Bakıda seysmik riskin qiymətləndirilməsinə start verilir.
Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Teleqeraf.com-a verilən məlumata görə, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, baş mühəndis Rauf Muradov və Elmi əlaqələr şöbəsinin müdiri Telman Cəfərov Almaniyanın Potsdam şəhərində yerləşən Geoloji Araşdırmalar Mərkəzində (GFZ) işgüzar səfəri zamanı belə bir razılığa gəlinib.
Səfər əsnasında iki qurum arasında Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinin həyata keçirilməsi ilə bağlı danışıqlar aparılıb.
GFZ-nin Mərkəzi Asiya Tətbiqi Geoelmlər İnstitutunun direktoru Jörn Lauterjung Bakı şəhərinə təsir edən zəlzələ ocaqlarının əksəriyyətinin Xəzər dənizində yerləşdiyi üçün Xəzərdə də seysmik stansiyaların qurulmasının çox vacib olduğunu vurğulayıb.
Jörn Lauterjung Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinin həyata keçirilməsi üçün lazımi texniki köməklik göstəriləcəyini bildirib.
Görüşdə Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinin həyata keçirilməsi üçün GFZ-nin texno-parkında olan cihazların Bakı şəhərində quraşdırılması üçün ilkin razılıq əldə olunub.
GFZ-nin texnoparkından ilkin olaraq 20 stansiyanın 2 il müddətində Bakı şəhərində quraşdırılması GFZ-nin hesabına həyata keçiriləcək.
Layihəni 2017-ci ilin aprel-may aylarında başlamaq razılaşdırılıb.
RSXM-nin baş direktoru Qurban Yetirmişli Azərbaycanda palçıq vulkanlarının çox geniş yayıldığını, bu sahədə birgə tədqiqatların aparılmasını da təklif edib. Palçıq vulkanlarının monitorinqinin aparılması və zəlzələlər zamanı vulkanlarda baş verən proseslərin izlənilməsinin vacibliyi qeyd olunub.
İlhamə ƏBÜLFƏT