Eldar Quliyev: “Hərə özü üçün bir sex açıb, necə gəldi istehsal edir”
Kolbasa-sosiska məmulatları ilə bağlı tez-tez xoşagəlməz xəbərlər eşidirik. Sonuncu belə xəbər müxtəlif çeşidli kolbasa və sosiska istehsalı ilə tanınmış “Səhliyalı” şirkətinin istehsalı olan “Halal nemət, 1000 bərəkət” markalı məhsulla bağlı oldu. Şirkətin “Halal nemət, 1000 bərəkət” markalı “Sacüstü sosiskaları”nın içindən qurd çıxdığını iddia edən Elvira Məmmədova məhsulun şəklini çəkərək sosial şəbəkələrdə yaydı.
Dünən isə sözügedən şirkətin müdiri Rəfail Məmmədov açıqlama verərək faktı təkzib etdi: “İstehsal prosesində xammal ət maşınında 3 millimetr ölçüsündə doğranılır. Bunu deməkdə məqsədim odur ki, bizim məhsulların hansındasa 3 millimetrdən böyük ölçüdə bir şey ola bilməz. Ət o şəkildə çəkilir və ona lazım olan digər vasitələr əlavə edilir. Bundan sonra məhsul kuterdən keçirilir. Son olaraq kolbasanın xammalı emulsiya formasına salınır. Əgər xammal bu formaya salınmasa kolbasanı hazırlamaq mümkün deyil. Həmin kuter bağlı şəkildə işləyir. Bütün hissəciklər tam qarışır ki, kolbasa alınsın.
Sonra həmin məhlullar örtüklərə doldurulur ki, bu zaman da xammalın insanla təması olmur. Nəhayət, məhsullar yüksək temperaturda bişir. Bu ona görədir ki, bütün bakteriyalar ölsün. Bişmiş məhsul soyutma kamerasında saxlanılır ki, bakteriyalar əmələ gəlməsin. Məhsullarımız bakterioloji lampaların və yüksək təzyiq pərdələrinin olduğu anbarlarda qorunur".
Rəfail Məmmədov onu da qeyd edib ki, məhsullar istehsal olunduqdan sonra laboratoriyada yoxlanılır: “Bütün məhsulların tərkibindən nümunələr götürülür və laboratoriyada yoxlanılır. Onlar müsbət rəy verdikdən sonra satışa çıxarılır. Bizim məhsulların tərkibində hər hansı yad vasitənin çıxması qeyri-mümkündür”.
Şikayətçinin təqdim etdiyi məhsulun tərkibi araşdırılır
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə sosiskanın içərisindən çıxan yad cismin mənşəyi ilə bağlı dəqiq məlumatın araşdırmalardan sonra məlum olacağını deyir: “Şikayətçi özü də bu gün (dünən-red.) komitədə olub, laboratoriyada keçirilən analizlərdə şəxsən iştirak edib”.
Bildirək ki, sözügedən şirkət sosial şəbəkələrdə şəkli paylaşılan məhsulun onlara məxsus olmadığını bildirib. Fazil Talıblının sözlərinə görə, şikayətçinin təqdim etdiyi 4 məhsul nümunəsinin hər birinin tərkibi araşdırılır: “Əgər tərkiblər uyğun gəlsə, müəssisədə quraşdırılmış kamera-nəzarət sistemi vasitəsilə bu işin necə baş verdiyi araşdırılacaq”.
“Biz kiminsə çörək qazanmasına bir söz demirik”
Vaxtilə kolbasa sexlərinə nəzarətin daha güclü olduğunu deyən Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bu səbəbdən əvvəllər xoşagəlməz halların baş vermədiyini deyir: “Artıq hər şey özəlləşib. İndi hərə özünə bir sex açıb, kolbasa istehsal edir. Sözsüz ki, buna dövlət tərəfindən nəzarət olmalıdır. Nəzarəti əslində Standartlaşdırma, Metrologiya və Patent Komitəsi, həmçinin Səhiyyə Nazirliyinin müvafiq şöbəsi həyata keçirir. Son faktlar göstərir ki, komitə bu işlərə nəzarəti kifayət qədər artırıb. Hesab edirəm ki, dövlətin apardığı siyasət çox düzgündür. Məhsulun saxlanma şəraiti, onun satışa hazır olandan sonra saxlanması diqqətdə olmalıdır”.
Deputat bildirir ki, sexlərdə, kolbasa və sosiskalar paylanan maşınlarda mütləq soyuducu olmalıdır: “Proseslər bu standartlara uyğun davam etməlidir. Yoxsa hərə özü üçün bir sex açıb, necə gəldi işləyir. Belə olmaz. Biz kiminsə çörək qazanmasına bir söz demirik, müdaxilə etmirik. Sadəcə, hər bir şey dövlət standartlarına uyğun olmalıdır. Söhbət yalnız məhsulun saxlanmasından getmir. Məhsulun keyfiyyətinə, tərkibinə lazım olan komponentlərin vurulub-vurulmadığından gedir. Elə kolbasa var ki, tərkibinə süd, yumurta vurmaq lazımdır. Yoxlayın görək, kolbasanın tərkibində həmin komponent varmı? Əllərinə nə düşdü, zir-zibil, kimyəvi maddələr qatırlar.
Sovet dövründə 2-3 kolbasa fabriki vardı. Nəzarət güclü idi. Bütün işçilər ağ xalatda, qolçaqda, papaqda idi. İndi o sexlərin heç birinin geyimi bu qaydalara uyğun deyil. Saxlanma, işləmə şəraitləri necədir? İnsanlar orada üfunətin içərisində çalışırlar. Bir daha deyirəm, birinci istehsal şəraitinə, ikincisi, xammalın haradan gəldiyinə, üçüncüsü isə hansı texnologiyaya uyğun hazırlandığına nəzarət olunmalıdır".
Cəmi üç müəssisəyə verilən nişan
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da kolbasa bazarında baş verənlərlə bağlı narahatlığını bildirdi. Onun sözlərinə görə, istehlakçıların inamını qazanmaq üçün şirkətlərin təhlükəsizlik nişanı alması vacibdir: “ABŞ-ın USAID şirkəti Azərbaycanda rəqabətə davamlılıq layihəsini 5 ildir həyata keçirir. Onlar bizim təşkilatla iş aparıblar. Azərbaycan istehlakçılarının qida təhlükəsizlik nişanını bəzi müəssisələrə verilməsi barədə iş gedir. Bu, dünyada ilk təcrübədir. Bildirim ki, gümüş, qızıl və platin səviyyəli qida təhlükəsizlik nişanları dövlət qeydiyyatına alınıb. Azərbaycanda bu nişan cəmi 3 müəssisəyə - ”Ulduz" şokolad fabrikinə, “Sab” və “Sevimli dad” kolbasa və sosiska məhsulları müəssisələrinə verilib".
AİB sədri deyir ki, onlar “Səhliyalı” şirkətində də bu işi aparmaq istəyiblər, lakin şirkət buna razılıq verməyib: “Çox təəssüf ki, bizə həmin şirkətdə təhlükəsizlik alqoritmini yoxlamağa icazə vermədilər. Çox böyük qiymətləndirmə alqoritmidir. Kim bu nişanı alırsa, əmin olmaq olar ki, onlar təhlükəsiz qida istehsal edirlər. Bir çox müəssisələri gəzərkən şahidi olduq ki, ölkədə ərzaq təhlükəsizliyinə cavab verən müəssisələr çox azdır. Demək olar yox səviyyəsindədir”.
Eyyub Hüseynovun sözlərinə görə, ölkədə kolbasa, sosiska istehsal edən şirkətlərdə vəziyyət ürəkaçan deyil.
“Halal” şirkətlərin adı açıqlanacaq
Yeri gəlmişkən, dünən SMPDK-da akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı (AzSert) Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) halal məhsulların istehsalı ilə bağlı zəmanət verdiyi ikinci şirkətin də “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat almaq üçün müraciətinə baxıb və ilkin müsbət rəy verib.
QMİ “SAB” və “Halal Qida” şirkətlərinin məhsullarına halal zəmanəti verib. Halal ət məhsullar istehsal etməklə bağlı ilkin müsbət rəy alan digər şirkətlər isə “Səhliyalı” və “M&T LTD” şirkətləridir. İlkin müsbət rəy alan şirkətlərə daha sonra sertifikat təqdim ediləcək. Bu müddət ərzində həmin şirkətlərin məhsulları da satışda olacaq.
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağasının tətbiqinə başlanıb.
SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarət Xidməti bununla bağlı yoxlamalar aparır. “Halal” standartına uyğun məhsullar istehsal etməyən, buna şəraiti olmayan, standartın alınması ilə bağlı komitəyə müraciət etməyən və üzərində əsassız olaraq “halal” sözü yazan şirkətlərə və istehsalçılara qarşı reydlər başlanıb. Reydlər zamanı bu cür istehsalçıların məhsulları müəyyən edildikdə satışdan çıxarılacaq və həmin istehsalçılara qarşı inzibati qaydalara uyğun sərt təbdirlər görüləcək.
Hazırda cəmi 9 müəssisə komitəyə “halal” standartının alınması ilə bağlı müraciət edib və artıq 4 belə müəssisəyə bu standarta uyğun məhsulların istehsal edilməsi üçün müsbət rəy verilib. “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat alacaq şirkətlərin adlarının yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında uzun müddət halal məhsulların istehsalına zəmanət verilməsi ilə bağlı mübahisəli durum yaşanıb. Mübahisəli durumun aradan qaldırılması üçün komitə İslam ölkələrindəki təcrübəni öyrənib və “Halal qida. Ümumi tələblər” dövlət standartını hazırlayaraq təsdiqləyib. Bundan sonra bu sahədə ciddi nəzarət tətbiq edilməyə, yoxlamalar aparılmağa başlanılıb.