşması və həyata keçirilməsi barədə təkliflərlə çıxış etmək; 4) müvafiq sahədə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi barədə hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflər vermək;

5) ictimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq, ümumiləşdirmək və mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təqdim etmək; 6) dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinin müzakirəsi üçün açıq tədbirlər (ictimai müzakirələr, dinləmələr, seminarlar, konfranslar, dəyirmi masalar və digər tədbirlər) təşkil etmək;

7) ictimai rəyin öyrənilməsi üçün sorğular keçirmək və ya müvafiq təşkilatlara sorğu keçirilməsi barədə təkliflər vermək; 8) hüquqi aktların layihələrinin ictimai müzakirəsini keçirmək vəs.

İctimai şuraların qanunla müəyyən edilən statusu və malik olduğu hüquqlar onlara qarşıya qoyulan məqsədə çatmaq üçün hüquqi imkanlar yaradır. Onların praktikaya transformasiyasını isə yuxarıda qeyd edilənmüxtəlif dövlət sənədlərinin həyata keçirilməsi təmin etməlidir. Bu isə bilavasitə ictimai şuralar yaratmağa məsul olan icra orqanlarının məsuliyyətindən və iradəsindən əhəmiyyətli dərəcədə asılıdır.

2. Mövcud vəziyyət

Ölkədə icra hakimiyyəti orqanları yanında VCİ nümayəndələrindən təşkil edilmiş ictimai təsisatların mövcudluğu bununla bağlı rəsmi siyasəti xeyli qabaqlamışdır.«Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nı təsdiq edilənədək bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında şuralar artıq mövcud idi. Ədliyyə Naziri yanında 2006-cı ildən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 2010-cu ildən, Gənclər və İdman Nazirliyin yanında 1994-cü ildənmüxtəlif adlarla fəaliyyət göstərən şuralar müəyyən təcrübələr yaratmışdılar. Buna baxmayaraq dövlət orqanları yanında bu cür təsisatların yaradılması rəsmi dövlət siyasətinə ilk dəfə olaraq «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nına daxil edlməklə gətirilmişdir.
MFP-nin 4.2 bəndimərkəzi və yerli icra hakimiyyəti orqanları üçün 2012-2013-cü illərdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün müvafiq şuraların və ya əməkdaşlıq şəbəkələrinin yaradılması vəzifəsini müəyyən etmişdir. MFP-yə daxil edilməsi qısa bir zamanda dövlət orqanları yanında şuraların yaradılacağına böyük ümidlər yaradırdı. Lakin MFP-nin icra vəziyyəti üzrə nəticələr gözləntilərin özünü doğrultmadığını göstərir. MFP-də göstərilən müddətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyar üzrə Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın yaradılması (6 mart 2013-cü il) istisna olmaqla istər Mərkəzi, istərsə də yerli icra hakimiyyəti orqanları tərəfindən belə şuraların yaradılması haqqında heç bir məlumat yoxdur.

İctimai şuraların yaradılmasına “İctimai iştirakçılıq haqqında” Qanunun qəbul edilməsi müəyyən qədər impuls verməli idi. İctimai şuraların statusu üzrə qanunvericiliyin olmaması onun təşkili və fəaliyyətində həqiqətən müəyyən çətinliklər və suallar yarada bilərdi. Qanun qəbul edilənə qədər şuraların təşkil edildiyi dövlət orqanlarında bu məsələlər əsasən daxili qaydalarla tənzim edilirdi. Lakin qanunun qəbulu ilə vahid tənzimləmə olsada vəziyyət dəyişməz olaraq qalmışdır.

Qanunun qəbulundan indiyədək yalnız 3 mərkəzi icra hakimiyyəti orqanında qanunun tələblərinə müvafiq şəkildə ictimai şuralar formalaşıb. 29 sentyabr 2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 25 iyun 2015-ci ildə isə Ədliyyə Nazirliyi, 20 may 2015-ci il tarixdə Dövlət Miqrasiya Xidməti yanındaictimai şuralaraQanunun tələblərinə müvafiq olaraq yeni seçkilər keçirilmişdir. Əslində ictimai şuraların fəaliyyət göstərdiyi digər qurumlarda da seçkilər keçirilməli və şuranın tərkibi yenidən formalaşdırılmalıdır. Qanunun qəbulu mövcud şuraların öz fəaliyyətlərini qanunun tələblərinə uyğunlaşdırılmasını zəruri edir. Bu şuraların tərkibi qanunda nəzərdə tutulduğu kimi seçkilərlə yox, daha çox müvafiq qurumların özlərinin arzuladığı və dəvət etdiyi şəxslərdən formalaşıb.

Adları qeyd edilən mərkəzi icra hakimiyyəti orqanlarından başqa digər qurumlar ictimai şuraların yaradılmasına heş bir təşəbbüs göstərməyiblər. Yerli icra hakimiyyətləri səviyyəsində isə yalnız Bakıda Binəqədi rayon icra hakimiyyəti yanında ictimai şuraların yaradılması qeydə alınıb. Yerli özünüidarəetmə orqanları yanında şuraların yaradılması isə ümumiyyətlə heç bir yerdə xatırlanmır və bu məsələ demək olar ki, ictimai diqqətdən tamamilə kənarda qalıb. Ola bilsin bu bələdiyyələrdə şuraların yaradılmasına o qədər zərurətin olmamasından qaynaqlanır. Fikrimizcə dövri olaraq seçkilərin keçirilməsi, mövcud hesabatlılıq mexanizmləri, vətəndaşların iştirak formaları və digər demokratik institutların faktiki olaraq şuralar üçün nəzərdə tutulan hüquqları həyata keçirməsi bələdiyyələrdə şuraların əhəmiyyətini azaldır. Eyni zamanda lazımi qədər resursların olmaması da çətinliklər yaradan amillərdəndir.

Qeyd etmək lazımdır ki, yerli özünüidarəetmə orqanlarında şuraların yaradılması məsələsi dövlət proqramlarına da daxil edilməmişdir.

Göstərilən səylərə baxmayaraq şuraların yaradılması üzrə zəif nəticələr bu məsələnin yeni MFP-yə daxil edilməsini şərtləndirmişdir. Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 4.2.1 bəndi 2016-2018-ci illərdə mərkəzi və yerli icra hakimiyyəti orqanları üçünictimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi, 4.2.2. bəndi isə ictimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsini nəzərdə tutan vəzifələr müəyyən etmişdir.

MFP-nin təsdiq edilməsindən 5 aydan artıq keçməsinə baxmayaraq qeyd edilən tədbirlər üzrə heç bir tərəqqi müşahidə edilmir.Bəzi rayon icra hakimiyyəti orqanlarının internet səhifələrində ictimai şura adlanan bölmə yaradılsada, lakin həmin bölmə altında ya ümumi xarakterli məlumatlar, ya da ümumiyyətlə başqa məlumatlar yerləşdirilmişdir. Məsələn, Nərimanov rayon icra hakimiyyətinin saytında ictimai şura bölməsinə icra başçısı haqqında məlumat yerləşdirilib. Binəqədi rayon icra hakimiyyətinin saytında ictimai şura bölməsində isə ictimai şuranın yaradılması haqqında elan və müvafiq normativ-hüquqi aktlardan başqa heç bir məlumat yoxdur.
Yerli icra hakimiyyətləri səviyyəsində Binəqədi icra hakimiyyəti ictimai şuraların yaradılmasına ilkə imza atsa da, şuranın obyektiv şəkildə formalaşdırılması haqqında birmənalı fikir yürütmək çətindir. Qeyd etmək yerinə düşər ki, bu problem müəyyən mənada digər ictimai şuralar üçündə xarakterikdir. İcra hakimiyyəti orqanları ictimai şuraların tərkibinin ətraflarında və onlara yaxın olan şəxslərdən formalaşdırmağa cəhd edirlər. Fikrimizcə bu amil ictimai şuraların seçilməsi qaydasının dəyişdirilməsini zəruri edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"-nin 2.2. bəndinə əsasən ictimai şuralara seçkilərin təşkili həmin mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir. Seçkilərin təşkilinin tam olaraq şuraların təşkil edildiyi orqana həvalə edilməsi həmin orqanlara seçkiləri öz maraqlarına uyğun şəkildə keçirməlləri üçün əlverişli şərait yaradır. Bu cür seçkilərlə seçilən ictimai şuraların səmərəli və obyektiv fəaliyyət göstərəcəyi az inandırıcı görünür.

Prosesin bu cür davam etməsi qeyd edilən fəaliyyətlərin MFP-də nəzərdə tutulan müddətdə həyata keçiriləcəyinə şübhə yaradır. Fikrimizcə icra hakimiyyəti orqanlarının bu cür məsuliyyətsiz davranışına iki mühüm amil təsir göstərir: 1) “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulan bəzi tədbirlər həyata keçirilməyib. Fərmanın 1.1.2. bəndindəAR Nazirlər Kabinetinə 3 ay müddətində Qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və Fərmanın 1.1.3. bəndində fəaliyyətinə ictimai nəzarət ediləcək mərkəzi icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılsada bu tapşırıqlar yerinə yetirilməyib; 2) Fəaliyyət planınında tədbirlərin çox ümumi şəkildə müəyyən edilməsi və nəticələrin göstərilməməsi planın səmərəli icrasına mənfi təsir göstərir. Planın bu cür tərtibi onun qarşıya qoyulan vəzifələrə nə qədər nail olunduğunu qiymətləndirməyi mümkünsüz edir. Fəaliyyət planında nəzərdə tutulan nəticələrin əldə edilməsinə mane olan halların müəyyən edilməməsi, səbəblərin analiz edilməməsi, təcrübənin öyrənilməməsi vəs. kimi fəaliyyətləraparmadanyeni planın hazırlanması da uğurlu nəticələr vəd etmir.
Mövcud vəziyyətə ümumilikdə QHT-lərin və medianın mövqeyinin zəifləməsi də müəyyən dərəcədə təsir göstərib. Bu təsisatların monitorinq və araşdırma imkanlarının məhdudlaşması ictimai nəzarətin və tənqidin zəifləməsinə səbəb olub.

3. Tövsiyyələr

İctimai şuraların səmərəli fəaliyyət göstərməsi və qarşıya qoyulan məqsədlərə nail olunması üçün yuxarıda qeyd edilən və onun fəaliyyətinə mane olan halların aradan qaldırılması mütləqdir. Bunlar həll edilmədən və əməli addımlar atılmadan ictimai şuralardan səmərəli fəaliyyət və real nəticələr gözləmək əbəsdir.

Praktika göstərdi ki, icra orqanları istər qanunvericiliyin, istərsədə MFP-nin tələblərinə əməl etmək niyyətində deyillər. Prosesin sürətləndirilməsi zəriurəti inzibati tədbirlərin tez bir zamanda tətbiqini tələb edir. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın 1.1.2. və 1.2.3. bəndlərinin icrasının təmin edilməsi mövcud vəziyyətinmüsbətə doğru dəyişməsi və Qanunun tətbiqi üçün çox vacibdir.

İctimai şuraların yaradılması ilə bağlı siyasi iradə daha qətiyyətli şəkildə göstərilməlidir. Islahatların konseptual əsaslarının hazırlanmasında siyasi iradə nümayiş etdirildiyi kimi onun həyata keçirilməsində də eyni iradənümayiş etdirilməlidir. Ölkə praktikasından siyasi iradənin sayəsində həll edilməsi çətin görünən problemlərin qısa zaman kəsiyində uğurlu həlli üzrə çoxlu sayda nümunələr göstərmək mümkündür.

İctimai şuraların təşkili prosesində icra hakimiyyəti orqanlarının manipulyasiyaya yol verməmələri üçün seçkilərin təşkili və keçirilməsinin müstəsna olaraq onların səlahiyyətinə aid edilməsi qaydası dəyişdirilməlidir. Bu məsələnin koordinasiya edilməsi məsələsinin müvafiq dövlət orqanına həvalə edilməsi (Məsələn, AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu funksiyanı yerinə yetirə bilər.) ictimai şuraların təşkilində icra orqanların təsirini aradan qaldırmaqla bərabər həmdə ümumiikdə prosesin özünə impuls verə bilər.

Problemin həllinə kömək edə biləcək digər addım qanunvericilik qaydasında VCS-lərin ictimai şuralar yaradılması təşəbbüsçüsü kimi tanınması ola bilər. Müəyyən sayda VCS nümayəndələrinin ictimai yaratmaqla bağlı təklifinin icra orqanları tərəfindən nəzərə alınmasının məcburiliyinin qanunvericiliyə gətirilməsi ictimai şuraların yaradılmasındakı ətaləti aradan qaldırmağa müəyyən qədər müsbət təsir göstərə bilər.

İctimai şuraların vətəndaş cəmiyyəti subyektləri tərəfindən təşkil edilməsi nəzərdə tutulsa da, prosesin əsas iştirakçıları qismində QHT-lər çıxış edirlər. Buna görə də ictimai şuraların səmərələliyi ilk növbədə güclü QHT sektorunun mövcudluğundan keçir. Mərkəzdə və iri şəhərlərdə ictimai şuraların yaradılması üçün yetərincə QHT olduğu halda ucqar rayonlar haqqında bunu demək çətindir. Daha çox sovet dövründən və daha çox dövlətin himayə etdiyi əmək, müharibə veteranları vəs. kimi təşkilatlar istisna olmaqla müstəqil QHT-lərin olmadığı rayonlar belə mövcuddur. Belə rayonlarda əlbəttə ki, müstəqil və səmərəli fəaliyyət göstərəcək ictimai şuralardan söhbət belə gedə bilməz.

İctimai şuralara seçkilərin şəffaf və obyektiv şəkildə keçirilməsi onların gələcək inkişafına və fəaliyyətinə təsir göstərən əsas amillərdəndir. Praktikada ictimai şuralara seçkilər haqqında elanın yalnız müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet səhifəsində yerləşdirilməsi bir çox hallarda VCS-lərin bu barədə məlumat almaq imkanlarını məhdudlaşdırır. İnformasiyaya əlçatanlığın təmin edilməsi üçün elanlarəksəriyyətə əlçatan və daha çox baxış sayı olan digər saytlarda da yerləşdirilməlidir.

MFP-də nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi üçün tədbirlərin və indikatorların daha dəqiq göstərilməsinə ehtiyac vardır. Tədbirlərin ümumi şəkildə göstərilməsiaidiyyatı dövlət orqanlarına manipulyasiyaya şərait yaradır. Bunun təkrarlanmaması üçün növbəti MFP-nin hazırlanmasına daha çox vaxt ayrılmalı, ən yaxşı təcrübələrdən istifadə edilməli, tədbirlər daha konkret və ölçülə bilən olmalıdır.

Mirəli Hüseynov
“Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri

Material Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Demokratiyanı Öyrənmə” İctimai Birliyi tərəfindən həyata keçirilən “İctimai nəzarətin həyata keçirilməsində Vətəndaş Cəmiyyəti Subyektlərinin rolunun gücləndirilməsi” layihəsi çəçivəsində hazırlanıb.


Müəllif: