3 Noyabr 2016 17:10
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

İllər öncə – 1995-ci ilin soyuq dekabr günündə Naxçıvandan Bakıya uçan təyyarənin qəzaya uğraması bütün ölkəni yasa batırmışdı. Təyyarədə ölən insanların acısı nə qədər ağır olsa da, o boyda fəlakətin içindən sağ-salamat çıxan Tahir və Toğrul Quliyev qardaşları yaralı ürəklərə məlhəm olmuşdu.

O məşum qəzada analarını itirən qardaşların həyat uğrunda savaşı tək ölkə mətbuatına yox, qonşu Türkiyə qəzetlərinə də manşet olmuşdu.

Bəs o qardaşlar indi hardadır, nə işlə məşğuldurlar, illər öncə başlarına gələn fəlakətin yaralarını necə sarıyıblar, onların sonrakı həyatı hansı məcrada davam edib?

Bu suallara yəqin siz də cavab tapmaq istəyərdiniz. Elə isə yaxın oturun, Teleqraf.com ölüm alovunun içindən salamat qurtulmuş Tahir və Toğrul Quliyev qardaşlarını tapıb.

“Əlimi atdım, əlimə bədəndən qopmuş baş gəldi”

Əvvəlcə Tahir danışmağa başlayır: “1995-ci ildə Naxçıvandan Bakıya – dayımgilə gəlirdik. Anam, mən, qardaşım. Miniyə hazırlıq, təyyarəyə çıxıb yerləşməyimiz – hamısı yadımdadır... Bircə qəza necə baş verdi, onu xatırlaya bilmirəm. Deyilənə görə, təyyarə ortadan çatlayıbmış. Çatlayan yerdə də mən oturmuşam, qəza baş verən zaman oturacağın altına girmişəm. Ayılanda gördüm gözüm-başım torpaqdır. Əlimi atdım, əlimə bədənindən qopmuş baş gəldi.

Bu vaxt hava limanının işçiləri tökülüşdülər. Meyitləri yan-yana düzmüşdülər. Məni qucaqlarına alıb apardılar, yerə ağ sərib meyitlərin yanına uzatdılar. Hardasa 15 dəqiqə keçəndən sonra bir oğlan gəlib məni xəstəxanaya apardı.

Mənə iynə vurdular, həmin gün də xəstəxanadan çıxartdılar. Amma qardaşım bir həftə orda qalmalı oldu. Anamız isə qəzada həyatını itirdi...”

Tahir fikrə gedir. Toğrul söhbətə qoşulur: “Elə bil anam öz həyatını bizə bağışladı. O, qardaşımla yanaşı oturmuşdu. Hamı deyir anam qardaşımı qucaqlayıb deyə ona heç nə olmayıb.

O vaxt danışırdılar ki, təyyarəçi çox ağıllı olub, hadisə baş verən zaman bakı açıb, benzini yerə boşaldıb, ona görə yanğın, partlayış baş verməyib. Elə etməsəydi, bizim heç külümüz də tapılmazdı. Pilotlardan biri isə həlak olmuşdu. Necə olmasın? Təyyarə elə parçalanmışdı ki, qanadı bir qıraqda, quyruğu bir tərəfdə qalmışdı”.

Tahir deyir ki, sinif yoldaşları onun öldüyünü zənn ediblər: “Mən birinci sinfə gedirdim. Hamı elə bilirmiş ki, qəzada ölmüşəm. Partadakı yerimə qərənfil qoyub ağlayırmışlar. Sağ qaldığımı biləndə çox sevindilər”.

Qardaşlar xəstəxanada görüşür

Toğrul olanları bir-bir yadına salır: “Gecə təyyarəyə mindik. Yadımda qalan odur ki, elə təyyarə tərpənəndən 5 dəqiqə sonra salonun işıqları söndü. Mən yəqin həmin vaxt huşumu itirmişəm. Gözümü açdım ki, toz-torpağın içindəyəm. Düşdüyüm, yerdə məndən başqa heç kim yox idi. Ayılan kimi anamı çağırdım. Bu zaman təyyarənin qırıqları arasından bir nəfər çıxdı. Üz-gözü qan içində idi, əlini belinə dayayıb, birtəhər yeriməyə başladı. Qorxmuşdum onda.

Yadımdadı, sonra bir maşın gəldi – “Qaz-24” idi. Polisdən, təcili yardım maşınından qabaq o gəlmişdi. Məni yerdə görəndə götürüb maşına qoydular. Çöldə olduğuma görə xəstəxanaya hamıdan qabaq məni çatdırmışdılar. Məni də aparandan sonra palataya bələkdə uşaq gətirdilər, ölmüşdü artıq. Yenə qorxdum, dedim bura ölən adamları gətirməyin, qorxuram.

Dedilər, yaxşı, bir uşaq var, ölməyib, qoy onu gətirək, sənin yanında uzansın. Razılaşdım. Bir də baxdım qardaşımdı. Heç kim bilmirmiş qardaşım olduğunu...”

Hadisənin səbəbi

Toğrul eşitdiyi ehtimalları sadalayır: “Deyirdilər, təyyarənin yükü ağır olub. Bir də şayiə gəzirdi ki, motorun biri xarabmış. Pilot bu barədə dispetçerə məruzə edib, o da deyib ki, heç nə olmaz, necə bir motorla gəlmisən, elə də qayıda bilərsən. Amma əsl səbəbi indiyədək öyrənə bilməmişik.

Nehrəm camaatı həmin reysin biletləri üstündə dava eləyirdi, hadisə olanda sonra həmin adamlar qurban kəsirmişlər ki, şükür Allaha, biz o təyyarənin içində olmamışıq”.

Sonrakı həyat

Bu qəzadan sağ çıxsalar da sonrakı həyatları alt-üst olub. Analarını itirən qardaşlar nə düz-əməlli təhsil ala biliblər, nə də bir peşəyə yiyələniblər. Onlar danışır ki, mərhum anaları elmə-təhsilə dəyər verən qadınmış. Qohum-əqrəbada analarının oxutduğu uşaqlar sonradan böyük mənsəb sahibi olublar. Onların təhsil yaşı çatanda isə anaları yanlarında deyilmiş...

Hazırda ikisi də çanaq antenlərin quraşdırılması ilə məşğul olur. Şükür deyirlər, bir tikə çörəyimizi tapa bilirik, amma dolanışıq çətindi. Elə bu səbəblərə görə də Toğrulun ailəsi dağlıb, Tahir isə 28 yaşı olmasına baxmayaraq, subaydır.

Bu qəzaya görə əvvəllər hər dəfə təyyarədən istifadə edəndə onların ikisindən bir biletin pulunu alırmışlar, sonra bu güzəşti də ləğv eləyiblər. Başlarına gələn dəhşətli faciəyə görə isə qardaşlara heç bir təzminat ödənməyib.

Bizim gücümüz yazmağa çatır, ümid edirik ki, ölümün ağzından qurtulan qardaşlar gündəlik qayğıların da hücumuna sinə gərə biləcəklər.

Sevinc Fədai

Mövlud Mövlud


Müəllif:

Oxşar xəbərlər