Moldova Azərbaycanlıları Konqresinin sədri, iş adamı, xeyriyyəçi Vüqar Novruzov bu ölkənin ali dövlət mükafatına layiq görülüb. Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, V.Novruzov Moldovanın ali dövlət mükafatı – “Respublika” ordeni ilə təltif olunub. Noyabrın 11-də Moldovanın dövlət iqamətgahında mükafatın təqdimat mərasimi keçiriləcək.
Qeyd olunur ki, “Respublika” ordeni Moldovada vətənin və cəmiyyətin inkişafı naminə bütün sahələrdə xüsusi xidmətləri olan şəxslərə təqdim edilir.
Vüqar Novruzov 1962-ci ildə Laçın rayonuda anadan olub. 1980-ci ildən Moldovada yaşayan V.Novruzov Moldova Dövlət Universitetinin hüquq fakultəsinin məzunu, hüquq elmləri doktorudur. O, 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olur, hazırda “Azmol Company” şirkətinin baş direktorudur.
V.Novruzov 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan V.Novruzov Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Səxavət