24 Yanvar 2017 18:31
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun tribunasından Ermənistan-Azərbaycan sərhədində silahlı toqquşma zamanı həlak olmuş azərbaycanlı əsgər Çingiz Qurbanovun cəsədinin qaytarılması ilə bağlı çağırış edib.

Teleqraf.com xəbər verir ki, “Azad müzakirələr” zamanı çıxış edən millət vəkili AŞPA-nı şəhid Çingiz Qurbanovun cəsədinin Azərbaycana qaytarılması istiqamətində səylərini artırmağa çağırıb: “Baş katib cənab Yaqlanda təşəkkür edirəm. Çünki Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland dekabrın sonunda Azərbaycan -Ermənistan sərhədində silahlı toqquşma zamanı həlak olmuş, şəhid Çingiz Qurbanovun cəsədinin qaytarılması ilə bağlı narahatlıq ifadə edib və cəsədin təxirə salınmadan geri qaytarılmasına çağırış edib. Bununla bağlı Azərbaycan dövləti və Qızıl Xaç cəmiyyətinin də çalışmaları var. Amma təəssüf ki, bu günə qədər bu istiqamətdə müsbət irəliləyiş yoxdur. Biz buradan cənab Yaqlandın çağırışına müsbət cavab verilməsinə və cəsədin geri qaytarılmasına çağırırıq”.

Qənirə Paşayeva çıxışında Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də girovluqdan azad edilməməsi məsələsinə toxunub və AŞPA-nı onların azad olunması istiqamətində səylərini artırmağa çağırıb: “Biz cənab Yaqlanda və cənab Aqramunda Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində verdikləri açıqlamalara və çalışmalarına görə də təşəkkür edirik. Təəssüf ki, onların azadlığa buraxılması istiqamətində hələ ki heç bir müsbət irəliləyiş yoxdur. Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi onların azadlığa buraxılması istiqamətində assambleyamızdan səyləri daha da artırmalarını gözləyirlər”.

Deputat AŞPA-da Azərbaycan və nümayəndə heyətimiz əleyhinə çıxış edən Ermənistan millət vəkili Farmanyana da cavab verib: “Onun Azərbaycan və dövlətimizin AŞPA-dakı nümayəndə heyəti əleyhinə yanlış fikirlərini kəskin qınayırıq və assambleyamıza bu cür doğru olmayan fikirlərin söylənməsinin yanlış olduğunu xüsusi vurğulamaq istəyir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər