Teleqraf.com yazar Aysel Əlizadə ilə müsahibəni təqdim edir:
– Aysel xanım, Oşonu sevdiyiniz üçün elə sualı da onun fikri ilə başlamaq istəyirəm. Oşo Deyir milyonlarla insan toxum olaraq qalır, gül kimi açmır. Sizcə bizim cəmiyyət də belədirmi?
– Mütləq mənada belədi. Ancaq hər şeyin səbəbi var. Biz həmişə nəticədən danışırıq. Qapalı cəmiyyət olduğumuzu deyirik. Həyat tərzimizi, arzularımızı bacardığımız qədər gizləyirik. Səmimi yaşamaqdan qorxuruq. Bu, nəticədi. Səbəb isə odur ki, qapalılıq mentalitetlə bağlıdır, mentalitetə təsir edən dini ehkamlar, dini “olmazlar”dır. Qadağalar cəmiyyətin canına hopub. Ona görə də adamlar özləri olmaqdan getdikcə qorxublar. İstədiyin kimi yaşadıqca səni dışlamaqla, qınamaqla, hətta daha pis formada cəzalandıra bilərlər. Heç kim cəza istəmir. Azadlıq hər şeydən qiymətlidi - bədəli susmaq olsa belə... Bu səbəbdən də insanlar gül kimi açıla bilmirlər. Cəsarətli insanlar istisnadı.
– Dini dəyərlərin əsassız, arqumentsiz, zorakı dillə müdafiəsi qıcıq yaradırmı?
– Dini dəyərlərin inadkar ağılsızlıqla müdafiəsi qıcıq yaradır. Ziya Bünyadov Vasif Məmmədəliyevlə birgə Quranı dilimizə boş vaxtı olduğu üçün tərcümə etməyib. Edib ki, oxuyaq, anlayaq, sonra etiqad edək. Öpüb, başlarının üstünə qoyurlar, olsun. Bir də oxusunlar, təhlil etsinlər. Çox da kimsə orda hər şeyin yazıldığını, hər şeyin də yaxşı yazıldığını deyir. Bəlkə yalan deyir? Onu deyən də bizim kimi bir insandı. Hansı səbəbdən ona inanmalıyıq? Avropada təfəkkür dirçəlişi - ayılma nə zamandan başladı? Martin Lüter İncili tərcümə etdikdən sonra. Bir tərcümə aləmi bir-birinə qatdı. Protestantlıq yayıldı, adamlar artıq kor-koranə inanmırdılar, düşünürdülər, qəbul etmədikləri olurdu. Kilsənin nüfuzu zəifləyirdi. Kilsə özünü qorumağın çıxış yolunu inkvizisiya məhkəməsi qurmaqda gördü. Əks fikri təqib etməyə başladı. Bu təqib XVI əsrdən ta XIX əsrin əvvəlinəcən davam etdi. Minlərlə insan qitədən qaçdı, vəhşicəsinə öldürüldü. İnkvizisiya alovu nə qədər aydının işığının qarşısına keçdi. Ancaq bitdi. Qərb dünyası yenidən doğuldu. Söhbət ondan getmir ki, sən Quranı, İncili oxuyub mütləq ondan imtina edəcəksən. Əksinə də, ola bilər. Ancaq mütləq sən o kitabları oxuyub məzhəb, axund, hacı, məscid, kilsə, ziyarət, ayin asılılığından qurtulacaqsan. Ziya Bünyadov bu aydınlanmanın məsuliyyətini üzərinə götürmüşdü. Təkcə dini mövzuda yox, Azərbaycanın ərazi bütövlüyü, tarixi uğrunda çox böyük işlər görürdü. Quranı dilimizə ilk dəfə çevirən Mir Məhəmməd Kərim Ağa da dəfələrlə cihad təhlükəsi ilə üz-üzə qalıb. Milləti ayıltdığı üçün ona qəzəblənirdilər. Qadınları ev həbsindən çıxarıb oxutmaq təklifi verdiyinə görə adamın başına oyun açıblar. Dövrün ziyalıları, nüfuzlu şəxsləri qoruyublar onu.
