Həkimlərin, tibb bacılarının mütəmadi olaraq kurslarda iştirakı, daim öz bilik və bacarıqlarını artırmaları önəmlidir.
Teleqraf.com-un Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin səyyar kollegiya iclasında cıxışı zamanı deyib.
Nazir bu gün insanların səhiyyə sahəsində çalışan, əyninə ağ xalat geyinən hər bir şəxsdən xüsusi qayğı, diqqət gözlədiyini bildirdi. Azərbaycanın bütün regionlarında insanların bu cür diqqət və qayğı ilə əhatə olunması üçün hər bir şərait yaradıldığını vurğuladı:
"Hazırda Bərdə Müalicə Diaqnostika Mərkəzinə gün ərzində 400-ə qədər insan müraciət edirsə, deməli, həqiqətən əhalinin yüksək səviyyəli səhiyyə xidməti ilə əhatə olunması üçün burada hər cür şərait var. Həmin insanlar vaxtilə sadə bir müayinə və ya əməliyyat üçün Bakı şəhərinə üz tuturdular. İndi isə burada ağır, çətin əməliyyatlar aparılır. Bir sözlə, təkcə şəhərlərimizdə deyil, bütün ölkədə səhiyyə inkişaf edir ".
müəyyən neqativ halların da olduğunu diqqətə çatdıran səhiyyə naziri tibb işçilərini insanlarla münasibətdə diqqətli olmağı tövsiyə etdi.
O.Şirəliyev ana ölümü hadisələrinin olmaması üçün hər bir həkimin məsuliyyətini dərk etməsinin zəruri olduğunu qeyd etdi.
Nazir sonda tibb işçilərinin sertifikasiyasını, rezidentura təhsil sisteminin tətbiqini yüksək səviyyəli kadrlar yetişdirilməsi və tibb işçilərinin biliklərinin artırması baxımından önəmli fakt kimi vurğuladı:
"Həkimlik çətin, ağır peşədir. Amma bu bizim sənətimizdir. Bu sənəti seçənlər bilməlidirlər ki, ağır xəstəsi də olacaq, gecə zəngləri, çətinlikləri də. Biz bunların hər birinin öhdəsindən layiqincə gəlməliyik ".