Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) IV növbədənkənar hesabat-seçki qurultayı keçirilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Azərbaycan və Türkiyə media qurumlarının, yerli özünüidarəetmə orqanlarının, Kocaeli valiliyinin nümayəndələri, TADEF-ə üzv olan və əməkdaşlıq edən təşkilatların təmsilçiləri və digər qonaqlar iştirak edib.
Disaporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, TADEF sədri Bilal Dündar təşkilatın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verərək bu layihələrin Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə, Azərbaycanın Türkiyədə, eləcə də, dünyada daha da yaxından tanıdılmasına, ortaq problemlərin həlli istiqamətində birgə fəaliyyətə xidmət etdiyini bildirib.
B.Dündarın hesabatından sonra Nəzarət-Təftiş Komissiyasının hesabatları ilə bağlı səsvermə keçirilib və yekdilliklə qəbul edilib. Daha sonra səsvermə əsasında İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilib, B.Dündar növbəti müddət üçün yenidən federasiyanın rəhbəri seçilib.
Qurultay Prezident İlham Əliyevə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb.
Səxavət