Sovetlər qurulandan sonra gizli ruhanilər onun repressiya qurbanı olmasına nail oldular. Bu gün konstitusiya ilə hüquqları təmin olunan Azərbaycan qadını çox asanlıqla “çadranın təhsilə ziyanı yoxdu” deyə bilir. Bu ifadəylə o, xalqının keçib gəldiyi yolu ayaqlayır, çadrasını ataraq köləlikdən qurtulan cəsarətli qadınların haqqını yeyir. Bu yolda aydınların qurban verdikləri ömürlərini heçə sayır, onların ruhuna sayğı göstərmir. Qadının ev dustaqlığından xilas olub məktəbə, universitetə getdiyi 70 illik bir Azərbaycan tarixini də zibilliyə atır. Düşünmür ki, ona oxumaq, sevdiyi adama ərə getmək, cəmiyyətdə özünü ifadə etmək haqqını çadra yox, bütün bunlar verib. Bütün bunlar olmasaydı o hələ də Üzeyir bəyin yazdığı gündəydi. Onu indi Sərvərə yox, Məşədi İbada ərə verirdilər. Düşünmür ki, Məhəmməd Kərimin, Tağıyevin, Cabbarlının, Üzeyirin ruhunu ağrıdır. Onlar bugünkü Azərbaycanı görsələr nə qədər xoşbəxt olardılar kim bilir. Deyir yox, mən orta əsrlərdəki ərəb dövlət idarəçiliyinin ölkəmə tətbiq olunmasını istəyirəm.
– Aysel xanım, türkiyəli psixoloq Doğan Cüceloğlu deyir ki, insanın ana vətəni onun uşaqlığıdır. Bu, onun bütün sonrakı həyatına təsir edir. Bəzən düşünürəm ki, insanın aqressiyasının kökü uşaqlıqdadı...
– Əksər psixoloji və bioloji patologiyaların kökü dölün formalaşma dönəminə və insanın uşaqlığına gedib çıxır. Bu yaxınlarda bir transgenderlə söhbət elədim. İyirmi yaşı var. Deyir doqquz yaşımacan əziyyət çəkmişəm. Mənə oğlan əşyaları alırdılar, oğlan deyirdilər. Ancaq özümü başqa cür hiss edirdim. Gəlinciklərə marağım vardı, anamın bəzək əşyalarını sevirdim. Buna görə də gecələr ağlayırdım, əziyyət çəkirdim. Nə baş verdiyini başa düşmürdüm. 13-14 yaşımdan araşdırmağa başladım. Materiallar oxudum, hormon analizləri verdim. Məlum oldu ki, məndə qadın hormonları üstünlük təşkil edir, içimdə bir qadın yaşayır - kişi bədəninə həbs olunmuş qadın.
– Bunun psixoloji səbəbləri var?
– Məncə, mütləq var. Həmin gənclə xeyli danışdım. Məlum oldu ki, anası hamilə olanda çox gərginlik yaşayıb. Atası dəhşətli dərəcədə qısqanc adam imiş. Qadını qardaşları ilə danışmağa belə qoymurmuş. Gəldiyim nəticə budu ki, qadında kişi fobiyası yaranıb, bu bətninə ötürülüb və patologiya baş verib.
– Onları müdafiə edəndə cəmiyyət adamın üstünə gəlir, təbliğ etməkdə günahlandırır.
– Azərbaycanda belə təsəvvür var sanki homoseksuallığı, transgenderliyi təbliğ edib yaymaq mümkündü. Söhbət hormonal pozğunluqdan gedir, genetikadan gedir. Bunu necə yaymaq olar? Kim bizim kimi ölkədə bu həyatı könüllü seçər? Bizim ölkədə transgender olmaq hər şeydən məhrum olmaqdı. Təhqirdi, işsizlikdi, basqıdı, ayıb damğasıdı, uşaqların küçədə ələ salması, yekə-yekə adamların aşağılayıcı sözləri, ikrah dolu baxışlardı. Adamlara elə gəlir bu boyda ağrı və ağırlığın altına kimsə kefindən girir. Belə şey mümkünmü? Onlar bizim hetero (normal cinsəlliyi olan) saydığımız adamlarla görüşürlər axı. Bəs bu nə olsun? Kim daha saxtadı? Mən homoseksuallığın yayılmasını istəmirəm. Kişi və qadın kultum var. Ancaq adamlar anlamalıdılar ki, heç bir heteronu transgender etmək olmaz. Zorlanma nəticəsində homoseksuala çevrilənlər var. Bu, tamam ayrı mövzudu. Mübarizə üsulu da fərqlidi. Psixoloq, həkim müdaxiləsinə, ailənin qayğısına ehtiyac var. Bir ziyalı cinsi orientasiyasına görə insanı cəmiyyətdən kənarlaşdırmaq istəyirsə, onu bağıra-bağıra tənqid edirsə, demək hələ özü aydınlanmayıb. Mövzunu bilmir. Sivil ölkələrdə homo, trans, biseksuallara azadlıq ona görə verilib ki, bu hallar ciddi araşdırılıb. Onlar normal həyatlarını sürürlər. Baxırsan, alimdi, ancaq homoseksualdı. Biz isə onlara fahişəlikdən başqa seçim vermirik. Dünyada yüzlərlə elmi laboratoriyalar bu halı araşdırır...
– “Qadın peyğəmbər” kitabında ailə ilə bağlı müəyyən sullar qoymusuz. Ailə bədbəxtlik, ya xoşbəxtlik gətirir? Bu sualın cavabını tapmısızmı?
– Ailə dövlətin köməkçi qüvvəsidi. Kitabdan çıxan nəticə də budu. Qanunların tənzimlənməsinə, cəmiyyətin idarə olunmasına yardım edən institutdu. Fərdin özünə ailə yalnız sevdiyi adamla yaşamaq zövq verdikdə lazım olur.
– Bəs uşaq?
– Elə adam var cəmiyyətdən, dünyadan narazıdır. Bu cür savaşlı, aqressiv, qanlı-qadalı, çətin dünyaya insan gətirməyi məsuliyyətsizlik sayır. Bəlkə haqlıdı? Bəlkə də dünyanın elə bir dönəmi çatıb ki, insanlar bir müddət uşaq doğmaqdan imtina etməlidilər? Bu dönəmdə övlad istəməyən adamlar müdrik adamlardı. Bizim toplum ailə quranların başının üstünü kəsdirib soruşur: “ Bir şey-mir şey varmı?” Adamların yatağına burun soxmaq ayıbdı. O uşağı sən saxlamayacaqsan, sən böyütməyəcəksən, qayğısını çəkməyəcəksən, sən oxutmayacaqsan. Kim doğur, kim doğmur sənin nəyinə lazımdı?
– Uşağa da çox vaxt ayırmalı olursan. Onunla birlikdə bağçaya, məktəbə gedirsən. Yenidən böyüməli olursan...
– Övlad dünyaya gətirmək üçün insan hər mənada hazır olsun gərək. Sosial hazırlıqdan, psixoloji və tibbi hazırlığacan. Mən bu mənada planlaşdırmanın tərəfindəyəm. Qadınımız, kişimiz özü hazırlıqsız olduğu üçün böyütdüyü uşaqlar da natamam qalır. Analar oğullarını məişət əlili, qızlarını məişət köləsi kimi böyüdürlər. Sözsüz ki, belə olmayanlar da var.
– Qadını məişətdən necə azad etmək olar?
– İki adam bir yerdədisə bu münasibəti yüngülləşdirmək üçün bacardıqlarını etsinlər gərək. Oturub fikirləşmək gərəkdi, məişət işlərini necə həll edək? Necə edək ki, qadın yüklənməsin. Qadın özü təbiətən məsuliyyətli varlıqdı deyə məişət qayğılarını boş verə bilmir. Özünü aşsın. Boş versin. İşləsin, karyera qursun, özünə baxsın, idmana getsin. Hətta maaşını bütünlüklə evdə köməkçiyə verməli olsa belə özünü xilas üçün buna getməsini doğru sayıram.
