15 Noyabr 2016 21:52
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 14-də Tarix İnstitutunda “Azərbaycan və Türkiyə orta məktəblərində tarixin öyrədilməsi məsələləri (müqayisəli təhlil)” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müzakirəsi olub.

İnstitutdan Teleqraf.com-a daxil olan məlumata görə, dissertasiya işinin müəllifi Türkiyənin Atatürk Araşdırma Mərkəzinin (ATAM) sədr müavini Nihat Büyükbaşdır. N.Büyükbaşın elmi rəhbəri isə AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

N.Büyükbaş öz dissertasiyasında türk dünyasında tarixin yazılması, Azərbaycan və Türkiyədə təhsil tarixi, tarix tədrisi və tarix fənninin öyrədilməsi işinin bugünkü vəziyyəti haqqında ətraflı tədqiqat aparıb.

Dissertasiya işində Azərbaycan Respublikasındakı tarix tədrisinin daha çox milli əsaslara dayandığı, Azərbaycan orta məktəb dərsliklərində türk dövlətlərinin tarixinin kompleks şəkildə, qərəzsiz və obyektiv əks olunduğu göstərilib.

Müzakirədə təklif olundu ki, tarix tədrisi üzrə Azərbaycanın qabaqcıl təcrübəsi qardaş Türkiyədə və digər türk respublikalarında da tətbiq olunmalıdır.
ATAM-ın sədr müavini müzakirədə qeyd edib ki, Yaqub Mahmudov kimi alimlər sayəsində Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra cəsarətlə yeni konsepsiyaya keçib, vaxt itirmədən öz tarixini gənc nəslə olduğu kimi öyrətməyi bacarıb.

Türkiyəli alim öz elmi işində ortaq türk tarixinin yaradılması yolunda aparılan tədqiqatlara da toxunub.

Y.Mahmudov yekun çıxışında bildirib ki, bugünkü dünyada ortaq türk tarixinin yazılması olduqca mühüm və əhəmiyyətlidir: “Bu dissertasiya işi “Ortaq türk tarixi” layihəsi çərçivəsində tarix elminə dəyərli töhfədir”.

Xatırladaq ki, 2013-cü ildə Tarix İnstitutu ilə ATAM arasında elmi, mədəni və digər müxtəlif istiqamətli əlaqələri əhatə edən birgə əməkdaşlıq protokolu imzalanıb və beləliklə “Ortaq türk tarixi”nin yazılmasına başlanıb.


Müəllif:

Oxşar xəbərlər