Sosial şəbəkələrdə Tovuz Şərab Zavodunda istehsal olunan “Nizami”, “Şah İsmayıl” konyaklarının fotoları paylaşılıb. Bu adda spirtli içkilərin istehsalı cəmiyyətdə birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı zavodun direktoru Naiq Məmmədhəsənov Teleqraf.com-a açıqlama verib.
Onun sözlərinə görə, zavod 2005-ci ildə Naqoya şəhərində keçirilən tədbirdən sonra bu adlarda konyak istehsal etməyə qərar verib: “Yaponiyanın qrantı hesabına tender keçirilirdi. Tədbirdə Qafqaz stendi düzəltmişdilər. Stenddə Ermənistan, Gürcüstan və Azərbaycan təmsil olunurdu. Ölkəmizdən yeganə bizim məhsul nümayiş olunurdu. Gürcüstan və Ermənistan nümayəndələri Azərbaycana aid nə vardısa, öz adlarından təbliğ edirdilər. Gürcülər düyü, pambıq, nar, meyvə qurularını, ermənilər isə “Babək”, “Şah İsmayıl” şərabını öz məhsulları kimi göstərirdilər.
O tərəf-bu tərəfə qaçdım, izah etməyə çalışdım ki, bu adlar bizimdir, amma gördüm xeyri yoxdur. Azərbaycana qayıdan kimi “Babək” “Nizami” “Şah İsmayıl” adında konyak istehsal etməyə başladım”.
Zavod rəhbəri deyir ki, bu adlarla konyak istehsal etməkdə məqsədi tarixi şəxsiyyətləri təbliğ etməkdir: “Adların konyaka verilməsini düzgün hesab etməyən insanlar bizi sevməyənlərdir... Ermənilər “Babək”, “Nizami”, “Çinar” adında şərab və konyak istehsal edib dünyaya yayırlar. Deyirlər, Babək ərəblərə qarşı vuruşub, bizimdir, Şah İsmayıl bizimdir, Osmanlılara qarşı vuruşub.
Tarixi şəxsiyyətlərimizi mənimsəyirlər. Biz niyə təbliğ etməyək? Nizamı din xadimi olmayıb. Məni qınayan insanlar gedib, Nizaminin “İsgəndərnamə”sini oxusunlar. Orada şəraba məhəbbət duyğuları yer alıb, tibbi faydasından bəhs olunub. Şah İsmayılın da süfrəsində şərab qədəhləri olub. Bunlar Azərbaycanın sivil mədəniyyəti və tarixidir.
Bu tarixi heç bir Kütləvi İnformasiya Vasitəsi təbliğ edilmir. Biz isə onları konyakın üzərinə vurmuşuq ki, təbliğ olunsun. Konyak vodka, pivə, şərab deyil ki, sərxoşlar içsin. Bunu elit insanlar içir. Mən o adlarla konyak istehsal etdim və elit adamlara göndərdim, bəyəndilər”.
Naiq Məmmədhəsənov deyir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Babək” patentinə qadağa qoyulub: “Komitə 2013-2017-ci il mart ayına kimi “Babək” patentini mənə qadağan etdi. Onları məhkəməyə verdim, amma yenə qalib gəldilər.
Mən pul qazanmaq istəsəydim arağa rus adları yazıb, buraxardım. Daha bilmirlər o rus arağının 80 faizi Çində tullantı spirtlərdi. Rusiya gətirilir və oradan Azərbaycana, Ermənistana, Gürcüstana ötürülür”.
Zavodun direktoru “Nizami”, “Şah İsmayıl” konyaklarının istehsal trajlarının artacağını da qeyd edib: “Mən qərar vermişdim, “Nizami” “Şah İsmayıl” konyakların sayını azaldacaqdım, amma bu gündən sonra istehsal trajını artıracam. Həyatımı qoymuşam, “Qarabağ”, “Şuşa”, “Sarı gəlin” adlı konyaklar istehsal etmişəm. Dünyanın bir çox ölkələrində qızıl medal alıb. Bu yoldan məni heç kəs döndərə bilməz”.
İlhamə ƏBÜLFƏT