– Niyə ikinci dəfə evləndiniz? Bu, sizə lazım idi?
– Dostlarım deyirdilər yəqin sən azadlığını itirməyəsən deyə ailə istəməzsən. Ancaq belə deyildi. Mən yalnız azadlığıma azadlıq verəcək kişi ilə birgəlik arzulayırdım. Belə də oldu. Biz bir-birimizi sevirik, anlayırıq, qəbul edirik. İkimiz də bu birgəlikdən daha böyük azadlıq qazanmışıq. Sözsüz ki, həyatındakı insan üçün özündə müəyyən korrektələr etməli olursan. Bu korrektədi, bunun mətnə - ilişkiyə ziyanı yoxdu, əksinə, daha gözəl edir. Mən əminəm ki, gerçək sevgi, doğru birlikdəlik insanı köləyə çevirə bilməz. Biz hər şeyi paylaşırıq, hər şeyi birgə yaşayırıq. Davalarımız da olur, inanılmaz xoşbəxt anlarımız da. İkimiz də bu birgəlikdən zövq alırıq.
– Ramin bəyə şərtlər qoymuşduz. Pozulsa boşanmaqdan çəkinməzsiz ki?
– Şərtlər simvolik idi. İnsanlarda önəm verdiyim təməl prinsipləri önə çəkmişdim. Onlara xəyanət yoxdu. Məişətdə pozulan şərtlər var. Ciddi deyil, həll olunandı. Ancaq təməl şərtlər pozulsa boşanmaqdan çəkinmərəm.
– Söhbətimizin əvvəlində cəhalətdən, xaosdan, gərginlikdən danışdıq. Bunlardan çıxış yolu nədi, sizcə?
– Bütün zamanlarda uğurun tək yolu maarifçilikdi, dövlətin dünyavi dəyərləri özündə əks etdirən dəmir qanunlarının işləməsidi, rüşvətsiz cəmiyyətdi, xalqın zəhmətkeşliyidi. Ancaq elita da toxluğu və sadəliyi ilə xalqa örnək olsun gərək. Mən maşınımı dəyişdirmək istəyirdim. Bir xəbər oxudum. Britaniyanın baş naziri xanımına işlənmiş, ucuz maşın hədiyyə etmişdi. Utandım. Biz məmurlarımızın həyatına, komfortuna, ədasına baxıb nimdaş, ucuz görünməmək üçün bir-birimizlə rəqabətə giririk. Bu çox ayıb bir şeydi. Pul cəmiyyətdə Allaha çevrilməli deyil. Nə etsən də xeyri olmayacaq sonra. Haramla pul qazanmaq rahatdı. İnsanlar bilməlidilər ki, zəhmətlərinin əvəzini ala biləcəklər. Zəhmətin hesabına qazandıqları pul güzaranlarına yetəcək. Onda asana qaçmayacaqlar. Taksi sürücüsü belə yolboyu qanunsuzluqdan şikayətlənib, düşəndə səndən 3 manatlıq yola görə 10 manat istəyirsə deməli, problem çox dərinə işləyib.
– Son olaraq, Bob Dilanın Nobel almasına münasibətiniz necədi?
– Mənə elə gəldi ki, Cim Morrison dirilib haqqını aldı. Onlar “ Protest art” formalaşdıran sənətkarlardı. Dünya intellektualları nəhayət ki, bu bəşəri mədəniyyətin haqqını verdi. Cim Morrison səhnədə soyunmuş, bütün klişeləri darmadağın etmiş adamdı. Dünyanın ən cəsarətli sənətkarlarından biri, bəlkə elə təkidi. O belə Bobdan təsirlənib. Dilanı dinləyib və dostarına “bu adam dahidi” deyib. Bu mükafat Bob Dilana yox, bütün o nəsilə, dünyəvi insan yetişdirən böyük bir mədəniyyətə verilib. Başqa tərəfdən, bu addımla musiqidə poeziya önə çəkildi, mətnin gücü, vacibliyi qabardıldı. Biz buna görə sevinməliyik. Bu, poeziyanın qələbəsidi.
Sevinc Fədai
Foto: Elçin Murad