Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Mahmud Kaşqari" Fondunun yaranmasının 10 illiyi və bu münasibətlə təsis olunan “Mahmud Kaşqari” mükafatının təqdimetmə mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən “Mahmud Kaşqari” Fondunun prezidenti Elxan Zal Qaraxanlı Fondun 10 il ərzində gördüyü işlərdən, qarşılaşdıqları çətinliklərdən danışıb.
O bildirib ki, təsis edilən mükafat türk dünyası qarşısında xidmətlərə, o cümlədən messenantlıq fəaliyyətinə görə təqdim olunacaq: “Fondun 10 illik fəaliyyəti dövründə ona mənəvi və maddi dəstək olmuş, türk dünyası qarşısında xidmətləri olan şəxslər mükafatlandırılacaq. Əlbəttə, bu, son mükafatlandırma deyil. İçində Tanrı törəsi olan hər bir türk “Kaşqari” medalına layiqdir”.
Daha sonra qaliblərə mükafat təqdim olunub.
Bu sırada tanınmış şair və ictimai xadim Sabir Rüstəmxanlı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, tanınmış messenant “Tovuz” xeyriyyə cəmiyyətinin sədri Musa Süleymanov, Azərbaycan şairləri Əjdər Ol və İbrahim İlyaslı, həmçinin Türkiyə yazıçısı İmdad Afşar kimi tanınmış şəxslər var.
Sabir Rüstəmxanlı Mahmud Kaşqarinin həyat və yaradıcılığından, onun gördüyü işlərdən danışıb: “Azərbaycanda “Mahmud Kaşqari” Fondunun yaradılması ciddi və əlamətdar hadisədir. Azərbaycan türk dünyasının həmişə mərkəzlərindən biri olub, yəqin bundan sonra da elə olacaq. Kaşqari din və dünya dilçilik elmi tarixində nadir şəxsiyyətdir. O Bağdatda yaşaya-yaşaya deyirdi ki, Allahın yerdəki gücü türkdür. Mənə təqdim olunan bu medal türk dünyasının yer üzündə var olmasına təməl yaratmış böyük kişilərdən birinin adını daşıyır. Ona görə bu medalı böyük məmnunluqla qəbul edir və Fonda təşəkkür edirəm”.
Hikmət Babaoğlu belə bir medala layiq görülməsini böyük məsuliyyət kimi dəyərləndirib: “Mən bu medalı Azərbaycan mediası adına alıram. Çünki belə bir mükafata layiq görülmək böyük məsuliyyətdir. Düşünürəm ki, bu məsuliyyəti Hikmət Babaoğlu imzası tək başına qaldıra bilməz. Mahmud Kaşqari türk dilinin keşiyində durmuşdu, onun yazdığı əsərlər türkologiya elminin bəlkə də başlanğıcı, bu günki dilimizin canlı abidəsidir. Dilin qorunmasında ədəbiyyatla yanaşı mətbuatın da xidmətləri var. Əminliklə deyə bilərəm ki, bu ənənəni Azərbaycan mətbuatı da layiqli şəkildə davam etdirir”.
Əjdər Ol ikinci dəfə bu mükafata layiq görülməyin sevincini yaşadığını bildirib: “Sevinirəm ki, Kaşqari mükafatına ikinci dəfədir layiq görülürəm. Kaşqari elə bir şəxsiyyət olub ki, onun adını daşıyan medal peşəsindən asılı olmayaraq türk dünyası adına işlər görən hər bir türkə verilə bilər. O baxımdan bu mükafatı qəbul etmək mənim üçün şərəfdir”.
Sonda bildilib ki, gələn il Mahmud Kaşqari adına Beynəlxalq Fond Dünya Türk Yazarlar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə Bakıda Mahmud Kaşqariyə həsr olunmuş geniş beynəlxalq konfransı keçirəcək.
Nərmin
Foto Elçin Murad