6 Oktyabr 2016 14:34
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Alanya şəhərində artıq 13-cü dəfədir ki, Beynəlxalq Caz Festivalı keçirilib. Teleqraf.com xəbər verir ki, əsrarəngiz təbiəti ilə göz oxşayan bölgə bənzərsiz tarixi abidələri ilə də məşhurdur. Bir qayda olaraq ənənəvi caz festivalının səhnəsi Qızıl Qüllənin qarşısında qurulur. İndiyədək bu səhnədə dünyanın müxtəlif ölkələrindən gələn məşhur musiqiçilər öz məharətlərini dəfələrlə nümayiş etdiriblər. Adətən çoxsaylı tamaşaçalar arasında təkcə alanyalılar deyil, həm də şəhərin qonaqları olur. Bu dəfə də dili, irqi, dini fərqli yüzlərlə insanı Aralıq dənizi sahillərində bir araya gətirən ecazkar musiqi oldu. Bayramı dörd gün davam edib.

Alanya bələdiyyəsinin təkilatçılığı ilə keçirilən festivalın qapanış gecəsi isə ilk dəfə olaraq bütünlüklə Azərbaycana həsr edilib. Festival çərçivəsində Alanya bələdiyyəsi və Azad Azərbaycan Televiziyasının təşkilatçılığı ilə düzənlənən Azərbaycan gecəsi dövlət müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunub. Tədbirə millət vəkilləri, tanınmış ziyalılar, Azərbaycan diasporunun nümayəndələri də dəvət alıblar. Ekranda nümayiş etdirilən video-filmə maraqla izləyən qonaqlar demək olar ki, Azərbaycana qiyabi səfər ediblər. Ölkəmizin təbiəti, xalqımızın milli-mənəvi sərvəti, dünəni, bu günü ilə tanış olublar. ATV kanalında hazırlanan videogörüntülərin nümayişindən sonra Alanya bələdiyyə başqanı Adəm Murat Yücel millət vəkilləri Nizami Cəfərovu, Qənirə Paşayevanı, Musa Qasımlını və ATV kanalının Bədii Şurasının sədri, telejurnalist Etibar Babayevi səhnəyə dəvət edib. Bakı səfərinin xoş təəssüratlarını bölüşən bələdiyyə başqanı dostluq əlaqələrinin möhkəmlənməsində iqtisadi bağlılıqlarla yanaşı, mədəni-kütləvi tədbirlərin, şəxsi dostluq münasibətlərinin müstəsna əhəmiyyətini xüsusi vurğulayıb. A.Yücel eyni zamanda Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri olan millət vəkillərinə, eləcə də öz efində “bir millət, iki dövlət” fəlsəfəsini daim diqqət mərkəzində saxlayan ATV kanalına dərin minnətdarlığını bildirib.

Azərbaycan nümayəndə heyətinin üzvləri festival çərçivəsində ayrıca Azərbaycan gecəsinin keçirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün birlikdə anılması təşəbbüsünə görə təşkilatçılara dərin minnətdarlıq edərək bunun həm də hamıya bir mesaj olduğunu diqqətə çatdırıblar.

Millət vəkilli Qənirə Paşayeva deyib: “Türkiyənin gücü gücümüz, sevinci sevincimiz, kədəri kədərimiz olduğu kimi, Azərbaycanın da gücü sizin gücünüz, sevinci sevinciniz, kədəri kədərinizdir. Gənc nəsillərin də bu ruhda yetişməsi üçün daha çox çalışmaq isə bizim nəslin tarixi missiyasıdır”.

Festivalın yekun konsertində gənc bəstəkar və ifaçı Etibar Əsədlinin rəhbərlik etdiyi “Baku procekt” qrupunun öz milli koloriti ilə fərqlənən caz musiqisi böyük maraqla qarşılanıb. Gənc müğənni Samirə Əfəndiyeva isə hər dəfə səhnəni sürəkli alqışlar sədası altında tərk edib. Gecədə klassik caz nümunələrinin yüksək peşəkarlıqla səslənməsi də musiqisevərlərin diqqətindən yayınmayıb. İki saat sürən rəngarəng konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşadıb. Azərbaycan nümayəndə heyətinin işgüzar görüşləri isə Alanyada daha iki gün davam edib.

Səxavət


Müəllif: