25 Noyabr 2016 20:53
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Mətbuat Şurasında Asif Bəkirlinin “İnsan resurslarının idarə edilməsi: nəzəriyyədən praktikaya” kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, mərasimdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov son vaxtlar ölkədə çap olunan kitabların sayının və tirajının artmasının sevindirici hal olduğunu bildirib. Ancaq Ə.Amaşov qeyd edib ki, bu, heç də həmin kitabların keyfiyyətli olmasına dəlalət etmir: “Çox təəssüf ki, bəzi insanlar məzmununda səhvlər olsa belə öz kitablarını çox asanlıqla çap etdirirlər. Bununla belə qeyd etməliyəm ki, son vaxtlar çap olunan kitabların bir hissəsi kifayət qədər keyfiyyətli kitablardır. Müəyyən problemə həsr olunur, o problem həm daxili, həm beynəlxalq müstəvidə araşdırılır, həmçinin, beynəlxalq təcrübə ilə Azərbaycandakı təcrübə çulğalaşır. Beləliklə də hanısısa problemin həllinə müəyyən dərəcədə kömək etmiş olur. Biz bu gün həmin kitablardan birinin təqdimatına yığışmışıq. İctimai-siyasi həyatda Asif Bəkirlini tanımayan yoxdur. Kitabda müəllifin son 10 ildə ölkənin aparıcı qəzetlərində işıq üzü görən məqalələri toplanıb”.

Ə.Amaşov bildirib ki, yeni nəşrdə insan resurslarının beynəlxalq idarəetmə sistemləri ilə bağlı vəziyyət öz əksini tapıb: “İnsan resurslarının keyfiyyətlə idarə olunması məsələsi Asif müəllimin çalışdığı SOCAR-ın timsalında yeni təcrübə meydana gətirir. Beynəlxalq idarəetmə sistemində həyata keçirilən bir sıra məqamlar SOCAR-dakı təcrübələrlə çulğalaşıb və belə bir kitab ərsəyə gəlib. Təkilf edirəm ki, bu kitabı hamımız oxuyaq. Bu kitab yalnız neftçilər üçün deyil. Bu kitab eyni zamanda iqtisadçılar, kənd təsərrüfatı ilə məşğul olan mütəxəssislər, əziz həmkarlarım, eyni zamanda Azərbaycan jurnalistləri, redaktorlar üçündür. “Redaksiyalarda insan resurslarından necə istifadə olunur və necə istifadə olunsa daha böyük uğur gətirə bilər” kimi suallara bu kitabda aydınlıq gətirilir. Mən inanıram ki, kitab eyni zamanda jurnalistikanın inkişafına da, onun iqtisadi bazasının inkişaf etməsinə də öz töhfəsini verəcək. Mən hamınıza bu kitabı oxumağı tövsiyə edirəm”.

Müəllif Asif Bəkirli bildirib ki, Azərbaycanın istənilən ucqar bir kəndində, istənilən bir məktəbində təhsil alan vətəndaş bu gün SOCAR-da hətta şöbə rəisi səviyyəsində olan vakansiyada iştirak edib həmin vəzifəni tuta bilər: “Biz bunu tam alnıaçıq, üzüağlıqla qeyd edə bilərik. Bu gün SOCAR-da işə qəbul məsələsi şəffaf, ədalətli və müsabiqə əsasında tam tənzimlənib. Hazırda SOCAR-da işə qəbul prosesində vətəndaşın tutduğu mövqe, əqidəsi, mənsubiyyəti və digər məsələlər heç bir rol oynamır. Yalnız bilik, bacarıq və səriştə əsas götürülür”.
Müəllif bildirib ki, yalnız və yalnız insan resurslarının düzgün idarə edilməsi ilə nəyəsə nail olmaq olar: “Əks təqdirdə nə qədər maddi, texniki resursların olmasından asılı olmayaraq həmin yerdə heç bir uğurdan söhbət gedə bilməz”.

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli iştirakçıların çox ciddi bir əsərin müzakirəsinə yığışdıqlarını bildirib: “Bu kitabın təkcə adından məlum olur ki, söhbət insandan gedir. Hazırda Azərbaycanda insan resurslarından istifadə, insanın öz karyerasını qurması məsələsi çox ciddi bir məsələdir. Prezident İlham Əliyevin “biz neft kapitalını insan kapitalına çevirməliyik” tezisi hamının çox yaxşı yadındadır. Bu kitab həmin tezisin yerinə yetirilməsi anında bir məqamdır. Kitab həm də xeyli dərəcədə publisistika ilə bağlıdır və maarifləndirmə işinə xidmət edir. Bu, Azərbaycanda hər kəsin oxumalı olduğu bir kitabdır”.

Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Turizm və Menecment Universitetinin menecment kafedrasının müdiri İsrayıl İsgəndərov, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov, yazıçı-publisist Orxan Fikrətoğlu, detektiv yazıçı Elxan Elatlı, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli kitabın məziyyətləri barədə fikirlərini bildiriblər.

Sonda çıxış edən müəllif təqdimat mərasimini yüksək səviyyədə təşkil etdiklərinə görə Mətbuat Şurasının sədri Əflatun Amaşova və şuranın idarə heyətinin üzvlərinə, həmçinin tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bidlirib.

Qeyd edək ki, Asif Bəkirli 1964-cü ildə Göyçay rayonunda neftçi ailəsində anadan olub. Əmək fəaliyyətinə çilingər kimi başlayıb. 1989-cu ildən etibarən ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etməklə yanaşı, gənc mütəxəssis kimi neft sənayesində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildən SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma departamentinin direktoru işləmiş A.Bəkirli 2011-ci ildən etibarən qurumun baş ofisinin İnsan Resursları Departamentinin rəisi vəzifəsində çalışır. 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib. 2016-cı ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Müəllifin “İnsan resurslarının idarə edilməsi: nəzəriyyədən praktikaya” kitabı 2016-cı ildə “Elm və Təhsil” nəşriyyatında çap olunub.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər