“2017-ci ilə həmkar itkisi ilə başlamaq çox ağırdır. “Vesti.az” saytının əməkdaşı, istedadlı qələm sahibi Namiq İbrahimovun vaxtsız vəfatı məni də çox sarsıtdı”. Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib.
Şura sədri N.İbrahimovu “Zerkalo” qəzetindəki fəaliyyətindən tanıdığını vurğulayıb: “Müxtəlif mövzuda qələmə aldığı məqalələrdə hadisə və proseslərə dərin analitik yanaşması, həssas duyumu, incə təhlil qabiliyyəti ilə fərqlənirdi. Eyni dəst-xəttini “Vesti.az”da da davam etdirən jurnalistin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları auditoriyaya çatdırma tərzini xüsusi vurğulamaq istərdim. Nəzərə alsaq ki, ümumən Azərbaycan jurnalistinin konfliktə dair dünya ictimaiyyətini məhz ölkəmizin mövqelərini əsas tutaraq məlumatlandırması hər zaman müstəsna önəm daşıyıb, bunu səlist rus dilində edə bilmək sıradan məsələ sayıla bilməz. Namiq belə bir bacarığı ilə seçilən həmkarlarımızdan idi”.
Ə.Amaşov daha sonra deyib: “Qətiyyətlə demək olar ki, Namiq İbrahimovun yoxluğu Azərbaycan jurnalistikası üçün böyük itkidir. Xüsusən də rusdilli mediamızın bu gün üçün özünün ən parlaq nümayəndəsini itirdiyini söyləmək mümkündür. Namiq əsl jurnalist idi və həmkarlarının, dostlarının, onu tanıyan hər kəsin xatirində əsl jurnalist kimi qalacaq. Mərhum həmkarımızın ailə üzvlərinə, doğmlarına, əzizlərinə dərin hüznlə başsağlığı verirəm. Məkanı cənnət olsun. Allah rəhmət eləsin!”
Qeyd edək ki, tanınmış jurnalist Namiq İbrahimov uzun sürən xəstəlikdən sonra yanvarın 4-də dünyasını dəyişib. 1970-ci il təvəllüdlü N.İbrahimov “Zerkalo” və digər rusdilli mətbuat orqanlarında çalışıb. Son 1 ildə “Vesti.az” İnformasiya Agentliyində redaktor olub.
Səxavət