29 Sentyabr 2016 15:05
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər gün "tak-tak-tak" səsi eşidirik... Bu səs gələn kimi uşaqları evə yığırıq, çünki bu, qatarın yaxınlaşması xəbərdarlığıdır. Bu səsi bir gün eşitməyəndə nəsə hadisə baş verdiyini düşünürük. Niyə elə düşünürük? Çünki burada maşınla qatarın toqquşması hadisələri çox olub...”.

Nizamı rayonunun Keşlə qəsəbəsində yerləşən “Şanxay” adlı məhəlləsindəyik. Qəsəbə boyda olan məhəllənin sakini Əzizə Əliyeva ilə söhbət edirik.

Niyə “Şanxay”?

Məhəllənin adının tarixçəsi var. Bu qəsəbədə Hacı Salman adlı kişi yaşayırmış. Bir dəfə o, Çinin Şanxay şəhərinə gedib. Kişi geri qayıdanda burada yaşayan sakinlər ondan səfər elədiyi yerlərin necə olduğunu soruşublar. Hacı Salman kişi də qayıdıb ki: “Ora məhəlləmizdən heç də fərqlənmir. Orada da qatarlar evlərin yanından keçir, burada da”.

Beləliklə, sakinlər yaşadıqları məhəlləyə “Şanxay” adı veriblər. O vaxtdan hamı buranı "Şanxay" kimi tanıyır.

“Şanxay” məhəlləsində iki dar küçə var. Bu küçələrin hər iki üzünə sıra ilə evlər tikilib. Evlərin arasında məsafə azdır, üstəlik bu dar-daracağa dəmiryol relsləri də salınıb, burdan tez-tez qatar keçir. Relslər uzandıqca, evlər də uzanır.

Qatar Əzizə Əliyevagilin yaşadığı evin də bir addımlığından ötür: “20 ildir bu məhəllədəyik. Gün olur burdan 5-6 dəfə qatar keçir. Artıq uşaqlarımız da bizim kimi qatara öyrəşiblər. Qatar gələn kimi qaçıb gizlənirlər”.

“Nəvəmi xilas etsəm də...”

Evlərin arasından keçən dəmiryolu ilə “Şanxay” məhəlləsinin içərisinə doğru irəliləyən zaman bir evin qarşısında əli əsalı bir qadınla rastlaşdım.

75 yaşlı Güli Salahova deyir ki, 15 ildir əsa ilə gəzir: “Mənim ayağımın birini qatar kəsib. Nəvəm relsin üzərində oynayırdı, qatarın gəldiyini gördüm. Qaçdım ki, uşağı çəkib qatarın altından çıxarım, bu vaxt qatar özünü çatdırdı, yıxıldım və ayağımın birinin üzərindən qatar keçdi.

Nəvəmi xilas etsəm də, o gündən sağ ayağımın dizindən aşağı hissəsi yoxdur. Artıq bu cür yaşamağa öyrəşmişəm”.

Güli Salahovanın sözlərinə görə, qatar evlərin yanından keçəndə kimsə təəccüblənmir: “Biz qatarlara öyrəşmişik. Vaqonların səsinə, fitinə, yeri silkələməsinə baxmayaraq, uşağını yatıran yatırır, həyətində oturub çay içən içir. Qatarların səsinə əhəmiyyət verən yoxdur. Bircə təkərinə ilişməyək...”

Relslərdə oynayan uşaqlar, qatar uçuran evlər...

Qəsəbədəki dəmiryolun relslərin üzəri təhlükənin nə qədər ciddi olduğunu anlamayan uşaqların oyun yeridir.

Balaca Gülər deyir ki, onların oynaması üçün ayrıca yer yoxdur: “Relslərin üzərində oynayırıq, qorxmuruq. Qatar gələndə maşinistlər qışqırırlar ki, çəkilin... Biz də tez qaçıb evə giririk. Burda daha çox futbol, qaçdı-tutdu oynayırıq”.

Məhəllə sakini Soltan Vəliyev deyir ki, bu yerlərdə yaşamağın hər dəqiqəsi ölümdür: “Uşaqları nəzarətsiz buraxmaq mümkün deyil. Keçiddən maşın keçəndə qatarla toqquşduğu da çox olub. Dəfələrlə qatar evlərimizin hasarını uçurub. Neçə dəfə gəlib bura baxıblar,900-1000 evin söküləcəyi deyilib, amma heç bir xəbər yoxdur”.

Məhəllədə hər hansı hadisə baş verəndə yanğınsöndürən və ya təcili tibbi yardım maşınının əraziyə daxil olması çətin olur.

“Şanxay” məhəlləsinin sakini Fəridə Quliyeva deyir ki, uşaqlarını bu qatarların arasında böyüdüb: “45 ildir burada yaşayıram. 5 uşağım bu qatarların relsləri ilə oynaya-oynaya böyüyüb. Balaca olanda uşaqları qatarlardan qorumaq üçün nəzarətsiz qoymurdum. İndi də nəvələrimə nəzarət edirəm. Onlar relslərin üzərində oynayır, özüm qapının ağzında oturub, onlara göz qoyuram”.

Fəridə Quliyeva deyir ki, ailəsi bu məhəlləyə Lerik rayonundan köçüb: “O vaxt burda torpaq ucuz idi deyə aldıq, ev tikdik. Əvvəllər burada yağ zavodu işləyirdi, qatarlar daha çox gəlirdi. Vaqonlar arxa-arxaya düzülürdü... Neçə illərdir belə yaşadıq. Hər qatarın gəlib-keçməsi bir xeyli vaxt alır”.

"Şanxay" sakininin sözlərinə görə, burada tez-tez hadisə olur: “Bir neçə il əvvəl bir uşaq qohumugilə qonaq gəlmişdi. Relslərin üzərində oynayanda qatar üstündən keçdi. Uşağın qolunu, ayağını - hərəsinin bir tərəfdən yığdılar”.

“Şanxay” məhəlləsində 2840 qeyri-qanuni tikili siyahıya alınıb. 900-ə yaxın yarımçıq tikili var.


Uşağını məktəbə aparan Vüsalə Qasımova bildirdi ki, məhəllə sakinlərini uşaqları məktəbə qorxa-qorxa yola salırlar: “Bütün “Şanxay” sakinlərini hər an ölümü gözləyir. Uşaqları məktəbə yola salanda qorxuruq, məcbur qalıb özümüz aparıb gətiririk”.

Oyuncaqlar da qatar altına düşür

“Şanxay” sakinləri kompensasiya və ya başqa evə köçürülmək şərtilə buraların sökülməsinə razıdırlar.

Məsmə Səfərovanın sözlərinə görə, qatarın altında uşaqların oyuncağı ilə yanaşı özləri də qalıb: “Neçə illər bundan əvvəl 3 yaşlı bir qız uzaqdan atasının gəldiyini gördü, onun qabağına qaçanda qatarın altında qaldı. Yazıq parça-parça oldu. O hadisəni heç vaxt unuda bilmirəm. Pul düzəldib, başqa yerdə ev, torpaq alanlar qəsəbəni tərk edirlər. Pulu olmayanlar məcbur burda yaşayır”.

Artıq əlaqədar orqanlar bu məhəllənin taleyi ilə bağlı yuxarı instansiyalara məlumat veriblər. “Şanxay” sakinləri Nazirlər Kabinetindən cavab gözləyirlər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər