5 Oktyabr 2016 11:32
2 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) icraçı direktoru Qəzənfər Əhmədov cavablandırıb:

-Qəzənfər müəllim, ANAMA media ilə sıx əlaqədə çalışır, aparılan əməliyyatlarla bağlı müntəzəm olaraq informasiyalar yayırsınız. Bu il gərgin keçdi, aprel döyüşləri iş prosesinizə necə təsir etdi? ANAMA-nın builki fəaliyyətini necə xarakterizə edərdiniz?

-Aprelin 2-4-də baş verən hadisələrdən sonra ANAMA dərhal bir neçə əməliyyat qrupu yaradaraq çağırışlarla əlaqədar təxirəsalınmaz tədbirlər gördü. Bu tədbirlər planlı şəkildə həyata keçirildi. Hazırda da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sistemi ilə birgə çalışırıq. Əkin-biçin vaxtında əkin sahələrində, qazıntı zamanı kiminsə evində nəsə aşkar olunsa, birbaşa ANAMA-ya məlumat daxil olur, dərhal əməliyyat qrupumuz hadisə yerinə yollanır. Problem ondadır ki, təhlükəsizlik baxımından qaranlıq havada əməliyyat aparmaq çox çətindir. Əgər müraciət bizə axşam saatlarında daxil olursa, biz DİN-i məlumatlandırırıq, onlar sağ olsunlar, reaksiya verərək post qurub həmin obyekti nəzarətə götürürlər.

Səhər tezdən isə əməliyyatı bərpa edirik və lazım olan tədbirləri görürük. Əgər tapılan hərbi sursatı yerindən götürmək mümkündürsə, onu mərkəzi məhvetmə ərazisinə daşıyıb məhv edirik ki, evlərə ziyan dəyməsin, təhlükə yaranmasın. Elə minalar və hərbi sursatlar var ki, onu yerindən tərpətmək, heç 1 metr məsafədə uzağa aparmaq belə mümkün deyil. Belə hallarda hərbi sursat yerindəcə zərərsizləşdirilir.

Aprel hadisələrindən sonra Füzuli, Ağcabədi, Tərtər, Ağdam, Goranboy, Qazax, Ağstafa rayonlarında ümumilikdə 646 ev və həyətyanı sahə təmizləmişik. 3483 ədəd partlamamış hərbi sursat və 60 ədəd mina aşkar olunub. Bu, aprel hadisələrindən sonra görülən işlərin statistikasıdır.

Bildiyiniz kimi, ANAMA 1998-ci ildə prezident sərəncamı ilə yaradılıb və bu günə kimi 752 min 59 hərbi sursat və mina zərərsizləşdirilib. Ümumilikdə 386 milyon kvadratmetr ərazi təmizlənib, əhaliyə təhvil verilib. Biz planlı şəkildə mina və partlamamış hərbi sursat (PHS) barədə maarifləndirmə işləri aparırıq. 2004-cü ildə Azərbaycan Təhsil Nazirliyi, ANAMA və UNİCEF arasında Mina Təhlükəsinə dair Maarifləndirmənin (MTM) məktəblərin tədris proqramına inteqrasiya edilməsinə dair Anlaşma Memorandumu imzalandı, şagirdlər üçün dərslik və müəllimlər üçün təlim vəsaitləri hazırlandı. Beləliklə, bu günə qədər cəbhəboyu 26 rayonun orta məktəblərində 605 min şagirdə MTM dərsləri keçirilib.

Qeyd etmək istərdim ki, bizim əməliyyat işçilərimiz də hava şəraiti ilə əlaqədar qeyri-iş günlərində cəbhə xətti boyunca yerləşən kəndlərdə əhaliyə mina təhlükəsinə dair maarifləndirmə barədə məlumatlar verirlər, eləcə də təhlükəli ərazilərdə xüsusi nişanlar, böyük plakatlar basdırılır ki, yerli əhali həmin ərazidə diqqətli olsun, hansısa sursat görəndə ona toxunmasın, dərhal polisə və ya bilavasitə bizə məlumat versin. Əhalinin təhlükəsizliyini təmin etmək üçün maksimum dərəcədə çalışırıq. Elə hallar da olur ki, əhali bizim çağırışlarımıza etinasız yanaşır, tapdıqları hansısa sursatı özləri kənarlaşdırırlar, bu, əlbəttə, pis nəticələrə səbəb olur. Mina qurbanları təəssüf ki, olur.

620 nəfərdən çox işçimiz var. 1990-cı illərlə müqayisədə bu günədək mina partlaması halları xeyli azalıb. Amma çox təəssüf ki, bədbəxt hadisələr baş verir.

-Aprel ayında işğaldan azad edilən ərazilərdə minatəmizləmə işlərinə başlanılıbmı?

-İşğaldan azad olunan ərazilərdə minatəmizləmə işləri ilə bağlı planlar hazırlanıb. Biz qabağa keçsək də, işğaldan azad etdiyimiz ərazilər qarşı tərəfdən izlənilir. Ona görə də orada bu dəqiqə əməliyyata başlaya bilmərik. Həmin ərazidə işləmək riskli və təhlükəlidir, çünki əməkdaşlarımız düşmənin hücumuna məruz qala bilər. Ümumiyyətlə, minatəmizləmə zamanı işlər 3 səviyyədə aparılır. Belə ki, çox təhlükəli, orta çirkli və az təhlükəli ərazilər var. Biz ümidvarıq ki, Dağlıq Qarabağ özü və ətrafındakı 7 rayon tezliklə işğaldan azad ediləcək. Biz də var qüvvəmizlə dərhal orada əməliyyatlara başlamağa hazırıq.

-İşçi qüvvəniz və texnika buna imkan verir?

-Düzdür, işçi qüvvəmiz və texnikamız var, ancaq Allah qoysa, torpaqlarımız işğaldan azad olunandan sonra bizə əlavə qüvvə lazım olacaq. Çünki torpaqlar çoxdur, həmçinin ərazilərdə mina və PHS sayı kifayət qədərdir. 2000-ci illərdə aparılan texniki tədqiqat və təxmini hesablamalara görə, 500 milyon kvadrat metrdən çox ərazidə mina və PHS təmizlənməsi aparılmalıdır. Biz mərhələ-mərhələ təmizləmə aparacağıq.

Günü bu gün təmizləmə əməliyyatlarına başlamağa hazırıq, vaxt məhdudiyyətini və ərazinin böyüklüyünü nəzərə alsaq, təbii ki, bizə əlavə işçi qüvvəsi və texnika lazım olacaq. ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat (TTKT) Qurumu 1 ay ərzində yeni kadr yetişdirmək iqtidarındadır. İmtahan mərhələsindən sonra yeni kadrları əməliyyatlara cəlb edə bilərik. Təki torpaqlarımız tezliklə azad edilsin!

-Hazırda işğal altında olan bölgələrdə nə qədər ərazidə mina və PHS ilə çirklənməsi ehtimal olunur?

-Dəqiq demək mümkün deyil, çünki orada texniki tədqiqat aparılmalıdır. Dağlıq Qarabağ və ətrafdakı 7 rayonda 500 milyon kvadrat metrdən çox ərazinin təmizlənməli olduğu təxmin edilir.

-Hazırda minadan təmizləmə işləri əsasən hansı regionları əhatə edir?

-Hazırda Füzuli, Ağcabədi, Tərtər rayonlarında planlaşdırılmış əməliyyatlar gedir. Bakı şəhərinin ətrafında bir neçə sahə var ki, orada da iş aparırıq. Ağstafa rayonunun Ceyrançöl qəsəbəsində əməliyyat həyata keçirilir. İş rejimi əvvəlcədən bəlli olur, eyni zamanda gündəlik xüsusi dövlət tapşırıqları və planlaşdırılmış əməliyyatlar aparılır. Bundan başqa FHN və DİN-dən ötürülən məlumatlara əsasən qruplar ayrılır, onlar əməliyyatları həyata keçirib geri qayıdırlar.

-Bəs mina axtaran itlər nə qədərdir, onlar hansı ölkələrdən alınır, necə təlim keçilir?

-54 mina təmizləyən itimiz (MAİ) və mexaniki mina təmizləyən 6 maşınımız var ki, bu maşınlar sırf mina sahələrində işləyir. İtlər bu günədək ABŞ Dövlət Departamenti, beynəlxalq qurumlar, xarici donorlar tərəfindən hədiyyə olunub. Həmin itlər 3 ay ərzində karantində olur, sonra yenidən onlara təlim keçilir, sertifikasiya aparılır və bütün mərhələləri keçəndən sonra mina sahəsinə buraxılır.

Ölkəyə gətirilən MAİ mütləq onunla işləyəcək yeni bələdçisi ilə tanışlıq təliminə cəlb olunur. Təlim müddəti 1 aydan 3 aya qədər ola bilər. Əgər bu müddət ərzində itlə bələdçi arasında əlaqə yaranmazsa, o zaman bələdçi dəyişilərək təlimin müddəti yenidən artırıla bilər. Yerli şəraitdə yetişdirilən MAİ-lər isə seçilərək ilkin təlimə (2 yaşınadək) cəlb olunur. İlkin təlimi başa vurmuş itə təcrübəli bələdçi təyin olunarsa, 1 aydan 3 ayadək, yeni bələdçi təyin olunarsa 3 ayadək təlim keçirilir.

Təlimin sonunda ANAMA BQ-nın Akkreditasiya üzrə mütəxəssisi itləri akkreditasiya sahəsində test edir. Testdən keçmiş itlər 1 aydan 3 ay müddətinə qədər daxili keyfiyyət əməliyyatına qoşulmalı və digər inteqrasiya kursu keçməlidir. 3 aydan sonra MAİ supervayzerinin rəyinə əsasən minatəmizləmə əməliyyatına qoşulur. Hazırda 34 it əməliyyatda, 6-sı təlimdədir, 3-ü küçükdür, 3-ü damazlıqdır, 8 mina təmizləmə iti isə təqaüddədir. 8-10 il ərzində işlədikdən sonra bütün iş günü çalışa bilmirlər.

Təhlükəsizlik baxımından, heç bir informasiya ötürməmələri üçün onları təqaüdə göndəririk. İtləri yeməklə təchiz edirik, onların təmizliyinə qayğı ilə yanaşılır. Bunun üçün xüsusi işçilər ayırmışıq. Donor tərəfindən pay verilən bütün itlər barədə vaxtaşırı hesabatlar veririk.

-Bəs təlimçilər azərbaycanlıdır, yoxsa xarici ölkədən dəvət edilir?

-Artıq yerli mütəxəssislərimiz özləri təlim keçir, kadr yetişdirir. Hətta dövlətlərarası sazişlərə əsasən xarici vətəndaşlara təlimlər keçirik. 2001-ci ildən 2015-ci ilədək 160 kurs keçirilib, 1641 mütəxəssis hazırlanıb, onlardan 305-i əcnəbi olub. 2015-ci ildə isə 13 kurs olub, 170 tələbədən 4-ü xarici olub. Bizim sertifikatlarımız dünyada tanınır. Savadlı və peşəkar mütəxəssislərimiz çoxdur.

-İşçilər necə seçilir, onlar peşəkar hərbçidir, yoxsa sadə vətəndaşlar da sizə müraciət edə bilərlər?

-ANAMA-ya işə qəbul deyərkən elan verilmiş vakansiyaya görə ərizələr toplanır və toplanmış ərizələrə baxış keçirilib siyahı hazırlanır. Həmin siyahı üzrə müdavimlər müsabiqəyə dəvət olunurlar. Müsabiqə ANAMA Əməliyyat departamenti tərəfindən təşkil olunmuş komissiyada baş tutur. Müdavimlərlə ilkin tanışlıq, şifahi və yazılı test, ilkin tibbi sağlamlıq yoxlanılır, sənədlərlə tanışlıq həyata keçirilir. ANAMA-ya qəbul olunmaq üçün mütləq hərbi xidmətini başa vurmuş şəxslər müraciət edə bilərlər.

Əməliyyat işçilərinə işə qəbul üzrə tələb 22-40 arası yaş, tam fiziki və əqli sağlamlıq, Azərbaycan Respublikası vətəndaşı olmaqdır. Siyasi fəaliyyətlə məşğul olmağa yol verilmir, bir sözlə, dövlətə və dövlətçiliyə sadiq olmaq mühüm göstərici sayılır. İşə qəbul zamanı peşəkar hərbçilərə üstünlük verilir, lakin mülki şəxslər də işə qəbul olunur.

-Azərbaycanda cəbhə xəttindən kənar ərazilərdə mülki əhalinin yaşadığı yerlərdə də minalar və partlamamış hərbi sursat aşkarlanır. Bunun səbəbi nədir və bu minaların mənbəyini müəyyənləşdirmək olurmu?

-Sovet dövründə Azərbaycan Respublikasının ərazisində çoxlu hərbi hissələr, poliqonlar olub. Sovet ordusu həmin hərbi hissələri tərk edərkən qeyd olunmuş hərbi hissələri partladıblar. Partlamış və eyni zamanda partlamamış hərbi sursatlar böyük miqdarda əraziyə səpələnib. Həmin ərazilər uzun müddət istifadə edilməyib, indi isə yerli əhali əkin üçün əraziləri şumlayarkən qarşısına müxtəlif sursatlar çıxır.

Bizə məlumat daxil olan kimi əməliyyat qrupumuz əraziyə gedib obyekti zərərsizləşdirir. Vaxtilə Ağstafa rayonunun Saloğlu qəsəbəsində bu kimi hallara rast gəlinirdi, lakin ANAMA ilə NATO/NSPA (NATO-nun Dəstək və Təchizat Agenliyi) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun birgə layihəsi çərçivəsində 2005-ci ildə 3 mərhələ şəklində Saloğlu rayonu ərazisində 5683769 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatlardan təmizləndi və 2011-ci ildə tam təhlükəsiz olaraq əhalinin istifadəsinə verildi. Bundan sonra ANAMA ilə NATO/NSPA-nın ikinci birgə Layihəsi olan Ceyrançöl Təmizləmə Layihəsi olub. Bu ərazi keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib, həmin ərazidə olan PHS və minalar yerli əhali üçün ciddi humanitar, sosial-iqtisadi və ətraf mühitin çirklənməsi təhlükəsi yaradırdı.

Ceyrançöl layihəsi də 3 mərhələyə bölündü. Artıq NATO/NSPA ilə layihənin 3-cü mərhələsinin davam etdirilməsi üzrə danışıqlar aparılır.

-Agentliyin əməkdaşlarının işinə Ermənistan ordusunun hərbçilərinin müdaxiləsi, onların atəşə məruz qalması halları olubmu?

-Təxminən 2005-ci ildə belə hadisə olub, Ağdam rayonunda əməliyyat aparılarkən işçilərimizin çalışdığı ərazi atəşə tutulub, şükür, itkimiz olmayıb. Bundan sonra qərara gəldik ki, dərhal ərazini tərk etməliyik, çünki işçilərimizin həyati təhlükəsizliyi təmin edilməlidir. Qoşunların təmas xəttinə uzaq məsafədə əməliyyatlar aparırıq ki, qarşı tərəf vizual olaraq görməsin, təhlükəsizlik baxımından 2-5 km məsafədə işləmirik.

-İstənilən dərinlikdə olan minanın aşkarlanması üçün texniki avadanlıqlarınız varmı?

-Bəli, beynəlxalq standartlara uyğun olaraq 20 sm dərinlikdə yoxlama aparılır, nə aşkar edilirsə, götürülüb zərərsizləşdirilir. Amma ərazini yoxlayıb təhvil verəndən sonra yerli icra orqanları, yaxud sifarişçiyə rəsmi məlumat veririk ki, əgər yoxlanan ərazilərdə tikinti işləri planlaşdırılırsa, orada dərin yoxlama mütləqdir. Dərin yoxlama üçün bahalı avadanlıqlarımız var, 6 metr dərinliyə kimi araşdırma mümkündür, şübhəli obyekt görünən kimi onu çıxarıb zərərsizləşdirə bilirik.

Sovet vaxtından hərbi bazalar və Qarabağ münaqişəsinə görə bütün ərazilərdə hərbi sursat, mina təhlükəsi var. Yerli əhali, həm də bölgələrdə işləyən təşkilatlar əvvəlcədən işləri planlaşdırmalı və yerli icra orqanları ilə təmas qurmalıdır. Çünki yerli icra orqanları hansı ərazilərin təhlükəli sayıldığı barədə məlumatlıdır. Əgər hər hansı iş planlaşdırılırsa, yerli icra orqanlarına və yaxud birbaşa bizə məlumat verilməlidir.

-ANAMA yarandığı vaxtdan bəri hansısa regionu tamamilə minadan təmizləyə bilibmi?

-Yalnız bir rayonda təmizləmə aparmaq mümkünsüzdür. Çünki hər ay prioritetlər dəyişir, qaçqınlar üçün şəhərciklər tikilir, müvafiq sərəncamlarla əkin sahələri ayrılır. Dərhal bizim reaksiyamız olmalıdır ki, iş başlansın. Bütün kontingenti ancaq bir rayonda toplayıb orada təmizləmə işini başa çatdırıb digərinə keçmək mümkün deyil. Çünki gündəlik bizə məlumatlar daxil olur, gözlənilməyən təcili tapşırıqlara əsasən əməliyyatlar aparırıq, illik planlar olur. Ancaq mütəmadi şəkildə regionlarda yoxlamalar aparılır, əraziləri təmizləyib istifadə üçün yerli əhaliyə təhvil veririk.

-Plan qoyulurmu, məsələn, hər il filan qədər ərazi minadan təmizlənməlidir?

-Təxminən 30 milyon kvadratmetr ərazi plana götürülür. Hava şəraiti ilə əlaqədar bu rəqəmdən çox və ya az ərazi təmizlənə bilər. Dərin yoxlama ilə bağlı ciddi tapşırıqlar alanda bu, vaxt itkisinə səbəb olur.

-Ehtiyatsızlıqdan qəza baş veribmi?

-Təəssüf ki, 2007-ci ildə belə hal baş verib, əməliyyat zamanı bir nəfər hadisə yerində həlak olub, bir nəfər isə zərər çəkib. Bizim işimiz çox risklidir, partladıcı maddələrlə işləyirik. Əməliyyat standartlarına, beynəlxalq qanunlara riayət edirik, ancaq təəssüflər ki, bədbəxt hadisələr bütün dünyada qaçılmazdır.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər