Bu yaxınlarda Azərbaycanda ilk dəfə 12 yaşlı hermafroditizim xəstəsi olan bir uşağın plastik əməliyyatla cinsiyyətinin dəyişdirildiyi məlumatı yayıldı. Hermafroditizim deyilən xəstəlik nədir? Azərbaycanda bu əməliyyat necə aparılır?
Teleqraf.com-un suallarını Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya kafedrasının professoru Eldar Hüseynov cavablandırdı.
-Eldar həkim, əvvəlcə, hermafroditizim anlayışı haqda danışardız.
-Hermafroditizm cinsi inkişafın anadangəlmə qüsurudur. Məlumdur ki, embrional inkişafın 2-ci ayında döl ikicinsli olur. Burada həm kişi, həm qadın cinsinə aid elementlər mövcuddur. Qadına aid olan Müller axarından çıxan üzvlər - uşaqlıq, uşaqlıq yolu, yumutalıqlar, Volf axacağından isə kişiyə aid xayalar, cinsiyyət üzvü, toxum ciyəsi və sair elementlər formalaşır. Hamiləlik davam etdikcə kariotipə uyğun olaraq (kişi cinsində XY, qadında XX) oğlanda kişi cinsinə aid elementlər inkişaf edir, qadına aid olanlar isə reduksiya olunur, yəni sorulur.
Oğlanların cinsi formalaşmasında xayaların ifraz etdiyi testosteronun böyük rolu var. Qızlarda isə bu proses əksinə inkişaf edir.
-Bu xəstəlik və ya qüsur necə əmələ gəlir?
-İnkişaf mərhələsində genin mutasiyası, müxtəlif embriotoksiki faktorların təsiri nəticəsində, yaxud hamilə qadının hormonal balansının əhəmiyyətli dərəcədə patoloji dəyişikliyi ilə əlaqədar cinsin formalaşması pozulur, bu səbəbdən döldə hər iki cinsə aid elementlər qalır ki, bu da hermafroditizmin müxtəlif formalarinin yaranmasına gətirib çıxarır.
Döl nə qədər tez teratogen təsirə məruz qalırsa, bu şəraitdə formalaşmış orqanizmdə onun cinsi orqanlarında interseksual cizgilər bir o qədər çox olur. Qeyd etmək lazımdır ki, yaxın qohum nikahlarınin anadangəlmə müxtəlif inkişaf qüsurlarinin yaranmasında rolu əhəmiyyət kəsb edir. Digər tərəfdən, hamilə qalmaq üçün müxtəlif hormonal dərmanların qəbulu da cinsin formalaşmasını poza bilər.
-Hermafroditizmin formaları haqqında nə deyərdiz?
-Bu qüsurun müxtəlif formaları var. Bunlardan həqiqi və ya “yalançı” hermafroditizmi, testikulyar feminizasiya sindromunu və sairi göstərmək olar. Qeyd etmək lazımdır ki, həqiqi forma (həm qadına, həm kişiyə aid cinsi orqanlar bərabər qaydada inkişaf edir) nadir təsadüf olunur. Klinikamızın müşahidələrində daha çox testikulyar feminizasiya, yalançı kişi və qadın hermafrodizm formaları ilə rastlaşmışıq. Bu xəstələrin diaqnostikasında genetik, hormonal analizlərin aparılması cinsin təyinində vacib rol oynayır.
Sekso-patoloq tərəfindən pasiyentin psixo-seksual oriyentasiyasının təyini mütləq aparılmalıdır. Bu baxımdan cinsin korreksiyaedici plastik əməliyyatlarını cinsi yetişkənlik dövründə (14-16 yaşında) aparmaq daha məqsədəuyğundur.
-Həkim, ümumiyyətlə cins dəyişkənliyini vacib edən tibbi-patoloji hallar hansılardır?
-İnsan ya kişi, ya qadın doğulur və cəmiyyətdə özünə layiq yer tutur. Bir də var ikicinsli olur, bu zaman cəmiyyət onun yaşayışına maneçilik törədir. Belə insan özü də özünü tanımır ki, mən kiməm... Həmin xəstələrdə korreksiyaedici əməliyyatlar aparılmalıdır ki, onlar həyatlarını rahat yaşasınlar. Çünki bu insanlar cəmiyyətdə özlərinə yer tapa bilmirlər. Bəzən bu cür xəstəliyin çarəsindən xəbərsiz olur və intihara cəhd edirlər. İntihar yolu seçən gənclər arasında belə xəstələr müəyyən faiz təşkil edir. Onlar çıxış yolunu intiharda görürlər.
-Hermafroditizm əməliyyatı zamanı praktiki mənada nə edilir? Əməliyyatla bu problemi tam aradan qaldırmaq olurmu?
-Bütün dünyada belə xəstəliyin cinsi korreksiyası aparılır. İlk olaraq xəstənin cinsiyyətinin qadına və ya kişiyə aid olduğunu müəyyənləşdirmək üçün xəstənin bütün daxili üzvləri yoxlanılır. Əsas məsələ həmin xəstənin özünü hansı cinsə aid etməsidir. Bununla xəstənin qadın, yoxsa kişi olduğu sualına cavab tapılır. Çünki cinsin korreksiyasının düzgün aparılmaması ağır fəsadlara gətirib çıxara bilər.
Daha sonra kariotip, hormonal balans müəyyən edilir. Həmin şəxsin psixo-seksual oriyentasiyası sekso-patoloq tərəfindən təyin olunur, xəstələrlə söhbət aparılır. Bütün bu müayinələr başa çatdıqdan sonra əmin oluruq ki, bu şəxsdən kişi və yaxud qadın cinsi yaratmalıyıq... Korreksiya aparılır, cinsi dəyişiklik başa çatdırılır.
-Eldar həkim, əməliyyat bitdikdən sonra həmin şəxsin cinsi dəyişkənliyi hansı müddətə kimi tamamlanır? Bu cür xəstələr nəzarətdə saxlanılırmı?
-Hansı cins üçün dəyişkənlik ediriksə, həmin şəxsdə digər cinsiyyət orqanları çıxarılır. Bu xəstələr uzun müddət, təxminən 1-2 il dispanser nəzarətində saxlanılır, müvafiq hormonoterapiya aparılır. Klinikamızda korreksiyaedici əməliyyatların əksəriyyətndə qadın cinsi formalaşdırılıb. Onların böyük əksəriyyəti ailə qurublar.
-Hansı daha çətindir: qadının kişiyə çevrilməsi, yoxsa əksinə?
-Hər iki cinsi yaratmaq üçün müəyyən mərhələlər var. Amma qadın cinsini yaratmaq daha rahat olur.
-Neçə hermafroditizim əməliyyatı etmisiniz?
-Klinikamızın nəzarəti altında 1997 ildən başlayaraq hazırki müddətəcən hermafroditizmlə əlaqədar 40-dan çox cinsin korreksiyası əməliyyatı aparmışıq. Son əməliyyat bu ilin sentyabr ayında icra olunub. Respublikamızın digər ixtisaslaşdırılmış klinikalarında da belə əməliyyatlar aparılır.
-İlk dəfə nə zaman hermofroditizim əməliyyat etmisiniz?
-1997-ci ildə. Yaxın qohum nikahından olan iki yeniyetmə bacıda hermafroditizmin testikulyar feminizasiya forması təyin olundu və korreksiyaedici əməliyyat aparıldı. 2002-ci ildə Moskva şəhərində nəşr olunan “Urologiya” jurnalında hermafroditizmə həsr olunmuş böyük bir məqalə dərc olundu, 2004 ildə Akademik Mircavad Cavadzadə ilə nəşr etdiyimiz “Uşaqlarda sidik yollarında aparılan rekonstruktiv-plastik əməliyyatlar” adlı monoqrafiyada V fəsil hermafroditizmə həsr olunmuşdu.
-Hermafroditizim əməliyyat edilən insanların anonimliyi qorunurmu?
-Əlbəttə, onların üzlərini tibbi məqalələrdə, mətbuatda göstərmək və haqlarında məlumat vermək qətiyyən olmaz.
-Bu əməliyyat üçün yaş müddəti varmı?
-Bu əməliyyatların cinsi yetişkənlik dövründə, yəni xəstənin psixo-seksual oriyentasiyası təyin olunandan sonra aparılması göstərişlidir. Lakin bizə müraciət edən 27 yaşlı bir xanımın üzərində də bu cür əməliyyat etmişik. O hər iki cinsiyyət orqanın daşıyıcısi idi. Biz onun üzərində bu əməliyyatı apardıq və həyatına qadın kimi davam etdi.
-Bu əməliyyat neçə saat çəkir?
-2-3 saat arası bu korreksiya əməliyyatı davam edir.
-Sizcə, insanın öz cinsini dəyişməsi onun özünün azad istəyinə buraxılmalıdırmı?
-Bəli. Çünki insan bu problemin həll yolunu tapdıqda özünü rahat hiss edir. Bu xəstəlik ağır sosial problemdir. Əməliyyatdan sonrakı dövrdə həmin şəxs hansı cinsdən olacağını artıq dərk edir, bu da onlarda böyük ruh yüksəkliyi, həyata maraq artır.
-Hermafroditizim xəstələrinin sayı artıbmı?
-Bu, hər gün rast gəlinən xəstəlik deyil. Qeyd etdiyim kimi, sonuncu dəfə ötən ay korreksiya əməliyyatı aparmışam. Ondan qabaq isə 3 il əvvəl belə əməliyyat olub. Bəzən bir ildə 3-4 belə xəstə müraciət edir.
-Bu xəstəlik nə zaman aşkarlanır?
-Bəzi qız uşaqlarında qasıq yırtığı ilə əlaqədar əməliyyat zamanı yırtıq kisəsindən kişi xayası aşkarlanır və sonrakı müayinə zamanı hermafroditizimin başqa əməliyyatları da üzə çıxır. Ultrasonoqrafiya zamanı qız uşaqlarında daxili cinsi orqanların aşkarlanmaması (uşaqlıq, yumurtalıqlar) bu xəstəliyin olduğuna dəlalət edir. Həmçinin həddi-buluğa çatmış qızlarda menstruasiya pozğunluqları zamanı müayinə olunarkən uşaqlığının və yumutlalığın olmaması hermafroditizm xəstəliyini təsdiq edir.
-Bu cür xəstələr sizin hermafroditizim korreksiyası əməliyyatı mütəxəssisi olmanız barədə məlumatı haradan əldə edirlər?
-Bu əməliyyat barədə heç bir reklam aparılmır. Xəstəlik aşkarlananda digər mütəxəssislər onları klinikamıza yönləndirirlər.
-Həkim, oğlan uşaqlarını əzizləmək onların psixologiyasına təsir edirmi?
-Oğlan uşaqlarını qız uşaqları kimi əzizləmək, dirnaqlarına rəng çəkmək məsləhət deyil. Oğlan uşağını kişi kimi böyütmək lazımdır. Yoxsa "incə" münasibət gələcəkdə onlar psixo-seksual oriyentasiyasına mənfi təsir edə bilər. Bu məsələdə analar çox diqqətli olmalıdırlar.
-Yaxın günlərdə mətbuatda hermafroditizim əməliyyatını ilk dəfə bir cavan həkimin etdiyi xəbəri yayıldı. Buna münasibətiniz?
-Əslində belə əməliyyatları cavan həkimlərin etməsi xəbəri sevindircidir. Amma Azərbaycanda ilk dəfə bu əməliyyatı məhz o həkimin aparması kimi sensasiya xarakterli məlumat həqiqətə uyğun deyil. Bəzi mətbuat nümayəndələri bu cür xəbəri araşdırmadan yayır. Yuxarıda qeyd etdiyim kimi, klinikamızda son 23 ildə 40-a yaxın belə əməliyyat etmişəm.
-Bu cür xəstəliklə bağlı cəmiyyətin maarifləndirilməsinə ehtiyacı varmı?
-Əlbəttə... Bir dəfə bir çobanın uşağı hermafroditizim xəstəsi idi. Atası deyirdi ki, o, çobandır, ikicinsli qalsın, əməliyyata heç bir ehtiyac yoxdur. Halbuki valideyn düşünməlidir ki, bir müddət sonra övladının hissləri yaranacaq və o, psixoloji stress keçirəcək. Bu cür insanlar hansı cinsdən olduqlarını mütləq bilməlidirlər.
İlhamə ƏBÜLFƏT