İstirahət günü üçün gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Abşeronda bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-19° isti olacaq.
Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.