12 Oktyabr 2016 19:39
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 7-də “Gündəm Xəbər” qəzetində Ukraynanın Dnepropetrovsk şəhərində azərbaycanlı iş adamları Firuz İbrahimov və Qulam Ələkbərov arasında gedən mübahisələr barədə “Azərbaycandan Ukraynaya uzanan əllərdən atəş açıldı” başlıqlı açıqlama dərc olunmuşdu.

Yazıda qeyri-dəqiq faktlar yer aldığı üçün qəzetin təsisçisi Şirin Cəfəri oktyabrın 7-də Daxili İşlər Nazirliyinin müvafiq qurumuna dəvət olunub. Qurumda Şirin Cəfəriyə rəsmi şəkildə bildirilir ki, vətəndaş Qulam Ələkbərov DİN-in müvafiq qurumuna ərizə ilə müraciət edib və hal-hazırda həmin ərizə əsasında araşdırmalar da aparılmaqdadır. Şirin Cəfərinin nəzərinə o da çatdırılıb ki, Qulam Ələkbərovun Firuz İbrahimovla əvvəlcədən işbirliyi olub.

Şikayətçi Qulam Ələkbərov şəriki Firuz İbrahimova işləri ilə bağlı 2 milyon manat pul göndərib. O, həmin pullları Firuz İbrahimovun bacısının vasitəsilə çatdırdığını söyləsə də, qarşı tərəf göndərilmiş pulun ona çatmadığını deyib. Bundan sonra tərəflər arasında böyük mübahisə əmələ gəldiyindən, Firuz İbrahimovun bacıları araşdırma ilə bağlı DİN-nin müvafiq qurumuna çağrılırlar və rəsmi şikayət əsasında da, sorğu-sual olunurlar. İbrahimovun bacıları dindirildikdən sonra isə, sərbəst buraxılırlar.

Ümumi söhət əsasında Şirin Cəfəriyə hər iki iş adamı ilə bağlı rəsmi sənədlər də göstərilib.

Ələkbərovun yaxını ilə əlaqə saxladıqda “bu işlə bağlı DİN-nin müvafiq qurumuna şikayət olunub və lazımi sənədləri “Gündəm Xəbər”in redaksiyasına da təqdim etməyə hazırıq” deyə cavab verilib. Şirin Cəfəri buna heç bir halda etiraz etməyib və qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduqlarını vurğulayıb.

Şirin Cəfərinin sözlərinə görə, ümumi sənədlərlə tanışlıq zamanı tərəflər arasında yaşanan mübahisənin vəzifəli şəxslərlə heç bir bağlılığının olmadığını bilib.

"Bu, sadəcə hər iki azərbaycanlı iş adamı arasında baş verən mübahisədir ki, bunu da hazırda DİN-nin müvafiq qurumu araşdırmaqdadır. Onu da qeyd edək ki, yaxın günlərdə Qulam Ələkbərovun özü ilə, yaxud da yaxın çevrəsindən bir kimsə ilə görüşməyə cəhd edəcəyik. Həmin görüşdən sonra KİV haqqında qanunun tələblərinə uyğun olaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə çalışacağıq", deyə Şirin Cəfəri bildirib.


Müəllif:

Oxşar xəbərlər