Sentyabrın 23-də Qəbələ rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunun və FHN İşçilərinin Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə səmti müəyyən etmə idman növü üzrə FHN-in IV çempionatının final mərhələsi keçirilib.
Teleqraf.com xəbər verir ki, Qəbələ rayonundakı meşə massivində keçirilən yarışın bağlanış mərasimində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək, FHN-in qurumları arasında təşkil olunan səmti müəyyən etmə üzrə idman yarışına 23 qurumdan 23 komanda olmaqla, 95 kişi və 3 qadın idmançının qatıldığını diqqətə çatdırıb.
Bildirib ki, üç gün davam edən yarışda komandaların mübarizəsi ilə yanaşı, FHN-nin əməkdaşları şəxsi birincilik üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Yarış yüksək səviyyədə təşkil olunub, FHN-in əməkdaşlarının və komanda üzvlərinin qidalanmaları, gecə qalmaları üçün meşədə lazımi şəraiti olan çadırlar qurulub. Qeyd olunub ki, FHN-in səmti müəyyən etmə komandası dünya və Avropa çempionatlarında da iştirak edəcək.
Tədbirdə FHN İşçilərinin Həmkarlar Təşkilatının sədri Mehman İsmayılov, Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov qalibləri, komandaların üzvlərini təbrik edib, ölkəmizdə səmti müəyyən etmə idman növünün inkişafı üçün görülən işlərdən, əldə edilən uğurlardan danışıblar.
FHN əməkdaşlarının baş verə biləcək fövqəladə hadisələrə hazırlığını yoxlamaq məqsədilə meşə şəraitində keçirilən bu yarışdan əvvəl baş hakim tərəfindən püşkatma mərasimi, komanda nümayəndələrinin iclası, eləcə də idmançılar üçün seminar keçirilib. Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının hakimi Nataliya Əliyeva yarışların baş hakimi olub. Əvvəlcə kişi iştirakçılar kompas və xəritədən istifadə etməklə 4,2 kilometr məsafədə yerləşən 11 nəzarət məntəqəsini hamıdan tez taparaq finiş xəttinə çatmaq uğrunda mübarizə aparıblar. Burada hər bir idmançıya 2 saat vaxt verilib. Həmin vaxtda nəzarət məntəqəsini tapıb geri qayıda bilməyən iştirakçı yarışdan kənarlaşdırılıb. Qadınlar isə kompas və xəritədən istifadə etməklə 3,2 kilometr məsafədə yerləşən 11 nəzarət məntəqəsinin tapılması uğrunda yarışıblar. Həmin yarışda da iştirakçılara 2 saat vaxt verilib.
Yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin komandası birinci, Bakı Regional Mərkəzinin komandası ikinci, Sumqayıt Regional Mərkəzinin komandası üçüncü yeri tutub. Qızlar arasında şəxsi yarışlarda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva birinci, Cənub Regional Mərkəzinin əməkdaşı Nigar Məmmədova ikinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Arzu Eyvazova üçüncü yeri tutub. Kişilərin yarışında mərkəzi aparatın əməkdaşı Elçin Əhmədov birinci, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin işçisi Turan Şükürov ikinci, Mülki Müdafiə Qoşunlarının əməkdaşı Elçin Əzizov üçüncü yerə çıxıb.
Sonda qaliblərə medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim olunub.
İlhamə ƏBÜLFƏT