30 Sentyabr 2016 17:22
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda indiyədək 22614 ali və 32272 orta tibb işçisinə Sertifikasiya Şəhadətnaməsi verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi yanında Sertifikasiya Komissiyasının rəhbəri Malik Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Malik Abbasov qeyd edib ki, bu günə kimi 26860 həkimə və 38000 orta tibb işçisinə imtahana buraxılış vərəqəsi verilib: “İmtahanlardan keçə bilməyən və yaxud müxtəlif səbəblərdən imtahana gəlməyənlər sertifikasiya prosesində iştirak edən ali tibb təhsilli mütəxəssislərin təxminən 15-18 faizini, orta tibb işçilərinin isə 15 faizini təşkil edir”.

Malik Abbasov əlavə edib ki, Nazirlər Kabineti 1 dekabr 2015-ci il tarixli 371 nömrəli Qərarı ilə “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda sənəd qəbulunda və imtahan prosedurasında müəyyən dəyişikliklər edilib: “Sertifikasiya imtahanının keçirilməsinə 30 gün qalmış imtahana cəlb olunan hər bir şəxs Sertifikasiya Şurasının internet səhifəsində bu barədə məlumat yerləşdirmək yolu ilə və imtahana cəlb olunan şəxslərin təqdim etdikləri mobil telefon nömrələrinə SMS göndərməklə, yaxud elektron poçt ünvanlarına yazmaqla məlumatlandırılır. Qaydaya əsasən, sertifikasiya imtahanının sualları iki hissəyə (test və klinik tapşırıq) bölünür.

İmtahan suallarının test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan və 60 sualdan ibarət olan sual vərəqəsində qeyd olunur. İmtahan suallarının klinik tapşırıq hissəsi sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 klinik tapşırıqdan ibarət olur və sual vərəqəsində qeyd olunur.

İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar. Sertifikasiyadan keçən şəxslərə sertifikasiya imtahanının bitdiyi gündən 5 iş günü müddətində sertifikasiya şəhadətnaməsi verilir, həmçinin şəhadətnamənin surəti onların təqdim etdikləri elektron poçt ünvanına göndərilir”.

Malik Abbasov qeyd edib ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir: “Səhiyyə Nazirliyinin tabeliyindəki səhiyyə müəssisələrində çalışan tibb mütəxəssisləri kimi, özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, eləcə də digər nazirliklərin tabeliyində olan səhiyyə müəssisələrində işləyən tibb mütəxəssisləri də sertifikasiyadan keçirlər”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər