Sovet Azərbaycanı qəzetlərini vərəqlərkən. 2-8 oktyabr...
1924-cü il
“Bakinski Raboçi qəzeti” oktyabrın 3-də əhaliyə xidmətin müxtəlif sahələrindəki çatışmazlıqlara bir neçə ironik material həsr edir. Məsələn: “Vağzaldakı arayış bürosu müvəqqəti sağaldıqdan sonra yenidən xəstələnib - telefon zəngləri cavabsız qalır, boş pəncərənin qarşısında dayanmalı oluruq, əksər sorğulara isə “bilmirəm” cavabı verilir. Təcili sağaldıcı iynə lazımdır”.
Yaxud, “Edison” kinoteatrının qış zalında tamaşaçıları milçək kimi ovlamaq qərarına gəliblər. Skamyalar elə boya ilə rənglənib ki, oturan yapışıb qalır. Paltardan bu boyanı təmizləmək üçün isə 2 ay vaxt lazımdır”.
Bakı tramvayı da ironiya mövzusudur: “2 və 3 nömrəli tramvayların hərəkət cədvəli o qədər qeyri-müəyyəndir ki, sərnişinlər, xüsusən də gənc nəsil üçün totalizatora çevrilib. Deyilənlərə görə, beş dəfə dalbadal 3-cü nömrəni tutan sərnişin 2 çervon (1922-47-ci illərdə kağız onluq) ziyana düşüb”.
1928-ci il
Oktyabrın 4-də “Bakinski Raboçi” Azneftdə struktur dəyişikliklərdən yazır. Görünür, hazırkı ARDNŞ-nin sələfi olan təşkilatda islahatları zəruri edən səbəblər elə indikinə bənzər idi: bir-birini təkrarlayan funksiyalar və “şişmiş” kadr siyahısı.
Qəzetin yazdığına görə, Azneftin satış idarəsi tamamilə ləğv olunur və onun səlahiyyətləri neftayırma zavodlarına verilir: “Bu idarənin bir çox şöbələri neftayırma zavodları ilə paralel funksiyalar yerinə yetirirdi”. Üstəlik, rayon idarələrinin müstəqilliyi artırılır və bu sonuncular istehsalın, maliyyə əməliyyatlarının və öz kadr ştatlarının idarəçiliyində geniş hüquqlar əldə edir. Nəhayət, yardımçı müəssisələrin də hüquqları genişləndirilir.
1930-cu il
“Bakinski Raboçi” qəzetinin 6 oktyabrda təqdim etdiyi yazılardan biri “Komsomolçular və pionerlər pambıq sahələrində” adlanır. Pambıq rayonlarında (Bərdə, Qazax, Qaradonlu, Xoruzlu və Bəyim-Sarı) komsomolçu və pionerlərin son günlər kütləvi iməciliyi təşkil olunub.
Astraxan-Bazar (Cəlilabad) rayonundan 400 komsomolçu 3 gün ərzində pambıq tarlalarında çalışıb. Bərdə rayonunun 127 komsomolçusu gün ərzində 9 sentner pambıq yığıb. Tərtər komsomolçuları da təşəbbüsə qoşularaq oktyabrın 3-nü “Pambıq yığımı günü” elan edib. Komsomolun Mərkəzi Komitəsi də Pedaqoji texnikumun və Nərimanov texnikumunun 240 tələbsini səfərbər edərək Salyan rayonuna pambıq toplamağa yola salıb.
1931-ci il
Oktyabrın 6-da qəzet partiya quruculuğunda yol verilən əyintilərdən və karyerizm hallarından yazıb. Məqalə “Qolçomaq əlaltısı olan kommunistləri partiyadan bayıra ataq” adlanır.
Nümunə kimi Sabirabad rayonunun Krasnoselsk partiya özəyindəki vəziyyət göstərilib. Məlum olub ki, kənddəki özəkdə 7 il əvvəl cəmisi 7 kommunist vardısa, bu gün də təşkilat elə həmin 7 nəfərdən ibarətdir. Bir sözlə, həmin şəxslər başqalarının partiyaya üzv olmasına mane olur, partiya sıralarının artmamasına çalışırlar. Qəzetin nəticəsinə görə, “Dairə partiya komitəsinin gözü qarşısında kommunistlərin qolçomağa çevrilməsi baş verir”.
Həmin 7 nəfərin arasında qolçomaqlar da var. O cümlədən, onlardan birinin təsərrüfatı elə böyükdür ki, ona münasibətdə fərdi kənd təsərrüfatı vergisi təyin edilib. Qəzet yazır: “Kənd təşkilatları yalnız bu cür elementlərdən azad olunandan sonra qarşılarında dayanan vəzifələri yerinə yetirə bilərlər”.
1937-ci il
2 oktyabr tarixli nömrəsində “Bakinski Raboçi” belə bir məlumat yayıb:
“Komsomolçu V.Xetaqurovanın çağırışına cavab olaraq Bakının gənc vətənpərvər qızları işləmək üçün Uzaq Şərq vilayətinə yola düşürlər. Dünən 64 bakılı qızın yola salınmasından sonra Bakı komsomol komitəsinə Uzaq Şərqə getmək istəyən daha 200 qızdan müraciət daxil olub. Onların arasında müəllimələr, tibb işçiləri, texniklər, makinaçılar var. 40 qızdan ibarət növbəti qrup Bakıdan Uzaq Şərqə oktyabrın ortalarında yola düşəcək”.
1938-ci il
Oktyabrın 4-də qəzet Stalin adına neftayırma zavodunda naftanın (yüngül benzin) alınması üçün təcrübələrin sona çatdığını qeyd edir. O vaxta qədər bütün SSRİ-də nafta yalnız Qroznı zavodlarında istehsal edilirdi.
Elə həmin sayında qəzetdə “Abşeronun palçıq sərvətləri” adlı yazı yer alıb. Qəzetin yazdığına görə, Bakıdan 8 kilometr aralıdakı Böyük-Şor gölündə müalicəvi palçıq istehsal olunur və maşınlarla palçıq anbarlarına daşınır. Məqalədə deyilir: “Mühəndis T.Karpinskinin rəhbərliyi altında Böyük-Şor gölündə palçıq ehtiyatlarını öyrənmək məqsədilə hidrogeoloji tədqiqatlar aparılır. Göldə 125 xırda quyu müəyyənləşdirilib. Kirov adına Balneo-fizioloji institutun əməkdaşları isə Novxanı kəndi yaxınlığındakı Masazır duzlu gölünün öyrənilməsi üçün böyük tədqiqat işlərinə başlayıb. Masazır gölündə də qiymətli müalicəvi palçıq aşkarlanıb”.
1939-cu il
Oktyabrın 5-də “Bakinski Raboçi” Dəvəçikənddən bəhs edən “Yeniləşmiş kənd” yazısını çap edib. Hazırkı Şabran rayonu 2010-cu ilə qədər Dəvəçi, 1944-cü ilə qədər isə Dəvəçikənd adlanıb.
Məqalədə Dəvəçikəndin Sovet hakimiyyətindən əvvəlki vəziyyəti ilə hazırkı vəziyyəti müqayisə olunur. Qəzetin yazdığına görə, çarizm dövründə Dəvəçikənd 60-70 ədəd yarıdağılmış və nəm evcikdən ibarət olub. O vaxt kənddə cəmisi 3 təhsilli şəxs yaşayıb: uryadnik (qəza polisində aşağı rütbə), molla və kənd mirzəsi. Sovet hakimiyyətinin qurulmasından sonra baş verən dəyişikliklər barədə qəzet yazır: “Əvvəlki Dəvəçikəndi indi tanımaq qeyri-mümkündür: yüzlərlə ev, 500 şagirdin oxuduğu onillik məktəb, uşaq bağçası, mehmanxana, bank, xəstəxana, poliklinika, doğum evi, malyariya dispanseri, hamam inşa edilib. Əvvəllər kənddə içməli su yox idi və əhali yaxınlıqdakı bataqlıqdan su götürürdü. Artıq 3 kilometr uzunluğu olan su kəməri çəkilib”.
Ümumilikdə rayonda 80 kolxoz fəaliyyət göstərir. Rayonun xalçaçılıq artellərində 1500 xalçaçı çalışır. Onlardan Filiz İlyasova, Gülzar Ümid qızı, Gülsüm Aslanovanın toxuduğu xalçalar Nyü-Yorkdakı dünya sərgisində nümayiş etdirilib. Cəmisi 10 il əvvəl kəndlərdə 12 məktəb vardısa, hazırda onların sayı 80 olub. “Stalin beşilliyi ərzində Dəvəçikənd tanınmaz dərəcədə inkişaf edib”, - məqalə müəllifi sonda əlavə edir.
1969-cu il
Qəzet 5 oktyabr tarixli nömrəsində Dəvəçi limanında qunduzların yetişdirilməsindən bəhs edir. “Qunduzlara isti olacaq” adlı məqalədə bu qiymətli xəzi olan canlıların buralarda ilk dəfə yetişdirildiyini vurğulanır: “Artıq quyruqlu əsirlərin ilk dəstəsi - yüz ədəd qunduz Bakı ovçu və balıqçı könüllülər cəmiyyətinin barmaqlıqlı volyerlərində öz yerini tutub. Çox sərt keçmiş sonuncu qışda istiliksevər canlılar böyük çətinliklərlə rastlaşmışdı. Dəvəçi ovçu təsərrüfatının ovçularının böyük səylərinə baxmayaraq, qunduzların çoxu uzun illərdən bəri ilk dəfə buz bağlayan limanda tələf olmuşdular”.
Qəzet yazır ki, 1969-cu ilin qışının da çox sərt olacağı proqnozlaşdırılır. Odur ki, xəz dərili canlıların məhvinin qarşısını almaq üçün bütün tədbirlər görülür: quru ot, arpa, çuğundur ehtiyatarı toplanıb, qış ərzində qunduzlar qəfəsdən çölə çıxmayacaq və s. Dəvəçi limanındakı iki ovçuluq bazasının volyerlərində 3 mindən çox qunduz saxlanacaq.
Maraqlıdır, görəsən, hazırda o volyerlər və o qunduzlardan nəsə qalıbmı?..
1982-ci il
“Bakinski Raboçi”nin 3 oktyabr tarixli sayında SSRİ-nin 50 illiyi adına Bakı soyuducular zavodunda istehsal olunan məişət əşyalarının dünyanın o bir ucuna - Kubaya yola salınmasına hazırlıq görüldüyündən bəhs edilir. Bəli, vaxtlar vardı, Azərbaycanın məhsulları ixracatda sərhəd tanımırdı.
Qəzetin yazdığına görə, ilin sonuna qədər “Azadlıq adası” Kubaya 10 min ədəd “Abşeron 2E” soyuducusu göndəriləcək. Üstəlik, soyuducular Kubanın iqlim şəraitində istismar üçün xüsusi əlavələrlə istehsal olunub.
Elə həmin sayında qəzet Sumqayıt sintetik kauçuk zavodunda təşkil olunan bir tədbirdən - ateist mövzularda mühazirələrdən söz açır. Mühazirələrin bəzilərinin mövzularına nəzər salaq: “Ateist tərbiyənin Lenin prinsipləri”, “İslam bu gün”, Dövlətin dinə və dindarlara münasibəti” və s. Görəsən, orada çıxış idən mühazirəçilər indi də dini tərbiyədən çıxışlar etmirlər ki?!.
Həmin ilin 8 oktyabr nömrəsində qəzet “Karvansarayda... teatr” başlıqlı yazı dərc edib. Söhbət Şəkidəki məşhur karvansaraydan gedir. Orada yeni teatr - “Səbuhi” satira teatrı fəaliyyətə başlayıb. Kollektiv Sabit Rəhman adına Dövlət dram teatrının truppasının əsasında formalaşıb. İlk tamaşa isə Mirzə Fətəli Axundovun anadan olmasının 170 illiyinə həs edilib və “Lənkəran xanının vəziri” olub. Tamaşaya teatrın baş rejissoru Hüseynağa Atakişiyev quruluş verib, baş rolları isə gənc aktyorlar Rafiq Yunusov, Gülşad Baxşıyeva və Fərman Abdullayev ifa edib.
Artıq Hüseynağa Atakişiyev də, Fərman Abdullayev də aramızda yoxdur. SSRİ-nin süqutu ilə “Səbuhi” teatrı da əbədiyyətə qovuşdu...