Xanımlar, hərdən özünüz-özünüzə kiçik hədiyyə bağışlayın. Bu hədiyyə əl işi olsa, daha gözəl…
Ötən həftənin cümə və şənbə günü şəhərimizin xanımları üçün belə bir imkan da yaradılmışdı. Çoxdan bəri əl işləriylə məşğul olan Könül Allahverdiyeva və Təranə Cəfərova ətraflarına belə qabiliyyəti olan xanımları, elə kişiləri də toplayıb 6-cı dəfə festival keçirirdilər.
Havanın soyuduğu bir vaxtda payız rəngləri paytaxt sakinlərini, xüsusən xanımları bura toplamışdı. “Payız palitrası” adlı VI əl işləri festivalına.
Festivalın keçirildiyi ünvan – “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzi çətinliklə tapılsa da, mərkəzə daxil olanda gördüyün mənzərə yorğunluğu və çətinliyi unudurdu. Çünki burada insan əməyi var və adamlar da bu zəhmətin işığına toplaşmışdılar. Şəkərburadan tutmuş rəsm tablolarına, qadın aksessuarlarına, taxta oymalara, mətbəx əşyalarına qədər çox şeyin olduğu bu festivalda qadınlar istəklərinə uyğun nəsə tapmağa çətinlik çəkmirdilər.
Biz də festival qoşulub həm əl işləriylə maraqlandıq, həm də onları hazırlayan xanımlarla söhbətləşdik.
Könül xanım deyir ki, festival keçirmək ideyası üç il əvvəl yaranıb: “Təranə xanımla bir sərgidə tanış olduq, söhbətləşəndə belə bir fikir ortaya çıxdı. Düşündük ki, Azərbaycanın əl işi ustalarını bir yerə toplayaq. Çox vaxt sərgilərdə iştirak eləyirdik, dedik, qoy bu, sərgi yox, festival olsun. Festival mahiyyətcə daha genişdir.
Əvvəldən festivalı bu məkanda təşkil edirik. Təzə başlayanda 40-a yaxın iştirakçımız vardı, indi sayları 50-yə çatıb. Festivalda ən müxtəlif sənət növləri üzrə əl işləri sərgilənir. Xanımların arasında təqaüdçülər də var, tələbələr də, evdar qadınlar da... İstəyirik ki, xanımların əl işlərini göstərmək imkanı olsun, bu, onlara stimul versin. İnsan nə isə yaradanda onda stimul yaranır”.
Festival 2014-cü ildən bəri ildə iki dəfə keçirilir. Hər dəfə xanımların diqqətini cəlb etmək üçün müəyyən yenilik olur: “Keçən festivalda milli paltardayıq, bu dəfə ebru ustası xanım gəlib və burda master-klass keçir. Gələn dəfə başqa bir yenilik etmək istəyirik ki, gələnlərdə maraq oyatsın və daha çox insan cəlb olunsun. Festival iki gün keçirilir. İki gün ərzində burda söhbətlərimiz olur, bir-birimizdən nə isə öyrənirik. Yarımçıq işlərimizə davam edirik, tikirik, düzəldirik.
Əl işləri insanda həm də optimizm yaradır”.
Təranə xanım deyir ki, pessimizm xarakterdir, optimizm iradədir: "Yəni optimist olmaq üçün daha çox güc lazımdır. Bu qədər problemlərin arasında axşam beş dəqiqə də olsa nə isə bir şey tikirsən, düzəldirsən, onda hər şeyi unudursan, sakitləşirsən.
Əl işi ümumiyyətlə terapiyadır. Bir çox yerlərdə terapiya üçün bu üsuldan istifadə edilir. İnsanın gündə beş dəqiqə də olsa özü, daxili aləmiylə baş-başa qalmaq ehtiyacı var. Əl işi buna bir imkandır, vasitədir. Sən özünlə tək qalırsan və görürsən ki, tikə-tikə nəyisə dərk edirsən. Ürəyində problemləri götür-qoy edirsən, həll yolunu tapırsan. Düşünürəm ki, əl işləri həm də terapiya kimi xanımlarımız üçün faydalıdır.
Bütün günü kompüterin qarşısında, internetdə oluruq. İnsan canında bunun stressini hiss edir. Adicə qab yuyanda da stress atırıq, o ki qaldı əl işi... Sadəcə insan gündəlik həyatını elə qaydaya salmalıdır ki, bu kimi işlərə də vaxt ayıra bilsin”.
Festivalda hər bir xanım əl işlərinin düzüldüyü stendin arxasında dayanır və onu təqdim edir: “Hər dəfə əl işləri bir mövzu üzrə hazırlanır. Bu dəfə payız mövzusu qoymuşuq. Bir dəfə mövzu “Gözəl evim” idi, çox gözəl əl işləri ortaya çıxmışdı”.
Gözümüzə əlil arabasına məhkum xanımlar və bir bəy də dəydi: “Hə, festivalda fiziki qüsurlu insanlar da iştirak edir. Burda bütün xanımlar festivalı təşkil etdiyimiz yerin icarəsi üçün pul ödəyir. Ancaq biz əlilləri sadəcə iştiraka dəvət edirik. Onların da insanlarla görüşməyə, əl işlərini təqdim etməyə haqqı var.
Bu festival xeyriyyə məqsədilə keçirilmir. Hər kəs əl işlərini təqdim edir, satır və pulunu götürür”.
Könül xanımın sözlərinə görə, festivalda tələbat daha çox istifadəyə əlverişli olan əl işlərinədir: “Daha çox praktik əl işləri satılır. Mətbəx üçün yararlı əşyalar, şarf, bijuteriya, gündəlik istifadə olunan əl işləri daha artıq maraq doğurur. Festival zamanı əl işlərinin hamısı satılmır, qalır növbəti festivala.
Əl işlərinin qiyməti isə xərcinə və əziyyətinə uyğun müəyyənləşdirilir. Məsələn, mənim hazırladığım sırğaların qiyməti 2 manatdır”.
Belə müşahidə etdik ki, bahalı məhsullar milli atributların əks olunduğu əl işləridir. Məsələn, xanımlardan birinin şüşə boşqabın üstündə vitraj boyalarla təxminən bir həftə müddətdə hazırladığı əl işinin qiyməti 50 manat idi. Ondan bir qədər az zəhmətin çəkildiyi və az elementin əks edildiyi boşqab isə 25 manata.
Toxunma gəlincikləri 10-20 manata, bijuteriyaları 3 manatdan tutmuş 20-25 manata əldə etmək olardı. Mücrü, əlfəcin, qadın şarfları, müxtəlif taxta oymalar, yonma qələmlər, tablolar, balıqqulağından hazırlanmış suvenirlər və digər əl işləri də hər cibə uyğun qiymətdə idi.
Bununla da yekunlaşmırdı...
Festivala gələnlər çay içib xanımların hazırladığı şirin təamlardan da dada bilirdilər. Yəni kimin “özfəaliyyəti” nədən ibarətdisə, onu sərgiləyib pul qazanırdı. Kimə nə lazımdısa, ondan faydalanırdı. Könlü şəkərbura istəyən şəkərbura alırdı, şarf istəyən şarf...
Sevinc Fədai